Müəmmalar haləsinə
bürünən xanəndə ömrü
XIX əsr musiqi mədəniyyəti tariximizdə iz
qoyan sənət adamlarından biri də xanəndə Səttardır.
Sənətkarın həyat və sənətinin coşqun
çağları Tiflis şəhərində keçir.
Onun haqqında günümüzə gəlib çatan məhdud
məlumatlar dövri mətbuat səhifələrində,
şair və yazıçıların əsərlərində
yer alıb.
Mənbələrdə xanəndənin valideynləri,
təvəllüdü və vəfatı barədə səhih
məlumat demək olar ki, yoxdur. Aleksandr Barnov “Köhnə
Tiflisin musiqiçiləri” kitabında qeyd edir ki, Səttar təxminən
XIX əsrin 20-ci illərində Cənubi Azərbaycanın
Ərdəbil şəhərində dünyaya göz
açıb. Erkən çağlardan musiqiyə maraq
göstərib. El şənliklərində muğam və
xalq mahnılarını böyük həvəslə və
diqqətlə dinləyib. Bir müddət sonra Şərqin
görkəmli şairlərindən Sədi Şirazi, Hafiz
Şirazi, Məhəmməd Füzuli və
başqalarının qəzəlləri üstündə
muğam və təsnifləri ustalıqla ifa edib. Məlahətli
səsi və mahir ifası ilə xalqın sevimlisinə
çevrilib.
Bir müddət sonra onun İslam ehkamlarına
qarşı çıxdığı iddia olunaraq Ərdəbil
ruhaniləri tərəfindən təqib edilir. Bütün bunlara
tab gətirə bilməyən Səttar doğma şəhərini
tərk etməyə məcbur olur. Əvvəlcə Təbrizə,
daha sonra Tehrana gedir. Bir neçə il İran şahı Məhəmməd
Mirzənin sarayında xanəndəlik edir. O burada bir neçə
il fəaliyyət göstərdikdən sonra səyahət
üçün şahdan icazə istəyir. 1844-cü ildə
Naxçıvan şəhərinə gəlir. Hörmətlə
qarşılanan sənətkarın şərəfinə
geniş məclislər qurulur. Məclislərin birində Azərbaycan
musiqisini sevən və onu yüksək qiymətləndirən
məşhur gürcü şairi Nikolaz Barataşvili
(1817-1845) ilə tanış olur. Bu tanışlıqdan məmnun
qalan şair rəfiqəsi Maiko Orbelianiyə
yazdığı məktubda Səttarın sənətkarlığından
da bəhs edir. Onun son dərəcə gözəl səsi
olduğunu bildirir.
Araşdırmalarda qeyd edilir ki, N.Barataşvilinin evində
təşkil edilən poeziya və musiqi gecələrində
Səttar böyük məharətlə öz sənətini
nümayiş etdirir. Məclislərdə iştirak edən
Naxçıvan xanının qızı Qönçə bəyim
bir neçə şeirini oxuyur. Onun şeirlərini
N.Barataşvili gürcü dilinə çevirir. Səttar isə
həmin bədii nümunələri Azərbaycan və
gürcü dillərində oxuyur.
Səttar uzun müddət Naxçıvanda qalır.
Ancaq Tiflisin musiqi həyatı onu çox maraqlandırır.
Bir müddətdən sonra İrəvana, 1845-ci ildə isə
Tiflisə gedən xanəndə bənzərsiz səsi ilə
musiqisevərlərin rəğbətini qazanır. Hətta
Tiflisdə yaşayan rus və italyan musiqiçiləri Səttarı
öz konsert-tamaşalarına dəvət edirlər. O, 1847-ci
ildə italyan skripkaçısı, Tiflis teatr orkestrinin
dirijoru Malaqollinin konsertində muğam ifa edərək dinləyicilərin
qəlbini oxşayır. Tiflisdə çıxan “Qafqaz” qəzeti
onun ifaçılığını yüksək qiymətləndirir.
Musiqişünas L.Yapşevski yazır: “Konsertin sonunda cənab
Malaqolli tərəfindən dəvət olunan müğənni
Səttar bəy öz dəstəsinin müşayiəti ilə
oxudu. Biz avropalılarda bu musiqi böyük maraq oyatdı. Gələcəkdə
mən bu musiqi haqqında ətraflı danışacağam”.
Mənbələrdə xanəndənin 1853-cü ildə
Tiflisdə təşkil olunan beynəlmiləl konsertdə məşhur
skripkaçı Millerlə çıxış etdiyi də
bildirilir.
Səttar rəngarəng repertuarında geniş yer
alan “Zəminxarə”, “Dəşti”, “Rahab”, “Şüştər”,
“Bayatı-İsfahan”, “Rast”, “Çahargah”
muğamlarını böyük ustalıqla ifa edib. Çox
vaxt Azərbaycan nəğmələrini rus, ləzgi və
gürcü dillərində də səsləndirib. Tiflisdə
xalq şənlikləri ilə yanaşı, Qafqaz
canişininin iqamətgahında verilən rəsmi ziyafətlərə
də dəvət olunub. Səttarın sənətkarlığı
daha geniş miqyasda tanınıb, İran, Osmanlı və
Rusiya hökumətləri onu orden və medallarla təltif
edib.
Görkəmli şair Seyid Əzim Şirvani də bir
müxəmməsində onun ifasından aldığı
zövqü dilə gətirib. Məşhur fransız
yazıçısı Jül Vern “Arxipelaq alovlanır” əsərində
Səttarın səsini yüksək qiymətləndirib. Rus
generalı M.Olşevski isə “Tiflis gündəliyi”ndə Səttardan
bəhs edib, onun bütün Gürcüstanı heyran qoyan məşhur
müğənni olduğunu göstərib.
Onu da qeyd edək ki, xanəndənin obrazı “Səbuhi”
(1941) bədii filmində yer alıb.
Tiflisdə vəfat edən sənətkar şəhərin
müsəlman qəbiristanlığında dəfn olunub.
Savalan Fərəcov