Bakı payızının kino
havası
“Baku Cinema Breeze” beş festival layihəsini bir araya gətirib
Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi
ilə oktyabrın 2-dən 8-dək ölkəmizdə ilk dəfə
“Baku Cinema Breeze” (BCB) adlı böyük film festivalı
keçiriləcək. “Baku Cinema Breeze” indiyədək
ayrı-ayrılıqda təşkil olunan bir sıra
tanınmış festivalları bir araya gətirərək
dünya kinematoqrafiyasının şedevrlərini
nümayiş etdirmək üçün vahid şəbəkə
rolunu oynayacaq.
Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində
festivalın açılış mərasimi olacaq. Tədbirdə
müvafiq dövlət qurumlarının rəhbərləri,
yaradıcı sektorun təmsilçiləri, beynəlxalq və
yerli təşkilatların nümayəndələri, yüzlərlə
yaradıcı şəxs, şirkətlər və ictimai
birliklər iştirak edəcəklər.
Festival çərçivəsində Şərq
ölkələrinin filmlərinin dünyaya
tanıdılması üçün vacib bir platforma rolunu
oynayacaq “Omarket” (Şərq ölkələrinin kino marketi) də
təşkil olunacaq. “Omarket”in açılışı
oktyabrın 3-də Heydər Əliyev Mərkəzində
reallaşacaq.
Qeyd edək ki, festival müddətində Nizami Kino Mərkəzində,
“CineMastercard Azərbaycan” kinoteatrında, “YARAT” Müasir
İncəsənət Məkanında, “Kapellhouse Baku”,
“Landmark” və “YAY Gallery” məkanlarında paytaxt sakinləri
və şəhərimizin qonaqları, ümumilikdə
bütün kinosevərlər üçün film
nümayişləri təşkil olunacaq.
Tədbirin məqsədi Azərbaycanı regionda kino sənayesinin
mərkəzi kimi tanıtmaq, kino mədəniyyətini
inkişaf etdirmək və yerli ekosistemi bir çətir
altında birləşdirməkdir.
“Baku Cinema Breeze” festivalı ABŞ, Kanada, Hindistan,
Niderland, Türkiyə, Almaniya, Portuqaliya, BƏƏ,
Yunanıstan, Koreya, Gürcüstan, Estoniya və digər
ölkələrdən kino sənayesi nümayəndələrini,
həmçinin dünya kinematoqrafiyasının
tanınmış simalarını Azərbaycanda bir məkana
toplayacaq.
Qeyd edək ki, audiovizual sənayenin inkişafı məqsədi
daşıyan festival Mədəniyyət Nazirliyinin
“Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində
həyata keçirilir.
İndi isə BCB çətiri altında təşkil
olunacaq festivallar barədə.
Türkdilli ölkələr arasında animasiya
körpüsü
2-4 oktyabr tarixlərində Bakıda ilk dəfə
Türk Dünyası Beynəlxalq Animasiya Festivalı (ATA
festivalı) keçiriləcək.
Türkdilli Animasiya Assosiasiyası və TÜRKSOY-un təşkilatçılığı,
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi,
ARKA-nın dəstəyi ilə “Baku Cinema Breeze” Festivalı
çərçivəsində keçirilən tədbirin məqsədi
türkdilli ölkələr arasında animasiya sənəti
vasitəsilə əməkdaşlıq, innovasiya və mədəni
mübadilələri təşviq etməkdir.
Festival çərçivəsində Türk
dünyasından görkəmli rejissorların ustad dərsləri,
türk respublikalarının kino sənayesi ilə
bağlı dəyirmi masalar keçiriləcək. Türk
dünyası animasiyasına töhfələrə görə
xüsusi mükafatlar da təqdim olunacaq.
VII ANİMAFİLM festivalı
2-6 oktyabr tarixində paytaxtımızda VII
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.
“Azərbaycan” kinoteatrında keçiriləcək festival Azərbaycan
Animasiya Assosiasiyası və “Peri Film” MMC-nin təşkilatçılığı,
Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası
Kino Agentliyinin təşkilati dəstəyi ilə BCB
festivalı çərçivəsində baş tutacaq.
ANİMAFİLM-in builki mövzusu “Sevgi”dir. Animasiya
duyğuları vizual ifadə etməyə imkan verdiyindən
sevgi məfhumunu əhatəli çatdırmaq
üçün mükəmməl bir vasitədir.
Festivalın müsabiqə proqramına bu il 2 beynəlxalq
və 2 yerli kateqoriya üzrə 37 ölkədən 196 film
daxil olub. Seçim komissiyası bütün filmləri dəyərləndirərək
müsabiqə şərtlərinə uyğun gələn 18
ölkədən 48 filmin iştirakını məqbul
sayıb. Onlardan 12 film yerli, 36 film isə beynəlxalq
kateqoriyalarda yarışacaq. Filmlər beynəlxalq münsiflər
heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək,
qaliblər festivalın bağlanış mərasimində
elan olunacaq.
“Dünya ölkələrindən sevgilərlə”
adlı müsabiqədənkənar proqramda Portuqaliya,
Yunanıstan, Gürcüstan və Çexiyadan animasiya əsərləri
təqdim olunacaq. Bundan əlavə, animasiya həvəskarları
ATA festivalı ilə əməkdaşlıq çərçivəsində
“ATA: Türk dünyasından seçilmiş animasiya filmləri”
kolleksiyasını da izləmək şansı əldə edəcəklər.
Festival çərçivəsində həmçinin məşhur
Avropa müəlliflərinin əsərləri əsasında
çəkilmiş animasiya qorxu antologiyası silsiləsindən
olan “Qırmızı dəmir yolu” serialı da nümayiş
etdiriləcək.
Festivalın sonuncu – peşəkarlar üçün
proqramında isə yerli animasiya film layihələri təqdim
olunacaq və beynəlxalq münsiflər heyəti, eləcə
də xüsusi qonaqlarla görüşlər, ustad dərsləri
və vörkşoplar təşkil ediləcək. Proqram
çərçivəsində məşhur özbək
rejissoru Dante Rustavın, “Netflix” və “Apple TV”nin kanadalı
animatoru Matthev Lyonun, rəngarəng üslubu ilə seçilən
peşəkar illüstrasiyaçı Leyla Əlinin,
İngiltərədə yaşayan “Stop motion” rejissoru Ayan
Novruzun ustad dərsləri də festivala rəng qatacaq.
Bakı Beynəlxalq Film Festivalı daha da
böyüyüb
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis
etdiyi Bakı Beynəlxalq Film Festivalı 15-ci dəfə
keçiriləcək. 4-8 oktyabr tarixlərində baş
tutacaq festival bu il BCB festivalının bir hissəsidir.
Açılış mərasimi oktyabrın 5-də
saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.
Festival çərçivəsində Almaniya, Fransa,
İtaliya, İngiltərə, Koreya, Çin, Hindistan,
Kolumbiya, Rusiya, Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Gürcüstan,
Moldova, Xorvatiya, İran – ümumilikdə 26 ölkədən
79 film Nizami Kino Mərkəzində beş gün müddətində
saat 11:00-dan etibarən nümayiş olunacaq. Giriş sərbəstdir.
Yubiley yaşına bir sıra yeniliklərlə gələn
festival bu ildən tammetrajlı filmlərin müsabiqəsini də
keçirir. Festivalın beynəlxalq müsabiqə
proqramında debüt tammetrajlı bədii və qısa filmlər
yarışacaq.
Yerli müsabiqə proqramına qısametrajlı bədii,
sənədli filmlər və sosial çarxlar qəbul olunub.
Tələbələr ayrıca nominasiyada yarışmaq
imkanı qazanacaqlar. Ümumilikdə yerli müsabiqədə
25 ekran əsəri yarışacaq.
Müsabiqədənkənar proqramlardan olan “Dili bizim”də
xaricdə yaşayan həmvətənlərimizin Azərbaycan
dilində çəkdikləri filmlər nümayiş
olunacaq.
Festivalın “British Council”la əməkdaşlığı
nəticəsində bu il də BAFTA mükafatına namizəd
filmlərin xüsusi nümayişi təşkil olunacaq.
Həmçinin “TRT Sinema”nın müdiri Faruk Güvənin
təqdimatı, birgə film istehsalı ilə bağlı
fikir mübadiləsi, “Kömür” filminin Azərbaycan
premyerası, həmçinin ustad dərsləri, yerli və
xarici film nümayişlərindən sonra müəlliflərlə
müzakirələr həyata keçiriləcək.
Festivalın əsas mükafatı “Qızıl nar”la
yanaşı, bəzi nominasiyalar üzrə qaliblərə
xüsusi mükafat və diplomlar da təqdim olunacaq.
Qeyd edək ki, Gənc Kinematoqrafçılar Mərkəzi
tərəfindən təsis edilən festival əvvəlki illərdə
“START” adı ilə fəaliyyət göstərib.
“DokuBaku” – 8-ci dəfə
1-7 oktyabr tarixlərində VIII “DokuBaku” Beynəlxalq Sənədli
Film Festivalı keçirilir. Festivalın builki mövzusu
“iCosmos”dur. Festivalın mərkəzində personajların
taleyini formalaşdıran, həm ani, həm də gecikmiş
seçimlərin nəticələrini araşdıran hekayə
səyahəti dayanır. Hər bir fərd daxili kosmosa, daxili
azadlıq və harmoniya dünyasının unikal əksinə
malikdir. Zaman və məkanda səyahət edərkən,
daxili kosmosumuz ətrafımızdakı dünya təcrübəmizi
formalaşdırır...
“DokuBaku” festivalı Höte İnstitutu (Almaniya), YARAT
Müasir İncəsənət Məkanı, Azərbaycan
Fotoqrafları Birliyi və Azərbaycan Kinematoqrafçılar
İttifaqının tərəfdaşlığı ilə
gerçəkləşir.
Əsası 2017-ci ildə qoyulan festivalın builki
proqramında onlarla ölkədən təqdim olunmuş 200
film arasından seçilmiş 72 film yer alıb.
Finalçılar 36 ölkəni təmsil edir. Ekran əsərləri
“Landmark”, “Cineclub”, “Kapellhaus Baku” və Nizami Kino Mərkəzində
Azərbaycan subtitrləri ilə orijinal dildə nümayiş
olunur.
“Fikir çəkmə, telefona çək!”
Bu il ikinci dəfə keçirilən CINEMO – Beynəlxalq
Mobil Film Festivalı da “Baku Cinema Breeze”in festival havasına
qoşulub.
Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi
ilə “Fikir çəkmə, telefona çək!” devizi
altında ötən ildən keçirilən festival BCB
çərçivəsində öz təqdimatlarını
reallaşdıracaq.
Festivalın əsas proqramı isə dekabr ayında təqdim
olunacaq.
Bu layihə yalnız mobil telefon ilə çəkilmiş
və festivala qəbul edilmiş bütün filmlərin
canlı nümayişini keçirən festival kimi fəaliyyətə
başlayıb. Festivalın adı “Cinema” sözünün
analogiyası olmaqla, “CINEma” və “MObile” sözlərinin birləşməsindən
əmələ gəlib.
CINEMO kinematoqrafik hekayələr yaratmaq
üçün ən son texnologiyalardan yararlanmaqla mobil
telefondan istifadə edən istedadlı və yaradıcı
kinorejissorları, mobiloqrafları, kinematoqrafları dəstəkləmək
məqsədi daşıyır. Festivalda xarici və yerli filmlər
yarışır.
Lalə Azəri
Mədəniyyət.-2024.-
2 oktyabr(№73).- S.1;3.