Kitabla böyük
görüş yeddi gün sürəcək
X Bakı Beynəlxalq Kitab Sərgisinin 18 ölkədən
qonaqları var
Oktyabrın 2-də paytaxtımızda növbəti
kitab bayramı başlanır. Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə X Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International
Book Fair – 2024) bir həftə – oktyabrın 8-dək Bakı
Ekspo Mərkəzində davam edəcək.
2009-cu ildə əsası qoyulan beynəlxalq sərgi
bu il həm daha geniş iştirakçı (ölkə)
coğrafiyası, həm də çoxsaylı tədbirləri
ilə kitabsevərlərin, kitabla bağlı olan hər kəsin
– yazanın, nəşr edənin, satanın, oxuyanın,
oxuduqlarını təhlil və tənqid edənlərin
görüşünə gəlir.
Bu barədə sentyabrın 30-da X Bakı Beynəlxalq
Kitab Sərgisi ilə bağlı mətbuat konfransında ətraflı
məlumat verildi.
Mədəniyyət Nazirliyi Media və kommunikasiya
şöbəsinin müdiri Aynur Kərimova bildirdi ki, builki
yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri
Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının
530 illiyinə həsr edilib. Bakı Ekspo Mərkəzində
keçiriləcək sərgi müəyyən edilmiş
indekslər üzrə regionun ən böyük kitab
festivalıdır.
Nazirliyin Kitab sənayesi şöbəsinin müdiri
Akif Marifli vurğuladı ki, sərgidə 4 qitəni təmsil
edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya
və kitab sənəti ilə əlaqəli müəssisə
iştirak edəcək.
Sərgidə Azərbaycanla yanaşı, Türkiyə,
İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan,
Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş,
Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və
Monqolustandan tanınmış yazıçı və
şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər.
Qeyd olundu ki, ötən üç ildə beş
gün davam edən kitab bayramı bu dəfə yeddi gün
sürəcək. Sərgi çərçivəsində
uşaqlar və böyüklər üçün ustad dərsləri,
kitab təqdimatları, imza günləri, konfranslar,
simpoziumlar, müsabiqələr, qiraət və musiqi
saatları formatında ümumilikdə 327 tədbir
keçiriləcək. Bu statistika Bakı Beynəlxalq Kitab Sərgisinin
15 illik tarixində ən yüksək göstəricidir.
Diqqətə çatdırıldı ki, sərgidə
dünyaşöhrətli irland yazar Con Boyn və alman yazar
Vulf Dorn “fəxri qonaq” qismində iştirak edəcəklər.
Con Boyn dünyanın 46 dilinə tərcümə
olunan 25 kitabın müəllifidir. İrland yazar ilə
görüş oktyabrın 3-də saat 11:00-da sərgi məkanın
“Füzuli” təqdimat zonasında olacaq.
Vulf Dorn Almaniyanın psixoloji triller janrında ən
populyar yazıçılarından hesab olunur. Debüt əsəri
olan “Psixiatr” ona böyük şöhrət qazandırıb.
Sərginin Almaniyadan daha bir yazar qonağı Fəriba
Vəfi olacaq. Cənubi Azərbaycanın Təbriz şəhərində
anadan olan yazıçı Almaniyanın nüfuzlu
“LiBeraturpries” ədəbi mükafatına layiq
görülüb.
Sərginin fəxri yazarı Rövşən
Abdullaoğlu beynəlxalq sərgilərin yazarlar
üçün əhəmiyyətindən
danışıb, Bakı Beynəlxalq Kitab Sərgisinin bu mənada
diqqətəlayiq platforma olduğunu deyib.
“Qanun” nəşriyyatının rəhbəri
Şahbaz Xuduoğlu kitab oxuma mədəniyyətindən
söz açıb, ölkəmizdə kitab sənayesinin
mövcud vəziyyəti barədə fikirlərini
bölüşüb. Bildirib ki, “Qanun” nəşriyyatı sərgidə
endirimli qiymətlərlə oxuculara kitablar təqdim edəcək.
Sonra media nümayəndələrinin sualları
cavablandırılıb.
Xatırladaq ki, sərgi zamanı gün ərzində
ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28
May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə
xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin
ediləcək. Sərgi hər gün səhər saat 10:00-dan
axşam saat 20:00-dək ziyarət üçün açıq
olacaq. Sərgiyə giriş ödənişsizdir.
X Bakı Beynəlxalq Kitab Sərgisi haqqında daha ətraflı
məlumat bakubookfair.az saytında.
Lalə
Mədəniyyət.-2024.-
2 oktyabr(№73).- S.1;2.