Təsviri sənət
sahəsində əlaqələrə mühüm töhfə
Mədəniyyət Nazirliyində “Xəzər”
Biennalesinin iştirakçıları ilə görüş
Uzunillik fasilədən sonra Bakıda beynəlxalq təsviri
sənət layihəsi – “Xəzər” Biennalesi bərpa olunur.
Sentyabrın 30-da Mədəniyyət Nazirliyində
“İncəsənətdə və abstrakt sənətdə
antibiznes” mövzusunda “Xəzər” Biennalesi çərçivəsində
Bakıda səfərdə olan bir sıra ölkələrin
rəssamlar ittifaqlarının təmsilçiləri ilə
görüş keçirilib.
Görüşdə İbrahim Vəlixocayev (Özbəkistan),
Nərgiz Həmidova (Tacikistan), Umirbek Jubaniyazov (Qazaxıstan),
Laslo Lelkes (Macarıstan), Quram Sertsvadze (Gürcüstan), Ankara
Rəsm və Heykəl Muzeyinin direktoru Erdem Akkurt və Azərbaycan
Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad
Xəlilov iştirak ediblər.
Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli
“Xəzər” Biennalesi platformasının əhəmiyyətini
qeyd edib. Bildirib ki, layihə çərçivəsində Xəzəryanı
və digər ölkələrdən rəssamlar, kuratorlar və
ekspertlərin bir araya gəlməsi diqqətəlayiq hadisədir.
Biennale ölkələrimiz arasında təsviri sənət
sahəsində əlaqələrin genişlənməsinə
öz töhfəsini verir, təcrübə mübadiləsinə
münbit şərait yaradır.
Çıxış edən qonaqlar da biennalenin mədəni
mübadilənin dərinləşməsində rolunu
vurğulayıb, birgə sərgilərin keçirilməsinin
faydalı olacağını bildiriblər.
Söhbət zamanı “Xəzər” Biennalesinin əhatə
dairəsinin genişlənməsindən məmnunluq ifadə
olunub.
Görüşün sonunda xatirə şəkilləri
çəkdirilib.
Xatırladaq ki, Bakıda “Xəzər” Biennalesi ilk dəfə
1989-cu ildə, ikinci dəfə 2013-cü ildə
keçirilib.