Turan Cavidin xatirəsi ata
ocağında yad edilib
Oktyabrın 2-də Hüseyn Cavidin Ev-Muzeyində
mütəfəkkir ədibin qızı Əməkdar mədəniyyət
işçisi, görkəmli muzeyşünas,
teatrşünas Turan Cavidin (1923–2004)
anadan olmasının 101-ci ildönümü münasibətilə
tədbir keçirilib.
Muzeyin direktoru filologiya elmləri doktoru Gülbəniz
Babaxanlı qeyd edib ki, əgər böyük Cavid
özündən sonra Azərbaycan ədəbiyyatını
son dərəcə zənginləşdirən ölməz əsərlər
qoyub getdisə, Turan xanım da bu əsərlərin son
mükəmməl nəşrini hazırlayıb öz
xalqına təhvil verdi. Onun illər boyu üzərində zəhmət
çəkərək araya-ərsəyə gətirdiyi “əsər”lərdən
biri də Hüseyn Cavidin Bakıdakı ev-muzeyidir. Turan
xanım Cavid irsinin böyük himayəçisi Ümummilli
liderimiz Heydər Əliyevin yaxından köməyi və bir
rəhbər kimi qayğısı nəticəsində bu
muzeyi yaradaraq cavidsevərlərin ixtiyarına verdi.
Turan Cavidin anadan olmasının 101-ci
ildönümü münasibətilə muzeydə mühafizə
edilən materiallar əsasında sərgi də tərtib
olunub.
Mədəniyyət .- 2024.- 4 oktyabr(№74).- S.6.