Ədəbiyyat
İnstitutunun gündəmi: Füzulidən Nəbi Xəzriyədək
“Dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” ölkə
başçısının sərəncamına uyğun
olaraq AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda görülən işlər və
qarşıda duran vəzifələr oktyabrın 1-də
institutun Elmi şurasının iclasında nəzərdən
keçirilib.
AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun
direktoru akademik İsa Həbibbəyli bildirib ki,
Füzulişünaslıq sektorunda ədiblə bağlı
tədqiqatlar aparılıb, konfranslar keçirilib. Oktyabr
ayında AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin
təşkilatçılığı ilə Məhəmməd
Füzuliyə həsr olunan konfrans keçiriləcək.
Bundan əlavə, Türkiyənin Qazi Universiteti ilə birgə
konfrans təşkil olunacaq. Dekabr ayında isə
İraqın Kərkük şəhərində Məhəmməd
Füzuliyə həsr olunan konfransda AMEA da təmsil olunacaq.
İsa Həbibbəyli Azərbaycan alimlərinin
Özbəkistanda və Qazaxıstanda Məhəmməd
Füzuliyə həsr olunmuş tədbirlərdə
iştirak etdiklərini də diqqətə
çatdırıb.
İclasda Prezident İlham Əliyevin 2024-cü il 9
sentyabr tarixli “Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi
haqqında” sərəncamından irəli gələn vəzifələr
haqqında da müzakirələr aparılıb. Qeyd edilib ki,
Ədəbiyyat İnstitutunda şairin
yaradıcılığına dair dissertasiya müdafiə
olunaraq kitab ərsəyə gətirilib. Ədəbiyyat
İnstitutunda Nəbi Xəzrinin
yaradıcılığına həsr olunmuş konfransın
keçirilməsi ilə bağlı tapşırıq
verilib.
Elmi şurada “Ədəbi proses – 2024”
yaradıcılıq müşavirəsinə hazırlıq
barədə Ədəbi tənqid şöbəsinin
müdiri filologiya elmləri doktoru Vaqif Yusifli, 2024-cü il
üçün doktorantura və dissertanturaya qəbul barədə
Təhsil şöbəsinin müdiri dosent Günay Qarayeva məlumat
veriblər.
Mədəniyyət .- 2024.- 4 oktyabr(№74).- S.6.