Torpağı Vətən edənlər

 

 

Yadelli qəsbkarlar, məkrli qonşularımız zəngin yeraltı-yerüstü sərvətləri, əsrarəngiz gözəllikləri ilə gözoxşayan Vətənimizə həsəd aparıb, ona sahib çıxmaq istəyiblər. Növbəti dəfə SSRİ-nin dağılması ilə yaranan tarixi şəraitdən istifadə edən erməni millətçiləri silahsız xalqımıza qarşı təxribata başladı. Qəflətən baş verən hücumlar nəticəsində bir çox kənd və şəhərimiz dağıntılara məruz qaldı. Bu haqsızlıqla barışmayan elin igid oğulları dərhal silaha sarıldılar. Həmin igid oğullardan biri də şəhid Fərman Məmmədovdur.

Fərman Umud oğlu Məmmədov 14 oktyabr 1968-ci ildə Ağdam rayonunun Kolanı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılır. Hərbi xidmətdə ikən Qarabağda erməni separatizmi baş qaldırmışdı. Ərazilərimizin işğal ssenariləri qurulurdu. Belə bir məqamda Fərman Ağdama qayıtmaq, yaradılan müdafiə bölüyünə yazılmaq fikrinə düşür. Günlərin birində xəlvətcə hərbi hissədən ayrılır. Bakı-Ağdam qatarı ilə yola çıxır...

Səhər obaşdan döyülən qapını atası Umud kişi açır. Qarşısında Fərmanı görüncə bir anlıq dayanır. Nə deyəcəyini və nə soruşacağını belə unudur. Onun baxışlarından Vətənin dar günündə kənarda qala bilməyəcəyi niyyəti duyulur.  Fərman içəri keçir və anası Mələk xanımla görüşür. Anası da onun baxışlarındakı narahatlığı hiss edir...

Elə həmin gün Fərman N saylı hərbi hissəyə gedir. Sonradan Vətən uğrunda böyük fədakarlıq edib canından keçərək Milli Qəhrəman adını alan Şirin Mirzəyevin rəhbərlik etdiyi könüllü bölüyə yazılır. Həmin bölük bir neçə hərbi əməliyyatlarda uğurla iştirak edir. Erməni tör-töküntüləri aldığı hərbi zərbələrdən geri çəkilir. Ancaq döyüş bitmir. “Sarı qaznaq” əməliyyatı Fərmanın son döyüşü olur...

Şəhidin qardaşı Elman Məmmədov deyir ki, “Fərman qardaşım olduğu üçün demirəm, o, çox ürəkli, cəsur bir gənc idi. Qorxmadan düşmənin üstünə gedirdi. Sonuncu kəşfiyyat xarakterli əməliyyatda 5 döyüş yoldaşı ilə düşmən arxasına keçir. Məqsəd düşmənin yerləşmə və hərəkət planları haqda məlumat toplamaq olur. Əməliyyat uğurlu alınır. Geri dönərkən Sırxavənd kəndi yaxınlığında 50-60 nəfərlik erməni əsgərləri ilə qarşılaşırlar. Qeyri-bərabər döyüş olur. Fərman əldə etdikləri məlumatları hərbi hissə rəhbərliyinə çatdırmaq üçün döyüş yoldaşlarına deyir: “Məlumatı rəhbərliyə çatdırmalıyıq. Mən düşmənin qarşısını kəsəcəm, siz atəş açmadan uzaqlaşın. Düşmən sizin hansı istiqamətə getdiyinizi bilməməlidir”. Yoldaşları onu tək qoymaq istəmirlər. O, israr edir, atəş aça-aça yerini dəyişir və geri çəkilir. Bu zaman ayağından yaralanır. Özünü ələ alır, düşməni azdıraraq onlardan uzaqlaşır. Gecənin qaranlığında xeyli yol qət edir. Daşlı-kəsəkli, kollu-koslu yollar onu tamam yorur. Çox qan itirir və zəifləyir. Çətinliklə də olsa, özünü hərbi hissəyə çatdırır. Əlini yerə söykəyərək sakitcə oturur və huşunu itirir...”.

Cəsur kəşfiyyatçı Fərman Məmmədov gözünü Ağdam hərbi hospitalında açır. Həkimlər çox qan itirən döyüşçüyə ilkin tibbi yardım göstərirlər. Buna baxmayaraq onun vəziyyəti getdikcə ağırlaşır. Ona görə də həkimlərin rəyi ilə Fərman Bakıya, hərbi hospitala gətirilir. Həkimlərin səylərinə rəğmən onun həyatını xilas etmək mümkün olmur.

Qəhrəman döyüşçü 13 oktyabr 1992-ci ildə, 24 yaşının tamamına bir gün qalmış Qarabağ nigarançılığı ilə dünyaya gözünü yumur, şəhidlik zirvəsinə yüksəlir...

...Deyirlər, torpaq o vaxt Vətən olur ki, onu qanınla suvarır, sümüyünlə bərkidirsən. 2020-ci ildə Azərbaycan Ordusu II Qarabağ müharibəsində cənnət Qarabağ torpaqlarını bir daha qanı ilə suvardı. Düşməni qarşısında diz çökdürdü. Ərazilərimizi mənfur düşməndən azad etdi şanlı Qələbə qazandı. Bununla Fərmanların timsalında bütün şəhidlərimizin nigaran ruhu rahatlıq tapdı. İndi Qarabağda böyük quruculuq işləri gedir. Axarlı-baxarlı, toylu-düyünlü günlər geri dönür...

 

Savalan Fərəcov

Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.6.