“İpək Yolu ruhu
ilə...”
Çində azərbaycanşünaslıq üzrə
ilk elmi konfrans
“İpək Yolu ruhu ilə Çin-Azərbaycan
münasibətlərini möhkəmləndir!” – Pekin Xarici
Dillər Universitetinin (PXDU) təşkilatçılığı
ilə sentyabrın 28-də keçirilən azərbaycanşünaslıq
üzrə elmi konfrans belə adlanıb. Tədbirin məqsədi
Çində Azərbaycanın tarix və mədəniyyətinin
tanıdılmasına, iki xalq arasında mədəni əlaqələri
dərindən araşdırmasına töhfə verməkdir.
PXDU-nun prorektoru Gao Qanq konfransın iki ölkə
arasında akademik mübadiləni təşviq etmək, “Bir kəmər,
bir yol” əməkdaşlığını birgə irəlilətmək
baxımından əhəmiyyət
daşıdığını diqqətə
çatdırıb, rəhbərlik etdiyi ali təhsil
ocağının Azərbaycan universitetləri ilə əməkdaşlığından
danışıb, bu çərçivədə
qarşılıqlı tələbə mübadiləsinin
reallaşdığını deyib.
Azərbaycanın Çindəki səfiri Bünyad
Hüseynov konfransın Azərbaycan ilə Çinin elmi-mədəni
dairələrinin daha da yaxınlaşmasına önəmli
töhfə verəcəyinə əminliyini bildirib. O, iki
ölkə mədəniyyətinin qarşılıqlı təbliğinə
yönəlmiş tədbirlərin, Azərbaycanda Konfutsi
institutlarının fəaliyyəti də daxil olmaqla Çin
dilinin, Çində isə Azərbaycan dilinin tədrisinin əhəmiyyətini
vurğulayıb.
Çinin Azərbaycandakı müvəqqəti
işlər vəkili Dinq Tao, AMEA-nın prezidenti İsa Həbibbəyli,
BDU-nun rektoru Elçin Babayev videomüraciət formatında
Çində ilk azərbaycanşünaslıq elmi konfransının
işinə uğurlar arzulayıblar.
Çin Dövlət Şurası yanında
İnkişaf Mərkəzinin Avrasiya Cəmiyyəti
İnkişafı üzrə Tədqiqat İnstitutunun direktor
müavini Sü Taonun “Çin-Azərbaycan münasibətləri
tarixin ən yüksək dövründə”, Xəzər
Universitetinin təsisçisi və qəyyumlar
şurasının sədri Hamlet İsaxanlının “Azərbaycanda
və daha geniş regionda Çinin imici – Çin ilə Azərbaycan
arasında tarixi əlaqələr”, Çin İctimai Elmlər
Akademiyası Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya
Tədqiqat İnstitutunun Mərkəzi Asiya şöbəsinin
direktoru Ganq Ninqin “Çin-Azərbaycan strateji tərəfdaşlıq
münasibətləri” mövzularında əsas məruzələri
dinlənilib.
“Azərbaycan dili ədəbiyyatı və təhsili”,
“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində
Çin-Azərbaycan əməkdaşlığı”,
“Çin-Azərbaycan mədəniyyət və
sivilizasiyalararası münasibətləri” mövzularında
bölmə iclaslarında ümumilikdə 44 çinli və
azərbaycanlı alimin, o cümlədən gənc tədqiqatçının
məruzələri təqdim edilib.
Mədəniyyət .- 2024.- 4 oktyabr(№74).- S.6.