Qədim
xalçalarımız necə bərpa olunur?
Azərbaycanda xalça sənəti qədim
zamanlardan məlumdur və bu xalça nümunələri
muzeylərimizdə, əsasən də Azərbaycan Milli
Xalça Muzeyində qorunub saxlanılır.
Xalçalarımız forma, toxunma texnikası, süjet,
ornament, rəng və kompozisiya rəngarəngliyi ilə
seçilir. Lakin zamanın və başqa amillərin təsiri
ilə bu dəyərli eksponatlar korlana bilir. Bu zaman bərpaya
ehtiyac yaranır. Milli Xalça Muzeyində saxlanılan
xalçaların bir çoxu Muzey Sərvətləri və
Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin
Tətbiqi incəsənət şöbəsində bərpa
və konservasiya olunur.
***
Muzeydən Elmi Bərpa Mərkəzinə daxil olan,
öz qədimiliyi və maraqlı görünüşü
ilə diqqəti cəlb edən xalçalardan biri
“Əjdahalı” (“Xətai”) xalçasıdır. XVII əsrə
aid xalça Heydər Əliyev
Fondu tərəfindən 2013-cü ildə xaricdən ölkəmizə
gətirilərək muzeyə təqdim edilib. Xalça
amerikalı kolleksiyaçı mərhum Qrover Şiltsin həyat
yoldaşı Beverli Şilts tərəfindən hədiyyə
olunub.
Kompozisiyanın əsas elementləri ona təkrarolunmazlıq
bəxş edən müxtəlif formalı özünəməxsus
dişciklərlə əhatə olunmuş,
aşağıdan yuxarıya doğru istiqamətlənmiş
geniş, uzunsov qollar və ya budaqlardır. Bu cür
xalçalar “Əjdahalı” xalçalara aid edilir. Əjdaha təsviri
türk xalqlarının incəsənətində çox
geniş yayılıb. Əjdaha obrazı rəmzi xarakterli
olub, Azərbaycan xalçaçılığında
xüsusi yer tutur. Xalçalarımızda əjdahanın
müxtəlif formaları var. Bu obrazın stilizə
olunmuş fərqli təsvirləri Azərbaycanın xovsuz və
xovlu xalçalarının kompozisiya quruluşlarında qədim
zamanlardan toxunub. Onların ən parlaq nümunələri
XVI-XVII əsrlərin Qarabağ xalçalarında yer
alır.
Bərpa üçün mərkəzə daxil
olmuş xalçanın kompozisiyası ara sahədən ibarətdir.
Ara sahənin yerliyində 3 ədəd rombvari medalyon, qarmaqvari
həndəsi elementlər yerləşir. Xalçanın
yerliyi yeyilmiş, əsasınadək sürtülmüş
formada idi. 2014-cü ildə gələn xalça, bərpaçı-rəssam
Sima Quliyeva tərəfindən bərpa və konservasiya olunub.
Qeyd edək ki, bərpa prosesində, ilk növbədə,
eksponatın növü, tərkibi, materialı və s.
öyrənilir. Sonrakı mərhələdə bərpa və
yaxud konservasiya ehtiyacı müəyyənləşdirilir.
Adıçəkilən xalça tərkibində qələvi
olmayan səthi aktiv maddələrlə (uşaq sabunu və.
s) təmizlənib, xüsusi başlıqlı tozsoran ilə
quru təmizləmə prosesindən keçirilib.
Süzülmüş, sökülmüş və zədələnmiş
hissələri uyğun saplar vasitəsilə bərpa olunan
eksponat şahmatvari üslubda uyğun əsasa bərkidilib.
Son mərhələdə isə preslənmə prosesi həyata
keçirilərək eksponatın bərpası tamamlanıb.
***
Milli Xalça Muzeyindən mərkəzə bərpa
üçün daxil olan XVII əsrə aid xalçalardan
biri də vərnidir. Azərbaycanda geniş
yayılmış xovsuz xalça növü olan vərninin
strukturu üç əsas ipdən ibarətdir: əriş,
arğac və naxış əmələ gətirən ip. Vərninin
naxışı “qayıq” texnikası ilə toxunur.
Naxış əmələ gətirən ip iki cüt ərişin
ətrafına, sonra isə bir daha sonuncu cütün ətrafına
dolanır və beləliklə, ilmələr salınır.
Hər bir ilmə çinindən sonra alt, ya üst arğac
“doyumlu” keçirdilir. İlmələr bütün çinlərdə
soldan-sağa yan-yana salınaraq paralel – birtərəfli
düzülüş yaradır. Yaranmış əyri
sırıqlar bir səmtə istiqamətlənərək
xalçanın bütün səthini örtür. Nəticədə
naxış əmələ gətirən ip xalçanın
üz tərəfini təşkil edir. “Naxış ipləri”nin
ucları arxa tərəfə çıxarılmır,
arğacların arasında itir.
Qarabağ vərniləri bir neçə nümunədə
toxunur. Onların içərisində ən məşhur
olanının kompozisiyası bir-birinin yanında yerləşdirilmiş
səkkizəbənzər böyük elementlərdən ibarətdir.
Bu mürəkkəb və orijinal element mifoloji səciyyə
daşıyır və əjdahanı ifadə edir. Həm qədim
dövrlərdə, həm də Orta əsrlərdə Orta
Asiyanın, Yaxın Şərqin və türklərin tətbiqi
və dekorativ incəsənətində istifadə olunan səkkizəbənzər
element suyu ifadə edirdi və rəmzi, sehrli məna
daşıyırdı.
Xalçanın bərpa prosesinə gəldikdə isə,
qeyd etmək lazımdır ki, bu dəyərli xalça
nümunəsi bərpaçı-rəssamlar Gülminə
Əhmədova və Nuranə Əlixanova tərəfindən
bərpa olunub. Xalçanın təmizlənmə prosesi
zamanı tərkibində qələvi olmayan səthi aktiv maddələrdən,
quru təmizləmə prosesi zamanı xüsusi
başlıqlı tozsorandan istifadə edilib. Daha sonra
süzülmüş, sökülmüş hissələr bərpa
edilib və eksponat əsasa bərkidilib. Bu zaman uyğun saplar
xüsusi diqqətlə seçilir. Son mərhələdə
isə xüsusi ütü ilə ütülənib preslənərək
xalça hazır vəziyyətə gətirilib.
***
XVIII əsrə aid edilən “Xilə-buta”
xalçası da çox dəyərli nümunələrdəndir.
Xalça 2013-cü ildə Elmi Bərpa Mərkəzinə
daxil olub. “Xilə-buta” xalçaları Abşeron
xalçaçılıq məktəbinin Bakı qrupuna daxil
olan xovlu xalçalardır.
Belə naxışlı xalçalar Bakı qrupunun
bütün xalçaçılıq məntəqələrində
istehsal olunurdu. Xarici mənbələr bu xalçanı səhvən
“Şirvan xalçaları” və ya “Dağıstan
xalçaları” adı altında göstərirlər. Toxucu
ustalar isə onu “Qızqarıdan xalçaları”
adlandırıblar. Bunun səbəbi xalçanın
hazırlanma prosesinin mürəkkəbliyi və uzun müddət
vaxt aparması ilə bağlıdır.
Əslində isə “Xilə-buta”nın adı
Bakı şəhərindən 15 km məsafədə yerləşən
Xilə (Əmircanın keçmiş adı) kəndindən
götürülüb. “Xilə-buta” xalçalarının
xovunun hündürlüyü 5-7 mm-dir. Adətən “Xilə-buta”
xalçalarının orta sahəsi butalarla bəzədilir.
Bu xalçaları üç qrupa bölmək
mümkündür: sadə quruluşlu xalçalar,
künclü xalçalar, mürəkkəb quruluşlu
xalçalar. “Xilə-buta” xalçalarında bir kvadrat
desimetrdə ilmələrin sıxlığı 40x40 ilmədən
45x45 ilməyə qədər olur. Bir kvadratmetrdə olan ilmələrin
sayı 160 min ilmədən 200 min ilmə arasında dəyişir.
Bərpa olunan “Xilə-buta” xalçasının
kompozisiyası ara sahə və haşiyədən ibarətdir.
Ara sahənin yerliyi göy rəngdədir və üzərində
üfüqi istiqamətdə butalar təsvir olunub.
Ölçüsü 94x212 sm olan eksponatın
aşağı hissəsi kəsilmiş, sağ küncü
11x15 sm tamlığını itirmişdi. Sol haşiyənin
ləvəri xalça boyunca sökülmüşdü və
üzərində deşik və süzüklər
müşahidə olunurdu. Həmçinin xalça güvə
vurmuş vəziyyətdə idi.
Eksponat bərpaçı-rəssam Xatirə
Əmirova tərəfindən bərpa olunub. Öncə
eksponat qeyd etdiyimiz vasitələrlə təmizlənib.
Üzərindəki zədələr isə xüsusi formada
uyğun saplarla bərpa olunub. Daha sonra uyğun əsas
seçilərək müvafiq saplarla əsasa bərkidilib.
Ütülənib preslənərək hazır vəziyyətə
gətirilib.
***
XVIII əsrə aid “Xilə-əfşan”
xalçası isə o dövrün saray xalçalarından
olub və bədii tərtibatı spiralşəkilli sxemlərin
mürəkkəb birləşməsindən ibarət
“Əfşan” kompozisiyasına əsaslanır. Kənardan mərkəzə
doğru görünüşünü dəyişən,
spiralların üzərinə nəbati və gül ornamenti
“səpələnib”. “Əfşan” sözünün
lüğəti mənası – səpmək, xırdalamaq, rəngbərəng
deməkdir. Xalça üzərində üzüm
yarpağı formasında verilmiş göllər Abşeron
zonası üçün xarakterikdir.
“Xilə-əfşan” xalçaları da Xilə kəndinin
adı ilə bağlıdır. Bu xalçalar sonrakı
dövrlərdə Bülbülə və Suraxanı
xalçaçılıq məntəqələrində də
istehsal edilməyə başlanıb. Xalq arasında
“Sacayağı” adı ilə daha çox tanınan bu
xalçaları bəzi xarici müəlliflər öz əsərlərində
“Şirvan”, bəziləri isə səhvən “Dərbənd”
adlandırırlar.
“Xilə-əfşan” xalçası 2014-cü ildə
Elmi Bərpa Mərkəzinə təqdim edilib. Eksponat
didilmiş və yırtılmış vəziyyətdə
daxil olub. Aşağı və yuxarı hissəsinin
saçaqları, haşiyəsi qismən itirilmişdi.
Xalça bərpaçı-rəssamlar Nuranə Əlixanova
və Sima Quliyeva tərəfindən öncə qeyd etdiyimiz
üsulla bərpa olunub.
Muzey əşyalarının düzgün bərpa və
konservasiya olunması, qorunması ilə bağlı
görülən işlər tarixi-mədəni irsimizin gələcək
nəsillərə çatdırılması
üçün vacibdir. Mədəni mirasımızı
qorumaq, ona sahib çıxmaq hər birimizin borcudur.
Lalə Həsənzadə
Elmi Bərpa Mərkəzinin əməkdaşı
Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.7.