70 yaşa 70 əsərlə
– rəssamın yubiley sərgisi
Adil Əsədlinin yaradıcılığında
tarixi mövzular üstünlük təşkil edir
Azərbaycan Rəssamlar İttifaqının (ARİ)
Vəcihə Səmədova adına sərgi salonunda rəssam
Adil Əsədlinin 70 illik yubileyinə həsr olunan sərgi
açıldı. Sərgidə rəssamın müxtəlif
illərdə yaratdığı 70 rəngkarlıq və
qrafika əsəri nümayiş olunur.
Açılış mərasimində çıxış
edən ARİ-nin katibi Xalq rəssamı Ağaəli
İbrahimov, Xalq rəssamları Arif Hüseynov, Aydın Rəcəbov,
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev Adil
Əsədlinin həyat və
yaradıcılığından danışdılar.
Bildirildi ki, Adil Beytulla oğlu Əsədli 1954-cü
il iyulun 21-də Lənkəran şəhərində anadan
olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini,
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Bədii
qrafika fakültəsini bitirib. Lənkəranda
yaşayıb-yaratsa da, onun uğurları çoxdan
respublikamızın sərhədlərini aşıb. Müxtəlif
beynəlxalq və respublika miqyaslı sərgilərdə
mükafatlara layiq görülüb. Əsərləri
Türkiyə, İran, Rusiya, ABŞ, Fransa və s. ölkələrdə
şəxsi kolleksiyalarda saxlanılır. Adil Əsədli rəssam-pedaqoq
kimi də böyük uğurlar qazanıb. Yetirmələri
bir sıra ölkələrdə sərgi və müsabiqələrdə
uğurla iştirak edirlər.
Yubilyar tədbirin təşkilatçılarına və
iştirakçılarına minnətdarlığını
bildirdi. Dedi ki, 10 il əvvəl, 60 illiyində təşkil
olunan sərgisindən sonra bu salonda ikinci sərgisidir.
Sərgi bir həftə davam edəcək.
Ekspozisiyada təqdim olunan qrafika nümunələri
öz orijinallığı ilə seçilirdi. Xalq rəssamı
Arif Hüseynovla söhbətimiz zamanı o da rəssamın
qrafika əsərlərini yüksək dəyərləndirdi.
Bildirdi ki, Adil Əsədli əyalətdə yaşamasına
baxmayaraq, daim yeni axtarışda olduğunu və çətin
işin öhdəsindən asanlıqla gələrək əsərlərində
mövzunu tamaşaçı üçün tam aça
bilib.
70 əsərin 60-ı qrafika əsərlərindən
ibarət olan sərgidə rəssam müxtəlif
mövzulara müraciət edib. Burada ən çox tarixi məqamları
vurğulamaq yerinə düşür. Hələ uşaq
yaşlarından karandaşla şəkil çəkməyə
meyil göstərən rəssam sonradan qrafika üzrə ali təhsil
alıb. Bu da təsadüfi deyil. Çünki ulu babası
da rəssamlığın bir
qolu olan xəttatlıqla məşğul olub.
Paytaxtdan uzaq Lənkəranda rəssamlıqla məşğul
olmağın heç də çətin
olmadığını deyən müəllif səs-küydən
uzaq, təbiət qoynunda işləməyin
üstünlüklərini qeyd edir. Deyir ki, meşədə,
bulaq başında işləmək insana böyük zövq
verir. Lənkəran Dövlət Universitetində artıq
6-cı ildir ki, Rəssamlıq fakültəsi fəaliyyət
göstərir. Adil Əsədli burada tələbələr
təsviri sənətin sirlərini öyrədir. O, tələbələrindən
razılıq edir.
Daha çox tarixi mövzularda işləməyə
üstünlük verən rəssamın
yaradıcılığında
böyük hökmdar-şair Şah İsmayıl Xətai
mövzusu xüsusi yer tutur. Rəngkarlıqdan fərqli olaraq
qrafikada bir xətlə bir neçə fikri ifadə etmək
olur. Müəllifin sərkərdələrimizə həsr
olunan silsilə əsərlərində soy-kökümüzə,
milli kodumuza bağlılıq öz əksini tapıb. Rəssam
hazırda Türk dünyası sərkərdələrinin
silsilə rəsmlərini yaradır.
Şəcərənin xəttatlıqla başlanan sənət
yolunu hazırda Adil Əsədlinin qızı və nəvəsi
davam etdirirlər.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 4 oktyabr(№74).- S.5.