65-dən sonra
üçün
Bakının bir addımlığında yerləşən
Sumqayıta uzun tıxacla gedib çıxdım. Beləcə,
iki şəhər arasında evdən işə, işdən
evə gedib-gələnlərin nələr çəkdiyini
hiss edərək özümü, gec də olsa, hadisə yerinə
– Sumqayıt Dövlət Dram Teatrına yetirdim. Sözsüz
ki, mühüm bir səbəb vardı. Teatrın baş
rejissoru Xalq artisti Firudin Məhərrəmovun yubiley gecəsi
(30 sentyabr) və haqqında nəşr olunan kitabın təqdimatı.
Bəri başdan deyim, tədbir mənə xoş təsir
bağışladı. Statik yanaşılmamış,
kollektiv əmək və ən əsası, baş rejissora səmimi
münasibət, bir növ, “yubileyçilik”dən uzaq bir sənət
axşamı idi. Teatr adamları buna öz aralarında
“kapustnik” (məzhəkə-tamaşa) deyirlər və
xüsusi ovqatda hazırlaşırlar.
Artıq yavaş-yavaş unudulan bu ənənə
rejissorun yubileyində mənim kimi ora yığışan
bütün teatr adamlarını da keçmiş dövrə
apardı.
Teatr adamları demişkən, mərasimdə Teatr
Xadimləri İttifaqının, ölkənin bir sıra
teatrlarının təmsilçiləri, eləcə də
şəhər icra hakimiyyətinin nümayəndələri,
şəhər ziyalıları və təbii ki, Mədəniyyət
Nazirliyinin təmsilçiləri də iştirak edirdilər.
Rəsmi deyə biləcəyimiz hissədə
yazıçı-dramaturq Hafiz Ataxanlının Firudin Məhərrəmovun
yaradıcılığını əks etdirən
“Altıncı hücrənin remarkası” kitabının təqdimatı
oldu.
Kitabda görkəmli rejissor, Xalq artisti, iki dəfə
“Qızıl dərviş” mükafatı laureatı, “Tərəqqi”
medalçısı, Prezident mükafatçısı Firudin
Məhərrəmovun 65 illik ömrünün sənət səhifələri
əksini tapıb. O cümlədən rejissorun quruluş
verdiyi tamaşalar haqqında yazılar, onun dövri mətbuatda
dərc olunan müsahibələri (“Mədəniyyət” qəzetinə
də) kitabda yer alıb.
Əməkdar mədəniyyət işçisi,
professor Rafiq Yusifoğlu, yazıçı-ssenarist, Əməkdar
jurnalist Eyruz Məmmədov, Sumqayıt Şəhər
İcra Hakimiyyəti yanında İctimai şuranın sədri,
yazıçı Hümbət Quliyev və başqaları
çıxış edərək Sumqayıtın ədəbi
və mədəni mühitinin zənginliyindən, sənətə,
sənətkara həsr olunmuş kitabın məziyyətlərindən
danışıb, yubilyara yeni yaradıcılıq
uğurları arzuladılar.
Sonra yubiley axşamının aparıcıları –
Əməkdar artistlər İlahə Səfərova və Cəlal
Məmmədov yubilyarı təbrik elədilər.
Qonaqlar F.Məhərrəmovun həyat və
yaradıcılığı haqqında qısa videoçarxa
baxdılar. Ümumilikdə tədbir boyu həm monitor vasitəsilə,
həm də canlı olaraq rejissorun quruluş verdiyi
tamaşalardan parçaları izlədik.
Səbəbkara təbrik çıxışları
isə çox idi. Azərbaycan Teatr Xadimləri
İttifaqının sədri Xalq artisti Hacı
İsmayılov, Xalq artisti, görkəmli teatr rejissoru Cənnət
Səlimova, yazıçı-dramaturq, Əməkdar incəsənət
xadimi Əli Əmirli və başqa söz alanlar F.Məhərrəmovun
qurduğu tamaşalar, özünəməxsus rejissor dəst-xətti
haqqında danışdılar.
Hacı İsmayılov ittifaqın medalını
yubilyara təqdim etdi.
Dost teatrların şarjları da maraqla
qarşılandı.
Akademik Milli Dram Teatrından Xalq artisti Sabir Məmmədov,
teatrın truppa müdiri Elnur Məmmədov, İrəvan
Dövlət Azərbaycan Dram
Teatrının direktoru Əməkdar mədəniyyət
işçisi İftixar Piriyev, Bakı Bələdiyyə
Teatrının baş rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov,
truppa müdiri İsmayıl Atakişiyev, Mingəçevir
Dövlət Dram Teatrının direktoru Əməkdar artist
İntiqam Soltan, uzun illər Sumqayıt Dövlət Dram
Teatrında çalışan, indi yaradıcılıq yolunu
Mingəçevir teatrında davam etdirən Xalq artisti Valeh Kərimov
səbəbkara və tamaşaçılara xoş anlar bəxş
edən bədii təbriklər təqdim etdilər.
Gecənin musiqili qonaqları Natiq Məmmədov, Elay
Xasıyev və Şəmistan Muradxanlı, eləcə də
Sumqayıt Dövlət Dram Teatrının gənclərinin
yubileyə özəl səhnəcikləri də maraqla
qarşılandı.
Sonda çıxış edən F.Məhərrəmov
unudulmaz anlara görə hər kəsə təşəkkürünü
bildirdi, səhnədə, Sumqayıt teatrında
olmağın, ömrünü bu peşəyə həsr etməyin
verdiyi məmnunluqla “Azərbaycan teatr sənətinə xidmət
etmək, müəllimlərimdən öyrəndiklərimlə
yola çıxaraq yetişdiyim bu məqama görə
doğma tamaşaçılara və qurub-yaratmaq eşqi
ölməyən teatr fədailərinə sonsuz təşəkkür
edirəm”, – deyib alqışlar altında təzim etdi.
Həmidə Nizamiqızı
Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.5.