“Mənzərəyə açılan otaq”

 

Aida Mahmudovanın Londonda sərgisi

 

Londonda müasir incəsənət məkanı olan “Saatchi” qalereyasında (The Saatchi Gallery) azərbaycanlı rəssam Aida Mahmudovanın “Mənzərəyə açılan otaq” adlı sərgisi başa çatıb. İki ay (5 iyul – 10 sentyabr) davam edən sərgi sənətsevərlər tərəfindən maraqla qarşılanıb.

Ekspozisiyada rəssamın 80-dən artıq rəngkarlıq, qrafika, keramika, video və qarışıq texnikalarda olan əsərləri geniş auditoriyaya təqdim olunub.

Füruğ Fərruxzadın “Pəncərə” şeirindən ilhamlanan rəssam bədii vasitələrlə mücərrəd tənhalıq, nostalji hisslər və azadlıq ehtirası kimi mövzuları, habelə ətraf məkana və insanın fiziki vücuduna qırılmaz bağlılıq duyğusunu araşdırıb.

Rəssam öz avtobioqrafik foto xatirələrini gipsdən hazırlanmış tablolara və fiqurlara çevirib. Rəssama görə, təbiətin oyatdığı işıqlı və sağlam duyğular, mənəvi oyanış və məmnunluq hissi ilə bilavasitə bağlı olur.

Ekspozisiyanın rəngkarlıq bölümündə isə Aida Mahmudova nostalji hisslərlə aşılanmış və öz üslub dəyişikliklərinə uğramış təbiət görüntüləri ilə çıxış edib. Dəniz tablosu sanki sonsuzluq simvoluna çevrilir və rəssamın sevdiyi leytmotivlərdən biri olaraq xüsusi maraq doğurur.

 

Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.8.