Metal sənətə çevriləndə…

 

“Baku Steel Art – 2024” beynəlxalq simpoziumu başa çatıb

 

 

Xəbər verdiyimiz kimi, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ərəfəsində sentyabrın 20-dən 30-dək “Baku Steel Art – 2024” adlı beynəlxalq metal simpoziumu təşkil olunub.

“Baku Steel Company” (BSC) QSC və “QGallery” qalereyasının birlikdə təşkil etdiyi simpoziuma 7 ölkədən (Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Bolqarıstan, Hindistan) metalla işləyən 12 rəssam-heykəltaraş qatılıb.

Regionda ilk dəfə keçirilən beynəlxalq metal simpoziumunun bağlanış mərasimi oktyabrın 1-də olub.

Simpozium iştirakçılarının işləri “Baku Steel Company” şirkətinin həyətində nümayiş olunub.

“QGallery” qalereyasından bildirilib ki, tədbirdə ölkəmizi Rəşad Ələkbərov, Teymur Qəribov, Rahib Qarayev, Müşfiq Heydərov, Çinarə Baxşiyeva və Jalə Əliyeva təmsil ediblər.

Gürcüstandan Aleksandr Popxadze, Türkiyədən Nilhan Sesalan, Rumıniyadan Çiprian Hopirtean, İsraildən Nirit Levav Paker, Bolqarıstandan Kamen Tanev və Hindistandan Haribaabu Naatesan da hazırladıqları metal heykəl-kompozisiyaları təqdim ediblər.

Simpoziumun məqsədi incəsənətlə metallurgiyanın qarşılıqlı əlaqəsini nümayiş etdirmək, həmçinin bu əlaqənin dayanıqlı inkişafa töhfə verərək ekoloji dəyişikliklər üçün  rolunu göstərmək idi.

İştirakçılar orijinal əsərlər üzərində çalışmaqla yanaşı, həm də öz təcrübələrini bölüşüb, yaradıcı fikir mübadiləsi aparıb, bir-birlərinə yeni bədii axtarışlarda kömək ediblər. Qaynaqla və ya xüsusi dəzgahla işləyən sənətkarlar metalı öz görünüşü ilə ətrafdakıları təəccübləndirə, ilhamlandıra biləcək sənət əşyalarına çevirməyə müvəffəq olublar. Müəlliflərin yaratdığı hər bir metal instalyasiya orijinal və unikallığı ilə seçilir.

“Baku Steel Art – 2024” simpoziumu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) hazırlıqla üst-üstə düşüb və bu da ekoloji məsələlərin aktuallığını və müasir sənayedə dayanıqlı inkişafın əhəmiyyətini bir daha vurğulayır. Eyni zamanda dünyanın müxtəlif yerlərindən gələn sənətkarlar bu əsərlərlə ölkəmizdə qeyd olunan “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə veriblər.

 

Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.7.