Romada “Şuşa
naxışları” – süni zəkanın təqdimatında
Azərbaycanın İtaliyadakı Səfirliyinin
tabeliyindəki Mədəniyyət Mərkəzində
“Şuşa. Naxışların rəqsi” rəqəmsal sərgi
açılıb və ustad dərsi təşkil edilib.
Azərbaycan Mədəniyyət Mərkəzi,
Romadakı Yunus Əmrə İnstitutu (Türkiyə),
Türkiyə Radio və Televiziya Ali Şurası (RTÜK) və
“Mezo” rəqəmsal incəsənət qrupunun (“Şuşa”
süni zəka layihəsi) birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə diplomatlar, mədəniyyət,
elm xadimləri iştirak ediblər.
Ölkəmizin İtaliyadakı səfiri Rəşad
Aslanov çıxış edərək “Şuşa” süni
zəka layihəsinin və sərginin Azərbaycanın mədəni
irsinin rəqəmsal formata çevirilməsində və mədəniyyətimizin
Avropada təbliği istiqamətində rolunu vurğulayıb.
Diplomat ənənəvi simvol və texnikaları innovativ
texnologiya ilə birləşdirən ilk Azərbaycan rəqəmsal
kompozisiyasının təqdimatının böyük maraq
doğurduğunu vurğulayıb, Şuşa şəhərinin
2024-cü il üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” elan olunduğunu diqqətə
çatdırıb.
RTÜK-ün rəhbəri Əbubəkir Şahin
“Şuşa” süni zəka layihəsinin əhəmiyyətindən
danışıb, “Mezo” rəqəmsal incəsənət
qrupunun komandasına təşəkkürünü bildirib.
Qrupun rəhbəri Nabat Qaraxanova layihənin ərsəyə
gəlməsi barədə məlumat verib, qonaqları süni
zəka tərəfindən görülən işlərlə
tanış edib.
Sərgidə “Şuşa” adlı süni zəka tərəfindən
Azərbaycanın zəngin və müxtəlif mədəni
irsinin əsasında yaradılmış rəqəmsal əsərlər,
xüsusən milli motivləri əks etdirən kəlağayılar
nümayiş etdirilir.
Qeyd edək ki, “Şuşa” süni zəka layihəsi
Türkiyədə yaşayan soydaşımız Nabat
Qaraxanovanın rəhbərliyi ilə “Mezo” rəqəmsal incəsənət
qrupunda bir araya gələn azərbaycanlı və türkiyəli
sənətkar və mühəndislər tərəfindən
yaradılıb. Məqsəd Azərbaycan mədəniyyətinin
beşiyi Şuşa şəhərinin ənənəvi incəsənətinin
innovativ texnologiyalar vasitəsilə canlandırılması,
dünyaya tanıdılması və gələcək nəsillərə
ötürülməsidir. Süni zəka xalça və kəlağayılar,
digər mövzulu rəsmlər çəkir, onlar
haqqında məlumat verir, şeirlər yazır.
Mədəniyyət .- 2024.- 4 oktyabr(№74).- S.8.