Bir-birimizi sənətlə tanıyaq...

 

“Xəzər” Biennalesi platforması arealı genişləndirir

 

Əslində, Xəzəryanı dövlətlər ifadəsini eşidəndə fikrimiz, ilk növbədə, siyasət aləminə yönəlir. Siyasət aləmi belədir: bu məsələyə birbaşa olaraq Xəzərə aidiyyəti olmayan ölkələr qoşula bilməz. Sənət aləmi isə çərçivələr tanımır. Söhbət “Xəzər” Biennalesindən, bu platformaya qoşulan ölkələrin sayının artmasından gedir.

Xəbər verdiyimiz kimi, oktyabrın 1-də uzunillik fasilədən sonra paytaxtımızda bərpa olunan “Xəzər” Biennalesi çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində həm mövzusuna, həm janrına, həm də əhatə coğrafiyasına görə çox maraqlı sərgi açılıb.

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı (ARİ) və ittifaqın təşəbbüsü ilə yaradılan Beynəlxalq Rəssamlar Klubunun təşkilatçılığı ilə baş tutan sərgidə 9 ölkənin rəssamlarının əsərləri nümayiş olunur. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Türkiyə, Bəhreyn və Macarıstandan olan rəssamların abstarktizmdən, primitiv realizmdən başlamış ta sürrealizmədək fərqli janrları əhatə edən onlarla tablosu ekspozisiyada yer alıb.

Bəri başdan deyək ki, sərgi hələ açılmamışdan diqqəti cəlb etmişdi. Azərbaycan rəssamları, təsviri incəsənətə ömür vermiş şəxslər, tələbələr, ziyalılar sərginin açılışına toplaşmışdılar. Mədəniyyət naziri Adil Kərimli d’ mərasimdə iştirak edirdi.

Qonaqları salamlayan Milli İncəsənət Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova diqqətə çatdırdı ki, əslində, “Xəzər” Biennalesi platformasında tədbirlər sentyabrın 28-də Muzey Mərkəzində açılmış “Azərbaycan rəssamlarının abstrakt incəsənət təcrübəsi” sərgisi ilə başlanıb. Bundan əlavə, doqquz ölkənin rəssamları dəyirmi masada yaxın gələcək üçün yaradıcılıq planları müzakirə ediblər.

ARİ-nin sədri Xalq rəssamı Fərhad Xəlilov “Xəzər” Biennalesinin təməlinin beş Xəzəryanı dövlət tərəfindən hələ 1989-cu ildə qoyulduğunu yada saldı. O, platformanın artıq daha geniş müstəvidə fəaliyyət göstərəcəyini deyərək, bu istiqamətdə biennale iştirakçılarının mədəniyyət naziri ilə görüşündə müzakirə olunmuş məsələlərin məhsuldar nəticə verəcəyinə əmin olduğunu bildirdi: “Əgər Mədəniyyət Nazirliyinin dəstəyi olmasaydı, biz bu işləri görə bilməzdik. Biennale sərgisinin bir qədər uzun davam etməsini istədik ki, gəlmək istəyənlər vaxt tapa bilsinlər. Əsas məqsədimiz Azərbaycan təsviri incəsənətini dünyada tanıtmaqdır”.

Diqqətə çatdırıldı ki, genişlənən platformaya Türkiyə, eləcə də bu ildən Bəhreyn və Macarıstan rəssamları da qoşulublar. Hər üç ölkə ARİ-nin yaratdığı beynəlxalq kluba üzvdür.

Tacikistan Rəssamlar İttifaqının sədri Nargiz Həmidova öz çıxışında istənilən yaradıcı görüşün dostlar üçün bayram olduğunu söylədi. O, həmkarı F.Xəlilovun təşəbbüsü ilə Beynəlxalq Rəssamlar Klubunun yaradılmasını alqışladığını, tacik rəssamların da klubda yaxından iştirak edəcəyini dedi.

“Xəzər” Biennalesi çərçivəsində açılan sərgiyə gəlincə, Azərbaycan rəssamları Nazir Rəhmanov, Görüş Babayev, Zərnişan Yusif, Siruz Mirzəzəda, Eldar Qurbanov, Özbəkistandan Möhəmməd Fizuli, Qayrat İbrahimov, Sərvər Yuldaşov, Mirvohit Mirsaitov, Türkmənistandan Xocamühəmməd Çuriyev, Qəhrəman Goçmuratov, Türkiyədən Çarı Murat və Osman Hamdi Bəyin əsərləri, nə qədər fərqli janrlarda işlənilib, müxtəlif epoxaları əks etdirsə də, ana xətt olaraq bir hiss tablolardan süzülür: bir-birimizi tanıyaq və sevgi ilə yanaşaq.

Tacikistandan Nargiz Həmidova, Laylo Qurbanova, Qazaxıstandan Nurbek Jardemov, Macarıstandan Andrea Szabo, Bəhreyndən Abdul Karim əl-Orrayed, Ömər əl-Rəşid, Qırğızıstandan Kadır Bekov, Kurbanbek Usubaliyev kimi isimlər ilə tanışlıq bu sərginin ən böyük özəlliklərindən biri idi.

Gürcüstan rəssamlarının işləri ilə sərgi salonunda quraşdırılmış geniş monitorda videoslayd vasitəsilə tanış olmaq mümkündür.

Tanışlıq demişkən, sənətsevərlərin sərgini ziyarət  etmək üçün kifayət qədər – oktyabrın 15-dək vaxtı var.

 

Gülcahan

Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.5.