Kino bazarı yaradıcı sənayelərin
inkişaf edən sahələrindən biridir
“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı çərçivəsində
Şərqi və Mərkəzi Asiya ölkələrinin kino
bazarı keçirilir. Əsas məqsəd həmin ölkələrdə
kino sənayesi sahəsində fəaliyyət göstərən
biznes subyektlərinin sayının artırılması,
onların arasında maraqlı yeni layihələrin həyata
keçirilməsidir.
Bunu Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər
və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad
Əzizov oktyabrın 3-də jurnalistlərə müsahibəsində
deyib.
Onun sözlərinə görə, bu gün kino
bazarı dünyada yaradıcı sənayelərin ən
inkişaf edən sahələrindən biridir: “Burada iqtisadi
göstəricilər artır. Ölkəmizdə hazırda
sosial-iqtisadi inkişaf strategiyasının icrası çərçivəsində
yaradıcı sənayelərin inkişafı ilə
bağlı olan tədbirlər, o cümlədən hədəflərdən
biri kino sənayemizdə iqtisadi göstəricilərin
artırılması nəzərdə tutulur. Burada həm məşğulluğun
artırılması, həm də yeni biznes oyunçuların
artırılması hədəf kimi qoyulur. Ona görə də
hazırda bu tədbirdə bir neçə dövlət
qurumunun birgə layihələr üzərində işləməsi,
fikrimcə, bizə böyük ümidlər verir”.
Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.3.