Füzulinin 530 illiyinə həsr
edilən beynəlxalq konfrans
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə 2-8 oktyabr tarixlərində keçirilən X Bakı
Beynəlxalq Kitab Sərgisinin tədbir və təqdimatlarla zəngin
maraqlı proqramı var.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin
müvafiq sərəncamı ilə bu il dahi Azərbaycan
şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin 530 illiyi dövlət səviyyəsində qeyd
edilir. Builki kitab sərgisi də böyük söz
ustadının yubileyinə həsr olunub.
Bakı Ekspo Mərkəzində sərginin rəsmi
açılışından sonra gerçəkləşən
ilk böyük tədbir də görkəmli şairin 530
illiyinə həsr edilən beynəlxalq konfrans olub. M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı
ilə keçirilən konfransı açıq elan edən
kitabxananın direktoru professor Kərim Tahirov bu il 10-cu dəfə
gerçəkləşən sərginin əhəmiyyətini
yüksək qiymətləndirib. O, dövlətimiz tərəfindən
klassik ədiblərimizin yaradıcılığına
göstərilən diqqət və qayğıdan söz
açıb.
Konfransda çıxış edən Azərbaycan
Yazıçılar Birliyinin sədri Xalq
yazıçısı Anar vaxtilə Füzuliyə həsr
etdiyi “Şairin kədəri haqqında” adlı
yazısından fikirlər səsləndirib. Deyib ki, Füzuli
türk ədəbiyyatının ən yüksək zirvəsidir.
O, yaradıcılığında sözlərdən hər
zaman zərgər dəqiqliyi ilə istifadə edib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov
konfransın əhəmiyyətindən bəhs edib, kitab sərgisinin
Məhəmməd Füzulinin 530 illiyinə həsr
olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
AMEA-nın prezidenti, Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru akademik İsa Həbibbəyli Məhəmməd
Füzuli yaradıcılığını sənət
körpüsü adlandırıb. Bildirib ki, Füzuli irsinin
araşdırılması bu gün də aktualdır. Sovet
dövründə şairin yaradıcılığı ilə
bağlı sanballı elmi-tədqiqat işləri
aparılıb. Hazırda bu istiqamətdə
araşdırmalar davam etdirilir. Bu il AMEA-nın müvafiq
müəssisələrində Füzuliyə həsr olunan 24
kitab hazırlanıb. Bu kitablarda şairin həyat və
yaradıcılığı ilə bağlı ən son tədqiqatlar
öz əksini tapıb.
AMEA-nın M.Füzuli adına Əlyazmalar
İnstitutunun direktoru akademik Teymur Kərimli Füzulinin əxlaqi-didaktik
fikirlərinin bu gün də aktuallığını qoruyub
saxladığını bildirib.
Gürcüstan Milli Kitabxanasının baş direktoru
Konstantin Qamsaxurdiya Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən
söz açıb. O, rəhbərlik etdiyi qurumda
füzulişünaslıqla bağlı xeyli sayda məqalə
və nəşrlər saxlanıldığını diqqətə
çatdırıb. Deyib ki, 2015-ci ildə şairin bir
sıra şeirləri gürcü dilində nəşr
olunub.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik
Nizami Cəfərov, Milli Məclisin Elm və təhsil komitəsinin
sədri Anar İsgəndərov, Macarıstan Milli
Kitabxanasının direktor müavini Jüdir Gerencser
çıxışlarında Füzuli irsinin
araşdırılması və təbliği istiqamətində
görülən işlərdən danışıblar.
Füzulinin zəngin yaradıcılığının əsrlərdir
Türk-müsəlman dünyasında ədəbi fikrin
inkişafına töhfə verdiyi vurğulanıb.
Konfransda həmçinin şairin qəzəllərindən
nümunələr səsləndirilib.
L.Azəri
Mədəniyyət .- 2024.- 4 oktyabr(№74).- S.3.