Volqa-Xəzər
İpək Yolu Dəhlizi – ikinci subregional konfrans
Oktyabrın 3-də Milli Azərbaycan Tarixi Muzeyində
Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO-nun
Dünya İrs Mərkəzinin birgə təşkilatçılığı
ilə Volqa-Xəzər İpək Yolu Dəhlizi üzrə
ikinci illik subregional konfrans və praktik sahə seminarı
işə başlayıb.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Rusiya
Federasiyası, Türkmənistan və İran nümayəndələri
iştirak edirlər.
Konfransın təşkilində məqsəd “Volqa-Xəzər
İpək Yolu Dəhlizinin transsərhəd nominasiyası”
üçün təqdim olunacaq mədəni irs obyektlərini
müəyyən etmək, dəhlizə daxil olan 5 ölkədən
hökumət nümayəndələri, milli əlaqələndiricilər,
yerli və beynəlxalq ekspertlərlə müvafiq sənədlər
ətrafında fikir mübadiləsi aparmaqdır.
Artıq ikinci dəfədir ki, Bakı Volqa-Xəzər
İpək Yolu Dəhlizi üzrə illik subregional konfransa ev
sahibliyi edir.
Bunu tədbirdə çıxışı zamanı
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva
deyib.
Azərbaycan tarixi abidələrin qorunması üzrə
UNESCO ilə də sıx əməkdaşlıq etdiyini,
ölkəmizin bəzi obyektlərinin Dünya İrs
Siyahısına salındığını xatırladan
Dövlət Xidmətinin rəisi konfrans
iştirakçılarının diqqətini otuzillik
işğaldan azad edilən torpaqlarımızdakı mədəni
irslə bağlı vəziyyətə yönəldib.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2 avqust 2001-ci il tarixli Qərarına əsasən,
işğaldan azad edilmiş ərazilərdə 705 tarix və
mədəniyyət abidəsi dövlət qeydiyyatına
alınıb. 2020-ci ildə işğaldan azad edilmiş, eləcə
də 2023-cü ildə antiterror tədbirlərindən sonra nəzarətə
götürülmüş ərazilərdə 542 abidənin,
o cümlədən 368 tarixi, memarlıq və arxeoloji obyektin
inventarizasiyası aparılıb.
“Dövlət Xidməti tərəfindən 2020-ci və
2023-cü illərdə aparılmış inventarizasiyanın
yekunlarına əsasən, ilkin mərhələdə 300-dən
çox tarix-mədəniyyət abidəsinin vəziyyətinin
təhlili nəticəsində müəyyən edilib ki,
dövlət reyestrinə daxil olan 51 abidə tamamilə məhv
edilib, 120-dən çox obyekt qismən
dağıdılıb və ya zərərə məruz
qalıb. Bu statistik rəqəmlər ilkin nəticələrdir
və hazırda müvafiq işlər davam etdirilir”, – deyə
S.Hacıyeva əlavə edib.
Qeyd edək ki, oktyabrın 6-dək davam edəcək
konfrans və seminarın gündəliyinə Volqa-Xəzər
İpək Yolu İrs Dəhlizi üzrə fəaliyyət
istiqamətində sənədlərin və tövsiyələrin
hazırlanması, bu dəhliz
üzrə Dünya İrs Siyahısına transmilli
nominasiyası üzrə seçim komponentlərinin müəyyən
edilməsi və s. məsələlər daxildir.
2005-ci ildən UNESCO-nun Dünya İrs Komitəsinin təşəbbüsü
ilə “Transsərhəd İpək Yolu abidələrinin
Dünya İrs Siyahısına nominasiyası” proqramı həyata
keçirilir. Azərbaycan 2018-ci ildə proqrama qoşulub.
Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.4.