“Heydər Əliyev və Məhəmməd
Füzuli” kitabının təqdimatı
X Bakı Beynəlxalq Kitab Sərgisinin birinci iş
günündə “Heydər Əliyev və Məhəmməd
Füzuli” kitabının təqdimatı olub. Kitab Türk Mədəniyyəti
və İrsi Fondunun “Türk dünyasının görkəmli
şəxsiyyətləri” seriyasından ilk nəşrdir.
Nəşrdə Ulu öndər Heydər Əliyevin Məhəmməd
Füzuli ilə bağlı imzaladığı beş sərəncam,
böyük şairin ayrı-ayrı ölkələrdə
keçirilən yubiley mərasimlərinə göndərdiyi
təbrik məktubları, etdiyi çıxışlar yer
alıb.
Fondun prezidenti Aktotı Raimkulova Məhəmməd
Füzulinin yubileyinin bütün Türk dünyasında qeyd
olunduğunu bildirib. Qeyd edib ki, kitabda Füzuli irsi və onun təbliği
ilə bağlı elm xadimlərinin məqalələrini
görkəmli rəssamların illüstrasiyaları
müşayiət edir.
A.Raimkulova onu da diqqətə çatdırıb ki,
Türk Mədəniyyəti və İrsi Fondu ümumtürk
ədəbi irsinin təbliği yönündəki
missiyasını yerinə yetirərək “Türk ədəbiyyatının
inciləri”, “Türk dünyasının elmi inciləri” kimi nəşr
layihələrini də həyata keçirir.
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq
yazıçısı Anar, Qazaxıstan Prezidentinin
müşaviri Malik Otarbayev, AMEA-nın prezidenti akademik İsa
Həbibbəyli və başqaları çıxış edərək
Heydər Əliyevin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına
qayğısından danışıblar.
Sonra Bakı Bələdiyyə Teatrı
aktyorlarının ifasında Məhəmməd Füzulinin
“Leyli və Məcnun” poemasından bir parça səsləndirilib.
Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.3.