Paytaxtımızda X
Beynəlxalq Kitab Sərgisi keçirilir
Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisinin
açılış mərasimi keçirilib. 10-cu yubiley sərgisi
dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd
Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr
edilib.
Mərasimdə mədəniyyət naziri Adil Kərimli,
Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, AMEA-nın
prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan
Yazıçılar Birliyinin sədri Xalq
yazıçısı Anar, millət vəkilləri,
tanınmış mədəniyyət, elm, ədəbiyyat
xadimləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə əvvəlcə bədii hissə təqdim
edilib. Muğam üstündə Məhəmməd
Füzulinin qəzəli səsləndirilib. Həmçinin
dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri
ifa olunub.
Açılış nitqi ilə
çıxış edən Xalq yazıçısı Anar
sərginin əhəmiyyətini vurğulayaraq, bu ənənəvi
layihənin kitabsevərlər üçün böyük
bayram olduğunu deyib. Kitab mədəniyyətinin hər bir
ölkə və xalq üçün vacibliyini qeyd edən
yazıçı hər kəsi sərgidən faydalanmağa
səsləyib. Xalq yazıçısı nitqini “Kitab həmişə
yaşasın və bizi yaşatsın!” fikri ilə bitirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgidə 18 xarici ölkədən
56 qurum, həmçinin 110 yerli nəşriyyat-poliqrafiya və
kitab sənəti ilə əlaqəli müəssisə
iştirak edir.
İrlandiyalı yazıçı Con Boyn, alman yazar Vulf Dorn və Azərbaycan
əsilli İran yazıçısı Fəriba Vəfi sərginin
“fəxri qonaq”larıdır.
Ölkəmizdən isə sərginin “fəxri
yazar”ları şair Salam Sarvan və nasir Rövşən
Abdullaoğludur.
Sərgidə Azərbaycanla yanaşı, Türkiyə,
İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan,
Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş,
Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və
Monqolustandan tanınmış yazıçı və
şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər.
Sərgi tarixində ilk dəfə yeddi gün sürəcək
kitab bayramında uşaqlar və böyüklər
üçün ustad dərsləri, kitab təqdimatları,
imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr,
qiraət və musiqi saatları formatında ümumilikdə
327 tədbir keçiriləcək.
Oktyabrın 8-dək davam edəcək sərgi
zamanı gün ərzində ziyarətçilərin metronun
“Elmlər Akademiyası”, “28 May” və “Koroğlu”
stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi
avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.
Sərgi hər gün səhər saat 10:00-dan
axşam saat 20:00-dək ziyarət üçün
açıqdır. Giriş ödənişsizdir.
Lalə
Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.3.