“Omarket” filmlərimizi
tanıtmaq üçün platforma olacaq
Oktyabrın 3-də Mədəniyyət Nazirliyi və
Kino Agentliyinin (ARKA) dəstəyi ilə ölkəmizdə
ilk dəfə keçirilən “Baku Cinema Breeze” Beynəlxalq
Film Festivalı çərçivəsində Şərq
ölkələri filmlərinin dünyaya
tanıdılması üçün platforma rolunu oynayacaq
“Omarket”in açılışı keçirilib.
Heydər Əliyev Mərkəzində gerçəkləşən
mərasimdə əvvəlcə qonaqlar yaradıcı sənaye
nümayəndələrinin fəaliyyətinin
tanıdılması məqsədilə təşkil edilən
sərgi ilə tanış olublar. Sərgi kino, animasiya,
musiqi, mədəniyyət sahəsində startaplar, oyun
texnologiyaları, dəb, dizayn kimi yaradıcı klasterləri,
eləcə də yaradıcı məkanları bir araya gətirib.
Mədəniyyət nazirinin müavini Səadət
Yusifova tədbirdə çıxış edərək
bildirib ki, ilk dəfə keçirilən “Baku Cinema Breeze”
ölkəmizdəki bütün kino festivallarını
özündə birləşdirir, bir çətir altında
toplayır. Layihə çərçivəsində “Omarket”
sərgisinin təşkil edilməsi kino sənayemizin
inkişafı üçün böyük potensialın
olduğunu və dövlətin bu prosesə dəstək
verdiyini göstərir.
Onun sözlərinə görə, “Baku Cinema Breeze”
platforması 15-dən çox ölkənin nümayəndələrini,
100-dən çox qonağı, 300-ə yaxın filmin
nümayiş ediləcəyi tədbirləri özündə
birləşdirir: “Platforma çərçivəsində
keçirilən festivallar təkcə kino sənətinin
inkişafına təkan vermir, həm də gənc və
istedadlı rejissorlarımıza özlərini ifadə etmək,
dünyaya çıxış əldə etmək imkanı
yaradır. Festivallarda nümayiş olunacaq filmlərin hər
biri böyük zəhmət, yaradıcılıq və sevgi
ilə ərsəyə gəlib”.
Qeyd olunub ki, gənc istedadları dəstəkləmək,
onların potensialını artırmaq və milli
kinematoqrafiyamızın beynəlxalq səviyyədə
tanınmasını təmin etmək məqsədilə Mədəniyyət
Nazirliyi tərəfindən bir çox layihələr həyata
keçirilir. Bunların sırasında ARKA tərəfindən
2023-cü ildə elan edilən film layihələri müsabiqəsini,
bu il elan edilən postprodakşn mərhələsində olan
film layihələrinin tamamlanmasına dəstək müsabiqəsi
və qeyri-hökumət təşkilatları
üçün mədəni və yaradıcı sənayelərin
(MYS) təşviqi üzrə qrant müsabiqəsini qeyd etmək
olar. Mədəniyyət Nazirliyi həmçinin mütəmadi
olaraq animasiya, tammetrajlı və qısametrajlı filmlər,
sənədli filmlərə dair film festivallarına dəstək
göstərir.
Bildirilib ki, MYS üzrə İşçi qrupun fəaliyyəti
çərçivəsində hazırda müvafiq dövlət
təşəbbüsləri müzakirə olunur. Bu istiqamətdə
Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əqli
Mülkiyyət Agentliyi və digər aidiyyəti qurumlar
arasında sıx əməkdaşlığın təmin
edilməsi vacibdir.
Nazir müavini diqqətə çatdırıb ki,
son iki ildə minlərlə insanın qatıldığı
“Yaradıcı müzakirələr” layihəsi çərçivəsində
paytaxt və regionlarda digər klasterlərlə yanaşı,
film klasteri üzrə də məlumatların
artırılmasına yönəlmiş təlimlər, ustad
dərsləri, yaradıcı söhbətlər təşkil
edilib: “Bu gün Azərbaycan kinosu yalnız öz daxili
auditoriyası üçün deyil, həm də beynəlxalq
kino bazarı üçün əhəmiyyətli
oyunçuya çevrilir. Sahənin inkişafının, rəqabət
qabiliyyətliliyinin və gəlirliliyin artırılması
üçün əlavə vergi güzəştləri,
investisiyaların cəlb olunması kimi təşviq mexanizmlərinə
ehtiyac duyulur. Bunun bir göstəricisi kimi “Omarket” sərgisinin
əhəmiyyətini xüsusi vurğulamaq istərdik. Bu bazar
Şərq ölkələri filmlərinin dünyaya
tanıdılması üçün vacib bir platformadır.
Azərbaycan olaraq biz bu bazarda öz milli filmlərimizi təqdim
etməklə regionumuzun film sektorunu inkişaf etdirmək və
onu qlobal kino sənayesinə inteqrasiya etmək niyyətindəyik.
Bu bazar eyni zamanda regionun istedadlı rejissor və prodüserlərinin
qlobal bazara çıxışını təmin edəcək
və beynəlxalq əməkdaşlıqların
qurulmasına şərait yaradacaq”.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi
(KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycanda
kino sənayesinə göstərilən diqqət və
qayğıdan söz açıb. Bildirib ki, film sənayesinin
səmərəli şəkildə idarə edilməsi maliyyə,
yaradıcı proseslər və insan resurslarının optimal
şəkildə təşkil olunmasına
bağlıdır. Azərbaycan və bir çox Avropa ölkələrində
dövlət qurumları milli filmlərin maliyyələşdirilməsində
mühüm rol oynayır. Bu qrantlar yerli kino sənayesinin
inkişafını dəstəkləyir və bədii filmlərin
çəkilişini maliyyələşdirir.
İnvestorların məlumatlandırılması,
sahibkarların maarifləndirilməsi və digər dəstək
tədbirlərinin həyata keçirilməsi də çox
önəmli məsələlərdəndir.
Digər çıxış edənlər də
festivalın əhəmiyyətini yüksək qiymətləndiriblər.
Açılış mərasimindən sonra tədbir
panel iclası ilə davam edib.
***
“Omarket”in birinci panel iclası “Omarket” – sənaye lokomotivi. Festivallar, yayım
platforması, birgə istehsal” mövzusuna həsr olunub.
Amerika Televiziya Sənətləri və Elmləri
Akademiyasının üzvü Kamran Qasımovun
moderatorluğu ilə gerçəkləşən paneldə
Qırğızıstan Mədəniyyət Nazirliyi Kino sənayesi
şöbəsinin əməkdaşı Maratbek Asanaliyev,
Türkiyənin “Kunay film” şirkətinin rəhbəri Leyla
Atakişiyeva, Gürcüstanın Kino Mərkəzinin əməkdaşı
Georgi Skhvediani, Azərbaycandan prodüser Zaur Darabzadə və
Rusiyadan rəqəmsal media eksperti Nina Lariçeva öz fikirlərini
bölüşüblər.
***
“Omarket” – film komissiyaları üçün yeni
istiqamət” adlı ikinci panel Azərbaycan Prodüserlər
Gildiyasının sədri Fikrin Bektaşinin moderatorluğu ilə
gerçəkləşib.
Paneldə TÜRKSOY-un Beynəlxalq kino əməkdaşlığı
şöbəsinin əməkdaşı Maira Karsakbaeva
(Qazaxıstan), ölkəmizdən Mədəniyyət
Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf
şöbəsinin müdiri Rəşad Əzizov, Hindistandan
Yusif Şaiq, Rusiyadan Maksim Ajjavi və Almaniyadan Nikolay Nikitinin
çıxışları dinlənilib.
Tədbirin bağlanışında Türkiyənin
“Kunay film” şirkətinin rəhbəri Leyla Atakişiyeva
qurumun fəaliyyəti barədə danışıb.
Rəşad Əzizov maraqlı fikir mübadiləsinə
görə tədbir iştirakçılara təşəkkürünü
bildirib, gələcək birgə fəaliyyətdə
uğurlar arzulayıb.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 4 oktyabr(¹74).- S.2.