Bakıda sinema mehi:
beynəlxalq festivalın açılışı
Son illər ölkəmizin dünya kino bazarına
çıxışını sürətləndirmək,
istehsal sahələrində davamlı inteqrasiyanı təmin
etmək məqsədilə bir sıra beynəlxalq layihələr
həyata keçirilir. Oktyabrın 2-də Mədəniyyət
Nazirliyinin təşkilatçılığı və Kino
Agentliyinin (ARKA) dəstəyi ilə Heydər Əliyev Mərkəzində
açılışı keçirilən “Baku Cinema Breeze”
(BCB) Beynəlxalq Film Festivalı da bu qəbildən diqqətəlayiq
layihədir.
Audiovizual sənayenin inkişafına istiqamətlənən
festival Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan”
layihəsi çərçivəsində həyata keçirilir.
Açılış mərasimində
çıxış edən mədəniyyət nazirinin
müavini Murad Hüseynov festivalın məqsədinin Azərbaycanı
regionda kino sənayesinin mərkəzi kimi tanıtmaq, kino mədəniyyətini
inkişaf etdirmək olduğunu diqqətə
çatdırdı. Bildirdi ki, festival Azərbaycanı qlobal
kino xəritəsində daha yaxşı tanıdacaq.
Qeyd olundu ki, “Azərbaycan Respublikasının
2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyası” çərçivəsində mədəniyyət
və yaradıcı sənayelər, xüsusilə də kino
sahəsində mühüm işlər görülür. Mədəniyyət
Nazirliyi mütəmadi olaraq animasiya, tammetrajlı və
qısametrajlı filmlərlə bağlı festival və
müsabiqələrin keçirilməsinə dəstək
göstərir.
TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov
Azərbaycanın kino sənayesində mühüm irəliləyişlərin
olduğunu dedi. Bildirdi ki, bu kimi tədbirlər ortaq layihələrin
dəstəklənməsi ilə yanaşı, kino sənayesi
bazarını müəyyən edən
istehsalçıların mübadiləsinə, birgə layihələrin
dəstəklənməsinə zəmin yaradacaq.
Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər
və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad
Əzizov festivalın kino sənayesindəki proseslərin
sürətləndirilməsinə töhfə verəcəyini,
aidiyyəti şirkətləri müştərək layihələrə
sövq edəcəyini vurğuladı. Festival haqqında məlumat
verən şöbə müdiri layihə çərçivəsində
Şərqi və Mərkəzi Asiya ölkələrinin kino
sənayesi nümayəndələrinin bir araya gəldiyini, tədbir
çərçivəsində bu sahədə əməkdaşlıqların
müzakirə ediləcəyini bildirdi. Qeyd edildi ki, tədbirdə
ABŞ, Kanada, Hindistan, Türkiyə və digər ölkələrdən
kino mütəxəssislərinin iştirakı festivalın əhəmiyyətini
daha da artırır.
Açılış mərasimində “Baku Cinema
Breeze” festivalının əhatə etdiyi film
festivallarının direktorları – İmam Həsənov
(“DokuBaku”), Rəşid Ağamalıyev (ANİMAFİLM), Oktay
İyusibov (Türk Dünyası Beynəlxalq Animasiya
Festivalı - ATA) və Fehruz Şamıyev (Bakı Beynəlxalq
Film Festivalı – BİFF) çıxış edərək tədbirin
əhəmiyyəti barədə fikirlərini
bölüşüblər, ideyanın dünya kinosuna
inteqrasiya üçün yeni meydan olduğunu dedilər. Həmçinin
tədbirdə bu xüsusi günün əbədiləşdirilməsi
üçün üzərində “Baku Cinema Breeze” yazılan
boşqaba imzalar çəkilib.
Tədbir çərçivəsində ARKA-nın təsis
etdiyi “Yaşıl dünya naminə” kino mükafatı da təqdim
olundu. Mükafatı mədəniyyət nazirinin müavini Səadət
Yusifova “On melting snow” (“Əriyən qar üzərində”)
filmi ilə qlobal iqlim gündəminə verdiyi töhfəyə
görə kinematoqraf Mojitaba Bahaduriyə təqdim etdi.
Gecədə “Animasiya film sənayesinin
inkişafına verdiyi töhfəyə görə” təltif
olunan Məsud Pənahi (Azərbaycan), Mavzur Mahmudov (Özbəkistan),
Salimgali Mirzaşev (Qazaxıstan), Kanybek Omurbekov (Qırğızıstan),
Mojek Charyyev (Türkmənistan), Berat İlk (Türkiyə) və
Elçin Axundov (Azərbaycan) təşkilatçılara,
onların əməyini unutmayan hər kəsə təşəkkürlərini
bildirdilər.
Mükafatçılar sırasında Rusiyanın
görkəmli sənədli filmlər rejissoru və ssenaristi Yevgeni
Simbal da var. O, sənədli film sahəsinin inkişafına
verdiyi töhfəyə görə mükafata layiq
görüldü.
Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək
festival müddətində Nizami Kino Mərkəzi,
“CineMastercard Azərbaycan” kinoteatrı, “YARAT” Müasir İncəsənət
Məkanı, “Kapellhouse Baku”, “Landmark” və “YAY Gallery” məkanlarında
film nümayişləri olacaq.
Həmidə
Mədəniyyət .- 2024.- 4 oktyabr(№74).- S.1;2.