Gəncə Dövlət
Filarmoniyasının layihələri davam edir
Fikrət Əmirov adına Gəncə Dövlət
Filarmoniyasının təqdim etdiyi “Gəncə və gəncəlilər”
layihəsi çərçivəsində tanınmış
müğənni, Xalq artisti Şahnaz Haşımovanın
yaradıcılıq gecəsi keçirilib.
Tədbirdə Azərbaycan Milli
Konservatoriyasının rektoru Xalq artisti Siyavuş Kərimi, Azərbaycan
Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar
incəsənət xadimi Əliqismət Lalayev və
başqaları çıxış edərək müğənninin
sənət yolundan söz açıblar.
Gecədə Xalq artistləri Şahnaz Haşımova,
Gülyaz Məmmədova, Əməkdar artistlər Aybəniz
Haşımova, Tural Abdullayev, sənətkarın tələbəsi
Fəxri Kazım-Nicat, solist Zəminə Mustafayeva,
aşıq İlqar Nəcəfov, Türkiyədən saz
ifaçısı Volkan Kaplan “Kəsmə şikəstə”,
“Oxu, gözəl”, “Sənə də qalmaz”, “İlk məhəbbət”,
“Göygölüm”, “Qaragilə”, “Ana”, “Gözəl Gəncəmiz”
və “Azərbaycan” mahnılarını ifa ediblər.
Konsertin bədii rəhbəri Sahil Quliyev, kollektiv rəhbəri
Xalq artisti Adil Bayramov, baletmeyster Sənan Cavadovdur.
***
Gəncə Dövlət Filarmoniyasının daha bir
layihəsi olan “Musiqi kimliyimiz”in növbəti
buraxılışı isə Aşıq Molla Cüməyə
həsr olunacaq.
Mədəniyyət Nazirliyi, Gəncə Şəhər
İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan
Aşıqlar Birliyinin iştirakı ilə həyata
keçiriləcək layihə 16-18 oktyabr tarixlərini əhatə
edəcək.
Aşıq Molla Cümənin 170 illiyinə həsr
olunacaq layihə çərçivəsində konfrans, dastan
axşamı, ədəbi-bədii gecə nəzərdə
tutulub.
Mədəniyyət .- 2024.- 9 oktyabr(¹75).- S.4.