“Keçmişin əmanətçisi,
gələcəyin qurucusu”
Bölgələrdə Beynəlxalq Müəllimlər
Günü qeyd olunub
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin
təşkilatçılığı (RMİ) ilə Quba
rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq
şöbəsi tərəfindən 5 oktyabr – Beynəlxalq
Müəllimlər Günü ilə əlaqədar “Ən
şərəfli peşə” adlı tədbir keçirilib.
Qeyd edilib ki, əlamətdar gün UNESCO-nun qərarı
ilə 1966-cı ildə təsis edilib. Təşkilat tərəfindən
müəllimlərin statusunun artırılması ilə
bağlı tövsiyə xarakterli sənəd də qəbul
olunub.
Bildirilib ki, vətənpərvər oğulların
yetişməsində müəllimlərin çox
böyük rolu var. 44 günlük Vətən müharibəsi
başlayan gündən 760 nəfər təhsil
işçisi könüllü şəkildə
döyüşlərə qoşularaq torpaqlarımızın
işğaldan azad olunması uğrunda müharibədə fəal
iştirak ediblər. Onlardan 20 nəfəri şəhidlik zirvəsinə
ucalıb, onlarla döyüşçü qazi olub.
Tədbir çərçivəsində fəal
oxucular müəllimə, məktəbə, elmə, təhsilə
həsr edilmiş şeirlər söyləyiblər. Kitabxana əməkdaşlarının
təşkil etdikləri “Ən şərəfli peşə”
başlıqlı sərgiyə baxış olub.
***
Şəki-Zaqatala RMİ-nin tabeliyində fəaliyyət
göstərən musiqi və incəsənət məktəblərində,
həmçinin Qazax-Tovuz RMİ-nin tabeliyində fəaliyyət
göstərən Uşaq musiqi məktəblərində Beynəlxalq
Müəllimlər Günü münasibətilə silsilə
tədbirlər keçirilib. Tədbirlərdə müəllimlərin
ifasında müxtəlif janrlarda musiqilər səsləndirilib,
çıxış edənlər bu günün yaranma
tarixindən və müəllimlik peşəsinin, nə qədər
çətin olsa da, bir o qədər şərəfli
peşə olmasından danışıblar.
***
Astara rayon Mərkəzi Kitabxanasında Beynəlxalq
Müəllimlər Günü ilə əlaqədar tədbir
təşkil edilib. Uşaq şöbəsinin fəal
oxucularının iştirak etdiyi tədbirdə
çıxış edənlər əlamətdar
günün tarixindən söz açıblar. Bildirilib ki,
müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət
özünün gələcəyini, uşaqların tərbiyəsini
yalnız ona etibar edir. Sonda balaca oxucular tərəfindən
şeirlər səsləndirilib.
Astara rayon Heydər Əliyev Mərkəzində də
əlamətdar gün qeyd olunub. Tədbirdə “Ulu öndər
Heydər Əliyev müəllimlər haqqında” adlı film
nümayiş olunub. İştirakçılar rəssamlıq
dərnəyi şagirdlərinin əl işlərindən və
mərkəzin elektron kitabxanasında saxlanılan kitablardan
ibarət sərgiyə də baxıblar.
***
Naxçıvan MR Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə Naxçıvan Dövlət Filarmoniyasında “Müəllim
– keçmişin əmanətçisi, gələcəyin
qurucusu” adlı konsert proqramı keçirilib.
Nazirliyin İncəsənət və təhsil müəssisələri
ilə iş şöbəsinin müdiri Həcərxanım
Məmmədova çıxış edərək deyib ki,
Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə
göstərdiyi yüksək diqqət və qayğı bu
gün də uğurla davam etdirilir.
Daha sonra konsert proqramı təqdim olunub. Uşaq musiqi
məktəblərinin müəllimləri tərəfindən
Vasif Adıgözəlovun “Qərənfil”, Səid Rüstəmovun
“Hardasan?”, Hacı Xanməmmədovun “Yaşa, könül”,
Edith Piafın “La foule” və digər musiqi nümunələri
ifa edilib. Konsert tamaşaçılar tərəfindən
alqışla qarşılanıb.
***
Beynəlxalq Müəllimlər Günü münasibətilə
Naxçıvan Dövlət Universitetində (NDU) tədbir
keçirilib.
Universitetin rektoru Elbrus İsayev professor-müəllim
heyətinin timsalında bütün pedaqoqları təbrik
edib, müəllim əməyinin, zəhmətinin əhəmiyyətindən
söz açıb. Tarix üzrə fəlsəfə doktoru,
dosent, 54 illik pedaqoji təcrübəsi olan İsmayıl
Zeynalov və NDU-nun ən gənc pedaqoqu Aygün Yusifova ürək
sözlərini bölüşüblər.
Universitetin İncəsənət fakültəsi ilə
Musiqi kollecinin hazırladığı musiqi proqramı təqdim
olunub.
Hazırladı: N.Məmmədli
Mədəniyyət .- 2024.- 9 oktyabr(¹75).- S.4.