“Zəfər zənguləsi”
kitabının təqdimatı
Bakı Şəhər Mədəniyyət Baş
İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi
Kitabxanası oktyabrın 5-də X Bakı Beynəlxalq Kitab Sərgisində
tanınmış yazıçı-publisist, kitabxananın fəxri
oxucusu Nüşabə Məmmədlinin “Zəfər zənguləsi”
kitabının təqdimatını keçirib.
Kitabın redaktoru, tarix üzrə fəlsəfə
doktoru, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova tədbiri
açaraq, yazıçının Qarabağ müharibəsi
haqqında yazdığı əsərlər haqqında
qısa məlumat verib. Bildirib ki, “Zəfər zənguləsi”
kitabı 2020-ci ilin 44 günlük
Vətən müharibəsinə, 2023-cü ilin 20
sentyabrında Azərbaycanın Qarabağda suverenliyinin tam bərpası
ilə nəticələnən antiteror əməliyyatının
ildönümünə və Dövlət Suverenliyi
Gününə həsr olunub. Əsərdə Vətən
müharibəsi və antiterror əməliyyatının qəhrəmanları
haqqında maraqlı məlumatlar, döyüş səhnələri,
əsgər və zabitlərimizin igidliyi təsvir olunur:
“Əsər bir nəfəsə oxunur. Bu kitab həm də
kitabxanamızın keçirdiyi “Şəhidlər unudulmur”,
“Şəhidlər ölməz, Vətən bölünməz”
layihələrinə yazıçının töhfəsidir.
Şəhidlərimiz haqqında çox
yazılmalıdır. Onlara həsr olunmuş teatr
tamaşaları qoyulmalı, filmlər çəkilməli,
irihəcmli musiqi əsərləri yazılmalı, təsviri
sənət əsərləri ərsəyə gətirilməlidir”.
Yazıçı Nüşabə Məmmədli təqdimata
toplaşanlara təşəkkürünü bildirərək,
kitabın ərsəyə gəlməsindən
danışıb. Müəllif kitabın yazılmasında,
o cümlədən sənədli materialların əldə
edilməsində zəhməti keçən hər kəsə,
xüsusilə şəhid ailələrinə minnətdarlığını
ifadə edib.
Kitabın naşiri Akif Dənzizadə, Qarabağ
müharibəsi qazisi Ramin Şirinov, tədbirin
aparıcısı Əməkdar artist Elşən Cəbrayılov
əsər haqqında fikirlərini bölüşüb,
müəllifə yeni yaradıcılıq uğurları
arzulayıblar.
Sonda yazıçı Nüşabə Məmmədli
kitabı imzalayaraq oxuculara təqdim edib.
Mədəniyyət .- 2024.- 9 oktyabr(№75).- S.7.