Bakı Beynəlxalq Kitab Sərgisinin çinli qonaqları ilə görüş

 

X Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edən Çin nümayəndə heyəti Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Rektor Kamal Abdulla qonaqlarla görüşdə ADU-nun dünyanın bir sıra universitetləri ilə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb.

Bildirilib ki, ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycan ilə Çin arasında təhsil sahəsində əməkdaşlığı gücləndirir, Çin dilinin tədrisinə və mədəniyyətinə marağı stimullaşdırır. Konfutsi İnstitutu Çin dilinin tədrisinin inkişafı üçün iki xalq arasında münasibətlərin artırılmasına xidmət edir. Çinin Xudzou Dövlət Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti bu münasibətlərə töhfədir. Azərbaycan dili, mədəniyyəti və tarixini Çində təbliğ edən bu mərkəzlə ADU-nun sıx əlaqələri mövcuddur. Yaxın vaxtlarda Çinə ezam ediləcək ADU-nun nümayəndə heyəti Xudzou Dövlət Universitetində olacaq.

“Phonix” Nəşriyyat və Media Qrupunun baş direktor müavini Zhou Jianjun Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Çin nəşriyyatlarının iştirakının təşkilində göstərilən dəstəyə və Çin mədəni irsinə olan diqqətə görə təşəkkür edib. Qonaq bildirib ki, bu sərgi ünsiyyət qurmaq, kitab biznesinin inkişaf etdirilməsi üzrə təcrübələri bölüşmək üçün ideal platformadır, eyni zamanda hər iki xalqın mədəni irsinin öyrənilməsi və təbliğinə töhfə verəcək.

Şərqi Çin Pedaqoji Universiteti nəşriyyatının rəhbəri Vang Yan iki ölkə arasında mədəni, elmi əməkdaşlığın genişləndirilməsi imkanlarından bəhs edib, Çin-Azərbaycan mədəni əməkdaşlığının davamı olaraq tərcümə layihələrinin önəmini vurğulayıb.

Qonaqlar ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə tanış olublar.

 

***

ADU-nun Konfutsi İnstitutu X Bakı Beynəlxalq Kitab Sərgisində aparıcı Çin nəşriyyatları ilə birgə “Bakı – kitablar dünyası” adlı tədbir təşkil edib.

Tədbirdə Çinin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao iki ölkənin klassik bədii ədəbiyyatının tərcüməsi və nəşri üzrə layihələrinin mədəni mübadilənin dərinləşdirilməsinə töhfə olduğunu deyib.

“Phoenix” Nəşriyyat və Media Qrupunun baş direktorunun müavini Zhou Jiangjun və Şərqi Çin Universiteti Nəşriyyat Evinin prezidenti Vanq Yanq, ADU-nun Konfutsi İnstitutunun direktorları Rafiq Abbasov və Li Cihua çıxış ediblər.

Bədii hissədə Konfutsi İnstitutunun müəllim və tələbələri Çin çayı mərasimi keçirib, xəttatlıq sənətini nümayiş etdiriblər. Çin fleyta və arfa alətlərində musiqi əsərləri ifa olunub.

 

Mədəniyyət .- 2024.- 9 oktyabr(¹75).- S.7.