Görkəmli
maarifçi-pedaqoqa haqqında monoqrafiya çap olunub
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı
şöbəsinin müdiri professor Asif Rüstəmlinin “Cəmo
bəy Cəbrayılbəyli: həyatı və bədii
yaradıcılığı” kitabı nəşr olunub.
Dörd fəsildən ibarət monoqrafiya bu mövzuya
həsr edilmiş ilk elmi-tədqiqat işidir. Ədibin
şeirləri, dram əsərləri və nəsri öz
dövrünün ilk mənbələri əsasında tədqiq
edilib. Monoqrafiyada Azərbaycan ictimai xadimi, maarifçi, pedaqoq,
metodist, publisist və yazıçı Cəmo bəy Cəbrayılbəyliyə
(1887-1965) məxsus “Vətən marşı”nın nəşr
tarixi və “Azərbaycan marşı”na çevrilmə səbəbləri,
bu şeirin yanlış olaraq istiqlal şairimiz Əhməd
Cavada aid edilməsi incələnərək faktlar əsasında
obyektiv dəyərləndirilib.
Ədəbiyyat İnstitutunun “Sənətkarın elmi
pasportu” seriyasının 52-ci nəşri olan kitabın elmi
redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli,
rəyçisi filologiya üzrə fəlsəfə doktoru,
dosent Elmira Qasımlıdır.
Mədəniyyət .- 2024.- 9 oktyabr(¹75).- S.6.