Redaksiyaya məktub
Aşıq Ələsgərin abidəsinin “tənqidçi”lərinə
bir neçə mesaj...
Çağdaş heykəltaraşlığımızın
görkəmli nümayəndəsi, Xalq rəssamı,
professor Natiq Əliyevin müəllifi olduğu Aşıq
Ələsgərin abidəsi haqqında əlinə bir dəfə
də tişə almayan “biləndər”lərin “tənqid” və
“irad”larına bir neçə mesaj:
– Nəyinsə haqqında müsbət və ya mənfi
fikir bildirərkən onun mütəxəssisi olmaq ən
başlıca şərtlərdəndir. Çünki bir
şey haqqında ən düzgün dəyəri yalnız
onun mütəxəssisi verə bilər.
– Yaradılan heykəlin bədii həlli ənənəvi
şəkildə, yəni görkəmli aşıq adəti
üzrə sazı sinəsinə basılı halda ifadə
edilsəydi, onun olduqca sadə – primitiv baxılması
danılmaz olacaqdı. Ancaq əminəm ki, yenə də bizim
“dilavər”lər “Bu nə heykəldir?” deyə gündəm
eşqiylə statuslar paylaşacaqdı.
– Heykəldə aşığın sazı
başının üzərinə qaldırıb ifa etməsinin
əks olunması onun statik deyil, daha dinamik, daha ekspressiv –
obrazlı baxılmasını şərtləndirib ki, bu da
müəllif tərəfindən yüksək ustalıqla
icra olunub.
– Abidənin müəllifi ixtisası üzrə
mütəxəssis və mütaliəni sevən biridir. Bu isə
yaradılan obrazın bədii və texnoloji həllinin daha
kamil olmasını səciyyələndirən amillərdəndir.
Odur ki, Xalq rəssamı Natiq Əliyev Azərbaycan
aşıq sənətinin böyük sənətkarı
haqqında dərin araşdırma aparıb, Aşıq
Ələsgərin obrazının ikonoqrafik xüsusiyyətlərini
daha dəqiq ifadə etməyə nail olub.
Sonda müdriklərdən birinin fikrini xatırlatmaq
istərdim: kimsə nəyisə dərk etməkdə aciz
qalarsa, ondan irad tutar.
Aslan Xəlilov
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, ADMİU-nun dosenti
Mədəniyyət .- 2024.- 9 oktyabr(№75).- S.7.