Bəstəkarlar İttifaqında sənətşünas alimin 70 illiyi qeyd olunub

 

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Akif Quliyevin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

İttifaqın sədri Xalq artisti, professor Firəngiz Əlizadə musiqişünas-alimin gördüyü işləri yüksək qiymətləndirərək onu yubileyi münasibətilə təbrik edib.

Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycan Milli Konservatoriyasının (AMK) rektoru Xalq artisti Siyavuş Kərimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə və başqaları yubilyar haqqında fikirlərini bölüşüblər.

Xalq artisti Sərdar Fərəcovun, AMK-nın professorları – Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadənin və sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyevanın, eləcə də AMK-nın Humanitar fənlər kafedrasının müdiri filologiya üzrə elmlər namizədi Firudin Qurbansoyun professor Akif Quliyevin elmi və pedaqoji fəaliyyəti ilə bağlı məruzələri dinlənilib.

Bədii hissədə Q.Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Aldonsa”, “Səyahət”, S.Fərəcovun “Cıdır düzündə bayram” (ifa: Mətanət Azmanlı - piano), Xalq artisti Zabit Nəbizadənin ifasında “Mahur – Hindi Dəraməd” təsnifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mübariz Əliyevin ifasında (saz) “Yanıq Kərəmi”, “Ovşarı” aşıq havaları, AMK-nın tələbəsi Elcan Hüseynovun (qarmon) ifasında “Şəlalə” (“Bayatı-Qacar” dəramədi kimi), “Mərcanı” (“Şikəsteyi-fars” rəngi kimi), “İnnabı” (“Mən aşiq gözlərinə” təsnifi kimi) rəqsləri səslənib. “Əhli-Beyt” qrupunun videoformatda çıxışı da dinləyicilərə təqdim olunub.

Sonda professor Akif Quliyev bütün iştirakçılara öz təşəkkürünü bildirdi.

 

Mədəniyyət .- 2024.- 9 oktyabr(¹75).- S.5.