“Palitralar. Bəstəkarlar
rəssam kimi”
Rusiyalı pianoçunun Rəhilə Həsənovanın
xatirəsinə həsr olunan konserti
Beynəlxalq Muğam Mərkəzində
tanınmış rusiyalı pianoçu Olqa Domninanın
“Palitralar. Bəstəkarlar rəssam kimi” adlı konserti
keçirildi. Oktyabrın 4-də təşkil edilən musiqi
axşamı bu ilin avqustunda dünyasını dəyişən
görkəmli Azərbaycan bəstəkarı Rəhilə Həsənovanın
(1951-2024) xatirəsinə həsr olunmuşdu.
Konsertdə musiqişünas, professor Zümrüd
Dadaşzadə giriş nitqi ilə çıxış etdi.
Gecənin proqramında Rəhilə Həsənova ilə
yanaşı, Qara Qarayev, Fərəc Qarayev, Ayaz Qəmbərli
və Elmir Mirzəyevin əsərləri də səsləndirildi.
Qeyd edək ki, konsertin əsas xəttini Qara Qarayevin
çoxsaylı yetirmələrindən biri, istedadı müəllimi
tərəfindən yüksək dəyərləndirilən
Rəhilə Həsənovanın əsərləri təşkil
edirdi. Z.Dadaşzadə bu barədə danışarkən
diqqətə çatdırdı ki, Rəhilə Həsənovanın
palitrası qeyri-adi zənginliyi ilə fərqlənir. Belə
rəngarəngliyə nail olmaq üçün o, royalın
bütün imkanlarından, səs diapazonundan məharətlə
bəhrələnir. Bəstəkarın “Çeşmə”
silsiləsindən hər bir prelüd nəhəng silsiləyə
bir növ proloq olmaqla yanaşı, digər bəstəkar əsərlərinin
yeni əlavə mənalarını üzə
çıxarmaq, yeni baxış bucağından
işıqlandırmaq kimi xüsusiyyət də
aşkarlayır.
“Bəstəkarlar rəssam kimi” mövzusuna gəlincə
isə, musiqişünas bildirdi ki, Rəhilə Həsənovanın
bir sıra əsərlərində arxaik boyaların
tüğyan etməsi dünyaşöhrətli rəssam Mark
Şaqalın erkən boyakarlıq sənətini
xatırlamağa sövq edir: “Əzəmətli Fərəc
Qarayev musiqisinin zərif çalarlarında əsl tragizm və
sarkazm sezilir ki, bu da istər-istəməz bəstəkarın
sevimli rəssamı Rene Magritte ilə uyum yaradır. Elmir Mirzəyevin
əsəri Oskar Kokoschka lövhələrindəki
“ağır” tutqun boyalarla təsvir edilən ehtirasları
musiqi dilinə çevirir. Ayaz Qəmbərli-Egon Schiele
qarşılaşması qəfil olsa da, hər ikisini birləşdirən
amillər sırasında məkan duyumu və səsin (rəngin)
dərinliyinə varmaq kimi keyfiyyətlər dayanır. Beləliklə,
Azərbaycan musiqisinin rəng palitrası barədə
düşüncələr konsertin konsepsiyasının
yaranmasına təsir etdi. Proqramın adı “Palitralar” da
buradan qaynaqlanır. Rəhilə Həsənova müsahibələrində
Şərq xalçaları və musiqi modulları
arasında paralellər aparırdı ki, bu da proqramın əsas
məramı ilə çox gözəl səsləşir”.
Olqa Domnina məşhur pianoçu, bir çox beynəlxalq
müsabiqələrin qalibi, Qnesinlər adına Rusiya Musiqi
Akademiyası və London Kral Musiqi Akademiyasının məzunudur.
O, solo konsertlərlə yanaşı, kamera və simfonik
orkestrlərlə dünya səhnələrində
çıxış edir. Musiqiçinin konsert fəaliyyətində
Azərbaycan bəstəkarlarının
yaradıcılığı böyük yer tutur, onu milli
musiqimizin təbliğatçısı da adlandırırlar.
Olqa Domnina on ildən artıqdır Siciliyada
(İtaliya) yaşayır, Avropada konsertlər verir. “Palitralar”
layihəsi böyük uğurla Palermoda (İtaliya) “Wall of
Sound” festivalında, Böyük Britaniyada “Homerton Colleg”də,
İsveçdə Milli Festivallar Günündə və Roma
Filarmoniyasında (Accademia Filarmonica Romana) ifa olunub.
Onu da qeyd edək ki, Bakı konserti çoxdan
planlaşdırılmışdı. Lakin konsertə
hazırlıq ərəfəsində, 10 avqust 2024-cü ildə
Rəhilə Həsənova əbədiyyətə
qovuşdu. Buna görə də Bakıdakı
çıxışın formatı və ovqatı da dəyişdi.
Musiqi axşamı mərhum bəstəkarın xatirəsinə
həsr olundu.
Lalə
Mədəniyyət .- 2024.- 9 oktyabr(¹75).- S.5.