Tanınmış bəstəkar-tarzənin
yubiley gecəsi
Azərbaycan Dövlət Akademik Filarmoniyasında
tanınmış bəstəkar və tarzən, Əməkdar
incəsənət xadimi Məmmədağa Umudovun 75 illiyinə
həsr edilmiş konsert olub.
Oktyabrın 4-də keçirilən konsertdə
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik
Orkestri (bədii rəhbər və baş dirijor – Əməkdar
artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor
Kapellasının (bədii rəhbər – Xalq artisti
Gülbacı İmanova) ifasında bəstəkarın
“Cümhuriyyət marşı”, tar və simfonik orkestr
üçün “Çahargah” dəsgahı”, Cövdət
Hacıyevın “Sülh uğrunda” əsərləri səsləndirilib.
“Çahargah” dəsgahı” Əməkdar artist tarzən Sahib
Paşazadənin ifasında təqdim edilib.
Məmmədağa Umudov 1949-cu ildə Bakının
Əmircan kəndində dünyaya göz açıb. Kənddəki
Mədəniyyət evində tar dərnəyinə gedib, ilk
musiqi müəllimi Sabir Ramazanov olub. 1964-cü ildə Asəf
Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinə
(indiki Musiqi Kolleci) qəbul olur, ixtisas müəllimi Akif
Novruzovun, eləcə də muğam müəllimi Kamil
Əhmədovun sayəsində tar
ifaçılığı sənətinin dərinliklərinə
yiyələnir. Ali musiqi təhsilini iki ixtisas üzrə
alıb. 1968-ci ildə Asəf Zeynallı adına Musiqi
Texnikumunu bitirib. Üzeyir Hacıbəyli adına Azərbaycan
Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi
Akademiyası) İfaçılıq fakültəsində
tar ixtisası üzrə təhsilini davam etdirib. 1973-cü ildə
təhsilini başa vurub konservatoriyanın Bəstəkarlıq
fakültəsinin II kursuna (Cövdət Hacıyevin sinfi) daxil
olub.
70-ci illərdə müstəqil yaradıcılıq
yoluna qədəm qoyan bəstəkar musiqinin müxtəlif
janrlarında əsərlər yazıb: 3 simfoniya, “Qobustan”
simfonik poeması, “Gənclik” uvertürası, fortepiano
üçün prelüdlər və sonatina, tar ilə
simfonik orkestr üçün “Konsert”, solo violin
üçün “Sonata”, “Balet süitası”, xor və simfonik
orkestr üçün “Cümhuriyyət marşı”,
“Çahargah” muğam simfoniyası və s. Azərbaycan xalq və
şifahi ənənəli professional musiqisinə xas olan cəhətlər
Məmmədağa Umudovun yaradıcılığında
mühüm yer tutur.
L.Azəri
Mədəniyyət .- 2024.- 9 oktyabr(№75).- S.5.