Bakıda Türk Dünyası Beynəlxalq Animasiya Festivalı da keçirilib

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) festivallar festivalının daha bir tədbiri Türk Dünyası Beynəlxalq Animasiya Festivalı olub.

TÜRKSOY və Türk Animasiya Assosiasiyası (Association of Turkic Animation – ATA)  tərəfindən təşkil olunan bu tədbirin məqsədi türkdilli dövlətlər arasında animasiya sənəti vasitəsilə əməkdaşlığı və mədəni mübadiləni təşviq etməkdir.

Festivalın açılış mərasimində TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov qeyd edib ki, belə tədbirlər birgə layihələri dəstəkləməklə yanaşı, kino sənayesi bazarını müəyyənləşdirən prodüserlərin mübadiləsinə və birgə layihələrin dəstəklənməsinə zəmin yaradacaq.

Türk dünyasında animasiya film sənayesinin inkişafına verdiyi töhfəyə görə Məsud Pənahi, Elçin Axundov (hər ikisi Azərbaycan), Mavzur Mahmudov (Özbəkistan), Salimgali Mirzaşev (Qazaxıstan), Kanybek Omurbekov (Qırğızıstan), Mojek Charyyev (Türkmənistan), Berat İlk (Türkiyə) festivalın xüsusi mükafatları ilə təltif olunublar.

Onlar təşkilatçılara, onların əməyini unutmayan hər kəsə təşəkkürlərini bildiriblər.

Festival çərçivəsində tanınmış animasiya filmləri rejissoru Dmitri Vısotski və ATA-nın sədri Oktay İyusibov “Beynəlxalq bazar üçün animasiya seriallarının yaradılması” mövzusunda görüş keçirib, beynəlxalq tərəfdaşlarla ATA çərçivəsində animasiya seriallarının birgə istehsalının yaradılması məsələlərini müzakirə ediblər.

“Türk dövlətlərində animasiyanın inkişafı” mövzusunda keçirilən dəyirmi masa çərçivəsində TÜRKSOY ölkələrində animasiya sənayesi, yaradıcı sənayelərin inkişafında dövlət orqanlarının rolu, birgə istehsal haqqında normativlər və s. məsələlər, “Kreativ Sənaye Parkı”nın yaradılmasında Qırğızıstanın təcrübəsi, Azərbaycanın Yaradıcı Sənayelər və Rəqəmsal İnkişaf Mərkəzinin yaradılması təcrübəsi, o cümlədən dövlət dəstəyi, vergi güzəştləri, subsidiyalar, müəllif hüquqları ilə bağlı məsələlər müzakirə edilib.

“Azərbaycan” kinoteatrında “ATA: Türk dünyasının ən yaxşı animasiya filmləri”nin təqdimatı olub. “Türk dünyası: Animasiya səhnələri” adlı fotosərgidə türk xalqlarının klassik animasiya filmlərindən storyboardlar, xarakter eskizləri və arxa fonlar nümayiş etdirilib.

 

Mədəniyyət .- 2024.- 9 oktyabr(¹75).- S.2.