7-ci ANİMAFİLM
Beynəlxalq Animasiya Festivalı başa çatıb
Mədəniyyət Nazirliyi və Azərbaycan
Respublikası Kino Agentliyinin təşkilatçılığı
ilə reallaşan “Baku Cinema Breeze” (BCB) Festivalı (2–8 oktyabr)
çərçivəsində Bakıda 7-ci
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı
keçirilib.
Mövzusu “Sevgi” olan budəfəki festival üç əsas
(müsabiqə, müsabiqədənkənar və peşəkarlar
üçün) proqramdan ibarət olub.
Seçim komissiyasının qərarı ilə
müsabiqə proqramına 18 ölkədən 48 film
seçilib. 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda
yarışıb. Filmlər həm beynəlxalq münsiflər
heyəti, həm də tamaşaçılar tərəfindən
qiymətləndirilib.
Qaliblər 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya
Festivalının təntənəli bağlanış mərasimində
“Sevgi” mükafatı ilə təltif olunublar.
“Ən yaxşı qısametrajlı animasiya filmi –
Qran pri” nominasiyası: “Pear Garden” (“Armud bağı”) filmi;
rejissor Shadab Shayegan, Almaniya.
“Ən yaxşı qısametrajlı animasiya filmi –
Qran pri” nominasiyasında xüsusi mükafat: “The Family Portrait”
(“Ailə portreti”) filmi; rejissor Lea Vidakovic, Xorvatiya.
“Ən yaxşı qısametrajlı uşaq animasiya
filmi – Qran pri” nominasiyası: “The Night Tunnel” (“Gecə tuneli”)
filmi; rejissor Annechien Strouven, Belçika.
“Ən yaxşı qısametrajlı uşaq animasiya
filmi – Qran pri” nominasiyasında xüsusi mükafat: “Baking With
Boris” (“Boris ilə çörək bişirmək”) filmi;
rejissor Maša Avramović, Fransa.
“Tamaşaçı rəğbəti”
mükafatı: “İnanna”; rejissor Rüstəm Bəşirov,
Azərbaycan.
“Ən yaxşı qısametrajlı Azərbaycan
animasiya filmi (Annecy-yə səyahət mükafatı)” nominasiyası
üzrə: “Çox düşünərkən”; rejissor Zəhraxanım
Quluzadə.
“Ən yaxşı qısametrajlı Azərbaycan
animasiya filmi” nominasiyasında xüsusi mükafat: “Zamanın
arxasınca”; rejissorlar Ayla Qasımova, Si Yi Lee (ABŞ).
Azərbaycan Animasiya Assosiasiyasının xüsusi
mükafatları: “Ən yaxşı qısametrajlı
animasiya filmi” – “Wild Animal” (“Vəhşi heyvan”); rejissor Tianyun
Lyu (Çin) və “Ən yaxşı qısametrajlı
uşaq animasiya filmi”: “Puddle” (“Gölməçə”);
rejissorlar Maria-May Backhaus Brown, Mads Theodor Bonde (Danimarka).
Bağlanış mərasimi zamanı, həmçinin
“Narqız” animasiya filminin treylerləri, Ayan Novruz və Dante
Rustav tərəfindən keçirilən animasiya
vörkşopları nəticəsində çəkilmiş
iki tələbə animasiya filmi nümayiş olunub.
Müsabiqədənkənar proqramda
tamaşaçılar “Dünya ölkələrindən
sevgilərlə” proqramı çərçivəsində
Çexiya, Portuqaliya, Yunanıstan, Gürcüstan kimi ölkələrin
animasiya əsərlərini, həmçinin Türk Animasiya
Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində
təqdim olunmuş “Türk dünyasından seçilmiş
animasiya filmləri” kolleksiyasını izləyiblər.
Tamaşaçılara Azərbaycanda ilk dəfə məşhur
Avropa müəlliflərinin əsərləri əsasında
çəkilmiş animasiya silsiləsindən olan
“Qırmızı dəmir yolu” serialı təqdim olunub.
Proqram çərçivəsində
tamaşaçılara yerli animasiya film layihələri təqdim
olunub, beynəlxalq münsiflər heyəti ilə
görüşlər təşkil edilib.
Mədəniyyət .- 2024.- 9 oktyabr(¹75).- S.2.