Vyanadakı mədəniyyət mərkəzimiz
“Muzeylərin uzun gecəsi”ndə
Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət
Mərkəzi (AMM) oktyabrın 5-də Avstriya Teleradiosunun (ORF)
təşəbbüsü ilə keçirilən ənənəvi
“Muzeylərin uzun gecəsi“ layihəsində iştirak edib.
Avstriyanın 700-dən çox muzey və mədəniyyət
müəssisəsinin qatıldığı gecədə
AMM tərəfindən
“Naxışların rəqsi” adlı sərgi təqdim olunub.
Sərgidə Azərbaycanın ilk süni zəka sənətçisi
adını daşıyan “Şuşa xanım” layihəsi
çərçivəsində milli motivlərlə işlənmiş
kəlağayılar nümayiş olunub.
Layihənin rəhbəri – İstanbul Rəqəmsal
İncəsənət Festivalının direktoru Nabat
Qaraxanova, festivalın bədii rəhbəri Esra Özkan və
AMM-in əməkdaşları sərgiyə gələn
qonaqlar üçün ekskursiya keçiblər. Bildirilib ki,
“Naxışların rəqsi” üçün tekstil məmulatların
üzərində süni intellektdən istifadə etməklə
3D simvollar yaradılıb və sərgidə təqdim olunan kəlağayılar
yeni moda növünün yaranmasına töhfə verməklə
yanaşı, həm də sənət əsərləridir.
Qeyd olunub ki, Şuşa şəhəri tarixən
ölkəmiz üçün mədəniyyət
baxımından müstəsna əhəmiyyət
daşıyıb. Şuşadan bir çox məşhur incəsənət
xadimləri, musiqiçilər, ədiblər və rəssamlar
çıxıb, ona görə də layihə rəhbərləri
canlandırdıqları ilk süni zəka rəssamını
“Şuşa xanım” adlandırıblar. “Şuşa
xanım” süni zəka layihəsi Azərbaycanın minilliklərin
yaddaşından axıb gələn zəngin maddi mədəni
irsini, adət-ənənələrini və mənəvi dəyərlərini
innovativ texnologiyaların köməyi ilə gələcək
nəsillərə bir miras kimi ötürmək
üçün uğurlu vasitədir.
AMM-də uşaqlar üçün “Tıq-tıq
xanım” nağılının motivləri əsasında
kukla tamaşası da nümayiş etdirilib.
Mədəniyyət .- 2024.- 9 oktyabr(№75).- S.2.