Bakı Beynəlxalq
Film Festivalında 26 ölkə təmsil olunub
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi
və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi
ilə 2–8 oktyabr tarixlərində keçirilən “Baku Cinema
Breeze” (BCB) festivallar festivalına bu il 15-cisi təşkil edilən
Bakı Beynəlxalq Film Festivalı da daxildir.
Oktyabrın 5-də Nizami Kino Mərkəzində XV
Bakı Beynəlxalq Film Festivalının
açılışı olub.
Festivalın direktoru Fehruz Şəmiyev bildirib ki,
ötən illər ərzində festival çox istedadlı
insanları böyük auditoriyaya tanıdıb. Festival bundan
sonra da auditoriyasını genişləndirməyi hədəfləyir.
ARKA-nın direktoru vəzifəsini icra edən Əməkdar
incəsənət xadimi Orxan Fikrətoğlu deyib:
“Kinematoqrafiyanın inkişafına təkan verən hər
bir festivalı alqışlayırıq. Çox şadıq
ki, belə uğurlu layihələrdən biri də 15 illik
böyük yol qət etmiş bugünkü festivaldır. Bu
festivalın ənənəvi olaraq keçirilməsində əməyi
olan hər kəsə təşəkkür edirəm”.
O diqqətə çatdırıb ki, Gənc
Kinematoqrafçılar Mərkəzi tərəfindən
2004-cü ildə təsis edilən festival əvvəlki illərdə
“START” adı ilə fəaliyyət göstərib və
ölkəmizin ən uzunömürlü festivalıdır.
Sonra festivalın fəxri “Qızıl nar”
mükafatı Xalq artistləri Həmidə Ömərova və
Şükufə Yusupovaya təqdim olunub.
Bildirilib ki, builki festival çərçivəsində
ümumilikdə 26 ölkəni təmsil edən 79 film Nizami
Kino Mərkəzində nümayiş olunacaq.
Qeyd edilib ki, yubileyinə yeniliklərlə gələn
festival bu ildən tammetrajlı filmlərin müsabiqəsini də
keçirir. Festivalın yerli müsabiqəsinə
qısametrajlı bədii, sənədli filmlər və
sosial çarxlar qəbul olunub. Ümumilikdə yerli
müsabiqə proqramında 25 ekran əsəri var.
Festivalın proqramına “TRT Sinema”nın müdiri
Faruk Güvənin təqdimatı, “Birgə film istehsalı”
mövzusunda fikir mübadiləsi, “Kömür” filminin Azərbaycan
premyerası, ustad dərsləri, film nümayişlərindən
sonra müəlliflərlə müzakirələr də
daxildir.
Bakı Beynəlxalq Film Festivalının dəstəkçiləri
sırasında Nizami Kino Mərkəzi, “Azərbaycanfilm”
kinostudiyası, Dövlət Film Fondu, “British Council” və Azərbaycan
Prodüserlər Gildiyası yer alır. Media dəstəkçiləri
arasında “Mədəniyyət” qəzeti də var.
Beynəlxalq jüri isə Siddiq Barmak, Mahmut Fazıl
Coşkun, Can Özbatur, İsmayıl Monsef, Yevgeni Mayzel, Eldar
Yoldaşev, Zümrə Ərtürk kimi tanınmış
simalardan ibarətdir.
Səhnəyə dəvət olunan münsiflər heyətinin
üzvləri festivalın işinə uğurlar
arzulayıblar.
Sonra festivala təqdim olunmuş filmlərdən
fraqmentlər göstərilib.
Festival haqqında daha ətraflı növbəti
sayımızda.
Mədəniyyət .- 2024.- 9 oktyabr(№75).- S.3.