Kitabların
hamısını oxumağa ömür çatmasa da...
Ramiz Rövşən yeni “Nəfəs”lə
oxucuların görüşünə gəlib
Oktyabrın 8-də X Bakı Beynəlxalq Kitab Sərgisi
başa çatıb. Bir həftə ərzində zəngin
proqramı olan sərginin sonuncu günündə də
maraqlı təqdimatlar olub. Onlardan biri də Xalq şairi Ramiz
Rövşənin “Nəfəs” kitabının təqdimatıdır.
Kitablar kitabı “Nəfəs”in yeni nəşrini oxucular
çoxdan gözləyirdi.
Təqdimat zamanı şair kitablarla ünsiyyətin
daha səmimi olduğunu qeyd edərək deyib: “Kitab oxuyan
insanın öz dünyası olur, o, başqalarının həyatına
qarışmır. Mən lap uşaqlıqdan yeməyi belə
kitab oxuya-oxuya yeyirdim. Mənim üçün ən kədərli
hal odur ki, kitabxanama baxanda oradakı kitabların
hamısını oxumağa ömrümün
çatmayacağını anlayıram. Kitabların heç
40 faizini belə oxuya bilməmişəm, lakin onlar hər
zaman mənə dayaq olub. Mən Fyodor Dostoyevskinin “Cinayət və
cəza” əsərini, o cümlədən Füzulini, Sabiri,
Səməd Vurğunu, Məmməd Arazı, Bəxtiyar
Vahabzadəni oxumasaydım, bugünkü Ramiz Rövşən
ola bilməzdim. Odur ki, kitab sərgisi, mənim
düşüncəmə görə, çox dəyərlidir”.
R.Rövşən gənclərə, məktəblilərə
bədii ədəbiyyatı orta məktəbin son sinfinə qədər
oxumağın daha məqsədəuyğun olduğunu
tövsiyə edib.
“Biz öz yaddaşımızın məhsuluyuq. Hər
kəsin yaddaşının ədəbiyyatla zənginləşməsini
arzulayıram. Ümid edirəm ki, yaddaşınıza mənim
də şeirlərim həkk olunub”, – deyə o əlavə
edib.
Şair şeirlərindən bir neçəsini
söyləyib, oxucuların suallarını
cavablandırıb və kitablarını onlar
üçün imzalayıb.
Mədəniyyət .- 2024.- 9 oktyabr(№75).- S.1.