Günəşli
payızda Cəbrayıl Şəhəri Günü
“Təyyarəmiz Füzuli Beynəlxalq Hava Limanına
enir. Havanın temperaturu müsbət 13 dərəcədir...”.
Bəlkə də, əksər sərnişinlər
kapitanın bu elanının ikinci cümləsini xoş
qarşılamadı. Oktyabrın 4-ü, payızın bir
ayı tamam olmamış bu temperatur paytaxtdan gedənlər
üçün qış havası sayıla bilərdi. Amma
hava gəmisindən enərkən temperatur 13 yox, 23 dərəcə
təsiri bağışladı. Sanki mayın əvvəlləri,
bir yaz səhəriydi...
Yaz səhəri demişkən, əslində, 44
günlük Vətən müharibəsinin ilk qazi şəhəri
Cəbrayıl bu günlərdə özünün
baharını yaşayır. 31 illik ayrılıqdan sonra
sakinlər doğma yurda qayıdırlar. Ziyarət
dağının ətəyində qərar tutan, 27 il sürən
işğal zamanı düşmən tərəfindən
yerlə yeksan edilən şəhər hazırda böyük
quruculuq meydanına çevrilib. Onlarla ailənin yurd nisgilinə
son qoyulub, digər sakinlərin də mərhələli şəkildə
qayıdışına hazırlıq görülür...
Füzuli aeroportunda əyləşdiyimiz avtobuslar
yüksək keyfiyyətlə çəkilmiş yolla Cəbrayıla
doğru şütüyür. Zaman bir göz
qırpımında keçir. Daha bir təpəni
aşırıq və şəhərin yeni salınan
yaraşıqlı binaları görünür. Cəbrayıl
şəhərindəyik. Bu qədim yurd yeri Azərbaycanın
ən yeni tarixində təqvimə düşən
şanlı günlərdən birində – Cəbrayıl
Şəhəri Günündə qonaqlarına qucaq
açır. Düz dörd il öncə bu gün Prezident,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
qüdrətli Azərbaycan Ordusu Cəbrayıl şəhərini
və rayonun bir neçə kəndini işğaldan azad
etmişdi. Cəbrayılın qurtuluşu digər şəhər
və kəndlərimizin də azad olunacağının
müjdəçisi idi.
44 ilə bərabər o 44 gündə
xalqımıza zəfər soraqlı xəbərləri
şəxsən özü çatdıran Ali Baş Komandan
tarixi Qələbəmizi əbədiləşdirmək və
işğaldan azad edilmiş şəhərlərin günlərini
təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixində
sərəncam imzaladı. Sərəncamla 4 oktyabr Cəbrayıl
Şəhəri Günü elan olundu. Təqvimimizin bu
günü əbədi olaraq Cəbrayılın qurtuluşu
ilə anılacaq...
***
Cəbrayıl şəhərində, sözün əsl
mənasında, bayram ab-havası var. Bir tərəfdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva şəhərdə inşa olunan
yaşayış kompleksinin açılışını
edir. Yeni evlərə köçən sakinlərə mənzillərinin
açarları təqdim olunur. Bir tərəfdə də Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl
Şəhəri Gününün geniş konsert proqramına
son hazırlıqlar görülür.
Paytaxtdan gəlmiş mədəniyyət, elm və ədəbiyyat
xadimləri, bədii kollektivlər, media mənsubları
qarşılaşdıqları mənzərə barədə
təəssüratını bölüşür, bu şəhərdə
doğulub boya-başa çatmış insanlar xatirələrini
dilə gətirirlər.
Mədəniyyət naziri Adil Kərimli, Cəbrayıl,
Qubadlı və Zəngilan rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid
Hacıyev, digər rəsmilər də uzun illərdən
sonra doğma şəhərlərinə gəlmiş
insanların sevincinə şərik olur, bu yurdun səfalı
təbiəti, aparılan quruculuq işləri ilə bağlı
söhbət açırlar.
Cənuba əyilmiş payız günəşi də
parlaq şəfəqləri ilə Cəbrayılın
növrağına öz töhfəsini verir, bu qədim elin
qonaqlarını isti qarşılayır.
Əvvəlcə tədbir
iştirakçıları şəhərin yenidən qurulan
mərkəzi meydanında bir neçə hissədən ibarət
sərgi ilə tanış olurlar.
***
Azərbaycan Fotoqraflar Birliyinin dəstəyi ilə
hazırlanan “Zamanın qanadlarında. Cəbrayıl” adlı
fotosərgi, həqiqətən, ziyarətçiləri
öz qanadlarında keçmişə – ötən əsrin
ikinci yarısına, buralarda həyatın qaynadığı
dövrə aparır. Rayonun mədəni həyatı, tarixi
abidələri, bir vaxtlar barı, bərəkəti ilə
ölkəmizdə tanınan təsərrüfat sahələrindən
fotoobyektivin yaddaşına köçmüş kadrlar
nümayiş olunur. Stenddə eyni zamanda rayonun düşməndən
azad olunduqdan sonrakı dirçələn həyatı əksini
tapıb.
“Yurdum. Cəbrayıl” adlı rəngkarlıq sərgisində
Cəbrayıla ezam olunan rəssamların, həmçinin
yerli rəssamların yaratdığı əsərlərdə
rayonun rənglərə bürünmüş
keçmişi və bu günü təqdim olunur.
“Xubyarlı türbəsi” (R.Aslanova), “Qarabağın günəşi”
(N.Familsoy), “Cəbrayıl xalçaları” (F.Abbasquluzadə),
“Qoca çinar” (M.Kərimov), “Xudafərin” (Z.Babayeva) və digər
əsərlər ideya-bədii cəhətdən diqqətəlayiq
nümunələrdir.
Cəbrayıl rayonu öz xalçaları ilə də
məşhurdur. Azərbaycan Milli Xalça Muzeyinin daimi kolleksiyasından
ənənəvi üsulla toxunan xalçalar və xalça
məmulatları təqdim edilir. Burada Cəbrayılın
“Qasımuşağı”, “Qaraqoyunlu”, “Bəhmənli”,
“Çələbi” və s. qədim xalçalarının
replikaları nümayiş etdirilir.
“İrsimiz. Ruhumuz. Xudafərin” adlı sərgi
xüsusilə maraq doğurur. Cəbrayılın rəmzi
sayılan Xudafərin körpüləri əsrlər boyu
Arazın iki sahilini birləşdirən tarixi tikililər olub.
Körpülər Orta əsr Azərbaycan
memarlığının mühüm elementlərini əks
etdirir. Sərgidə 11 aşırımlı Xudafərin
körpüsünün kiçik modeli rəssamlar tərəfindən
işlənirdi. Körpünün qədim tarixi ilə
yanaşı, burada rəssamların özünəməxsus
üslubu və tərzi də nümayiş olunur. 11
aşırım modelini qırmızı xətt qismində
birləşdirən ümumi motiv Azərbaycan kəlağayısıdır.
Bu seqment milli irsimizin incə nümunəsini göstərməklə
bərabər, tarixi İpək Yolunun inkişafında Xudafərin
körpülərinin əhəmiyyətini də
vurğulayır. Burada görkəmli xalçaçı-rəssam
Fazil Abbasquluzadə, Əməkdar rəssam Vüqar Əli və
başqaları Xudafərin körpüsü kompozisiyası
üzərində həvəslə işləyirdilər.
Sərgi məkanında qurulmuş xüsusi bir guşədə
isə poeziya nümunələri söylənilir, musiqilər
səsləndirilirdi. Şair-dramaturq İlqar Fəhminin
ssenarisi üzrə Şuşa Dövlət Musiqili Dram
Teatrının təqdim etdiyi Cəbrayıl
ədəbi-mədəni mühitinə həsr olunmuş
kompozisiyada yurda bağlılığı, Vətən
oğullarının fədakarlığını əks
etdirən ədəbi nümunələr təqdim olunurdu.
Sərgidə “Ekosfera” Sosial Ekoloji Mərkəzi tərəfindən
uşaqlar üçün ustad dərsləri də təşkil
olunmuşdu. Mərkəzin əməkdaşları
uşaqlara tarix və mədəniyyət abidələrimizin
maketlərinin hazırlanması, eksponatların bərpası
və rəsm çəkməyin sirlərini öyrədirdilər.
***
Sərgilərlə tanışlıqdan sonra geniş
konsert proqramı təqdim olundu.
Aparıcılar Vətən müharibəsi
haqqında məlumat verdi, Azərbaycan Ordusunun 44 gündə
qazandığı Zəfərin tariximizə qızıl hərflərlə
yazıldığını, xalqımıza əbədi
qürur bəxş etdiyini vurğuladılar.
Ana yurdun tərənnümü əsasında qurulan
proqramda ilk olaraq Azərbaycan Dövlət Rəqs Ansamblı
“Qarabağ” rəqsini ifa etdi. Xalq Çalğı Alətləri
Orkestri Vasif Adıgözəlovun “Bayram süitası”nı,
Əməkdar artist Yaqut Abdullayeva Bəhram Nəsibovun
“Qarabağ” nəğməsini, Əməkdar artist İlkin
Əhmədov “Azərbaycan maralı” xalq mahnısını,
aşıq Aqşin Tarıyeloğlu “Ovşarı” saz
havasını, xanəndələr Vüsal Zamanov,
Güllü Muradova və Rəvanə Qurbanova “Qarabağ
şikəstəsi”ni, Əməkdar artistlər
Gülüstan Əliyeva Məmmədbağır
Bağırzadənin “Cəbrayıl”, Zahid Quliyev İbrahim
Topçubaşovun “Dağlarda duman gözəldir”
mahnılarını səsləndirdilər.
Həmçinin müğənni İlhamə
Qasımova bəstəkar Elza İbrahimovanın “Ey Vətən”,
Taleh Hüseynli Elnur Şahmarovun “Cəbrayılım”, Xalq
artisti Azər Zeynalov Fikrət Əlizadənin “Vətənim”,
Sona Əzizova “El bilir ki, sən mənimsən” (S.Vurğunun
“Azərbaycan” şeirindən parça musiqi aranjimanında),
“Sazəndə” aşıqlar qrupu Dirili Qurbaninin
“Bayatı-şikəstə”, Xalq artisti Samir Cəfərov
Cavanşir Quliyevin “Bura vətəndir”, “Renessans” uşaq xoru
Rauf Hacıyevin “Azərbaycan” mahnılarını oxudular.
Yenidən səhnədə görünən Azərbaycan
Dövlət Rəqs Ansamblı bu dəfə “Zəngəzur
yallısı” rəqsi ilə tamaşaçıların
zövqünü oxşadı.
Xalq artisti Mələkxanım Əyyubova Rauf Məmmədovun
“Yaşa, mənim xalqım” mahnısı ilə konsertin son
akkordlarını vurdu. Bütün ifalar alqışlarla
qarşılandı.
***
Günün ikinci yarısında Azərbaycan Dövlət
Milli Gənc Tamaşaçılar Teatrının
repertuarından “Qaraca qız” tamaşası (S.S.Axundov,
A.Şaiq) nümayiş olundu. Səhnə əsərinin
quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova,
rejissoru Əməkdar artist Nofəl Vəliyev, rəssamı
Nisə Hətəmova, musiqi tərtibatçısı isə
İradə Muradovadır.
Akademik Musiqili Teatr isə Cəbrayıl Şəhəri
Gününə Ü.Hacıbəylinin ölməz
“Arşın mal alan” tamaşasını ərməğan
etdi. Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev,
quruluşçu dirijoru Əməkdar incəsənət
xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı
Əməkdar artist Nabat Səmədovadır.
Cəbrayıl Şəhəri Günü tədbirləri
Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər
– Xalq artisti Rüfət Xəlilzadə) möhtəşəm
konserti ilə başa çatdı.
Konsert və tamaşalar, sərgilər doğma yurdda
yenicə məskunlaşan, sevinc içində olan Cəbrayıl
sakinləri və digər qonaqların könlünü
oxşadı. Bütün tamaşaçıların, ələlxüsus
da, cəbrayıllıların baxışlarında
torpaqlarımızı yağıdan azad edən şəhidlərimizin
əziz xatirəsinə dərin ehtiram və qazilərimizə
minnətdarlıq duyğusu aşkar hiss olunurdu. Elə biz mətbuat
nümayəndələrinin də...
Fariz Yunisli
Bakı-Cəbrayıl-Bakı
Mədəniyyət .- 2024.- 9 oktyabr(№75).- S.1;3.