Göyün yeddinci
qatından üzü xatirələrə...
Altmış dəqiqə havada, bir neçə saat
yerdə illəri bir-birinə qatan təəssürat
Uşaq vaxtı ağlım kəsməyə
başlayanda, daha doğrusu, yeniyetməlik
çağlarımda tez-tez gələcək barədə
düşünərdim. Məsələn, 1980-ci ildə (on
yaşım vardı) düşünürdüm, görəsən,
20, 30, 40 il sonra dünya necə olacaq, mən harada olacağam,
ətrafımdakı insanlar (ailə, qohum-qonşu,
dost-yoldaşlar) harada, necə olacaqlar?
Ağıla (xəyala) cürbəcür fikirlər,
gələcəyin “mənzərələri” gəlirdi.
Bakıya gəlib ali təhsil alacağıma əmin idim,
ondan sonrası ilə bağlı qəti fikrim hələ yox
idi: gah Bakıda “qalırdım”, gah da rayona-kəndə
“qayıdırdım”. Amma Bakıda yaşayıb-işləməyə
başlasam da, tez-tez rayona “gələcəkdim”. Özü də
yalnız qatarla. Avtobusla uzaq yola çıxmağa heç həvəsim
olmayıb (elə idi də yoxdur).
Rayonumuzdan hər gün üç sərnişin
qatarı keçirdi: Bakıdan Qafana, Naxçıvana və
oradan da İrəvana gedən qatarlar. Xüsusilə iki
marşrut qrafik baxımından daha əlverişli idi:
axşam qatara minirdin (ya Bakıda, ya rayonda), səhər mənzilbaşına
çatırdın. Komfortu olmasa da, yatıb yuxunu alırdın,
gün itkisi də olmurdu.
Beləcə, indi uzaq olan o keçmişdə hər
dəfə gələcək barədə düşünəndə
təkərlərinin ahəngdar tıqqıltısı ilə
qulağa “sığal çəkən” qatarla fikir məni
illər sonraya aparır, sonra da geri qaytarırdı. Arzular illərə
qanad oldu, Bakıda tələbəlik dövrü
başlandı, amma ildə heç olmayanda iki-üç dəfə
rayona gedib-gəlmək vardı. 1993-cü ilin avqustun
ortalarında yenə qatarla rayona getmişdim.
Axırıncı dəfə...
Bir də nə vaxt bu yolu gedə biləcəkdik? Bu
sual illərlə cavabını gözlədi. Arzu qanadlarında
on yaşımda “yola çıxdığım” vaxtdan 20 il,
30 il, 40 il keçdi...
Ta 2020-ci ilin 27 sentyabrınadək. Sinəsini Vətəninə
sipər edən igidlər o yolları açdılar...
Artıq dörd ildir Azərbaycanda bütün yollar
Qarabağa aparır. 4 oktyabrda isə bu yolların bir konkret
ünvanı vardı: Cəbrayıl.
27 il tar-mar edilən,
yandırılıb-dağıdılan torpaqda külündən
doğulub dirçəlməyə başlayan Cəbrayıl
yeni yaşını, işğaldan qurtuluşunun 4 ilini qeyd
edirdi.
Etiraf edim ki, nə o uzaq 80-ci ildə, nə də
sonrakı illərdə ən futuristik xəyalda belə
ağlıma gəlməzdi ki, günün birində
Bakıdan doğma rayonumuza təyyarə ilə gedəcəyəm.
Amma, necə deyərlər, ağıla gəlməyən
başa gəlir. Və nə yaxşı ki gəlir. Təkcə
ona görə yox ki, axırıncı dəfə 31 il əvvəl
qatarla qət etdiyim dəmir yolu hələ bərpa olunur,
istismar üçün hazır deyil. Həm də ona görə
ki, indiki sürət çağında (yolda itirilən) hər
saatın dəyəri var. Bir də ki, bu qədər möhtəşəm
bir infrastrukturla yenidən qurulan yurd yerlərinə niyə
“bir göz qırpımında”, uçaraq da getməyək.
***
Yoldaşlardan birinin yarızarafatla dediyi kimi, hələlik
Cəbrayıla birbaşa uçuş olmadığı
üçün Bakı-Füzuli reysi ilə gedirik.
Pilot elan edir ki, uçuş zamanı 35 dəqiqədir.
Beləliklə, qalxış və eniş dəqiqlərini
hesaba almasaq, otuz dəqiqə havada özüm-özümlə
qalmışam və bu fikirləri də, əslində,
göyün yeddinci qatında beynimdəki “yaddaş dəftəri”nə
qeyd edirəm. Birmənalı izah və təsvir edə bilməyəcəyim
hisslər burulğanında ötənlərin xatirəsi,
ömrün arxada qalan illəri bir-birinə
qarışır. Üstəlik, bu günün mənim
üçün əlamətdar olan daha bir tərəfi var...
2020-ci ilin 4 oktyabr axşamı Prezident, Ali Baş
Komandan İlham Əliyev teleekran qarşısına diqqət
kəsilmiş Azərbaycan xalqına Vətən müharibəsinin
ilk böyük müjdəsini çatdıranda
keçirdiyim hissləri xatırlayıram.
“Uzun illərdən sonra Cəbrayıl şəhəri
azad edildi. Cəbrayıl bizimdir! Bu gün cəbrayıllılar,
əlbəttə ki, sevinc içindədirlər, necə ki,
bütün Azərbaycan xalqı. Bu, sevinc göz
yaşlarıdır... Bu gün Azərbaycan xalqı sevinc
içindədir... Biz bu günlər xalqımızın və
dövlətimizin yeni tarixini yazırıq” – bu sözləri
deyəndə Ali Baş Komandan da sevinc qarışıq qəhər
içində idi, Zəfər soraqlı ilk müraciətində
səsindəki həyəcan duyulurdu. O axşam sevinc göz
yaşına qərq olanlardan mənim üçün
ömrün yeni bir səhifəsi də başladı. 50
yaş üçün dövlətimizin
başçısının bu qalibiyyət müjdəsindən
böyük hədiyyə ola bilməzdi!
Uzaq tələbəlik dövründə bir dəfə
(18 yaşımda) 4 oktyabrı xüsusi olaraq qeyd etdiyimi hesaba
almasaq, bu tarixin mənim üçün ömrün daha bir
ilinin arxada qaldığını xatırlatmaqdan savayı, əslində,
elə bir məna yükü olmayıb. Belə də davam edəcəkdi,
əgər 2020-ci ilin 4 oktyabrı olmasaydı. 50 ildən
sonrakı illəri artıq yeni bir anlamda – Vətənin
ağuşuna qayıtmış doğma yurdun xilas
günü, şan-şərəf təqvimimizə yazılan
Cəbrayıl Şəhəri Günü kimi qeyd etmək
var. Dünyaya gəldiyin gün bütöv elin bayramına təsadüf
edirsə, bundan xoş nə ola bilər...
Bu düşüncə içində göyün
yeddinci qatından aşağı enirəm. Bakıdan
böyük bir heyəti gətirən təyyarə ehmalca
enişdən sonra Füzuli hava limanının gözəlliyi
gözümüzü oxşayan binası önündə
dayanır. Qarabağ torpağına xoş gəldik deyib
avtobuslarla mənzil başına yola düşürük.
Füzulidən Cəbrayıla yeni çəkilmiş, əvvəlkindən
daha qısa və rahatlığına söz olmayacaq yolla –
dörd il əvvəl bu günlər igid oğulların
qanı-canı ilə azad etdikləri təpələrin
arasından keçərək gedirik. Yarım saat çəkmir
– budur, Cəbrayıl şəhərindəyik...
***
Cəbrayılın əsas meydanı. Şəhərin
mərkəzi küçəsi də buradan keçirdi. Bir
vaxtlar zəhmətkeşlərin bayramı 1 mayda, Oktyabr
inqilabı günündə (7 noyabr) təntənəli
nümayiş-keçidlər, digər əlamətdar tədbirlər
burada olardı. Kənd uşaqları olan bizlər də rayon
mərkəzinə gələndə gəzintiyə burdan
başlayardıq.
Meydanın yuxarı başında Sovet İttifaqı
Qəhrəmanı Cəmil Əhmədovun büstü
qoyulmuşdu. Geniş küçənin o üzündə
kitab mağazası vardı, şəhərə (o vaxtlar hələ
qəsəbə idi) ilk baş çəkdiyim yer ora
olardı. Onun yaxınlığında çayxana-yeməkxana,
bir az aralıda təsərrüfat malları mağazası.
Küçənin bu tayında univermaq, “Davudun dükanı”
kimi tanıdığımız ərzaq mağazası (taxta
çəlləklərdəki pendirin xüsusilə çox
alıcısı olardı), üzüaşağı gedəndə
sağda ikimərtəbəli mehmanxana, solda rayon İcraiyyə
Komitəsinin üçmərtəbəli binası. Onu
keçəndən sonra əzəmətli çinarın
yanında dayanardıq. Yeddi əsr yaşı olan nəhəng
gövdəli ağac SSRİ-nin “Qırmızı
kitabı”na salınmışdı. Dibindən kəhriz
(“Lenin kəhrizi” – küçənin
adı ilə) suyu axırdı. Küçəboyu irəlidə
ikimərtəbəli “Uşaq aləmi” mağazası, məişət
evi (fotostudiya, dərzi və s.), sonra böyük bazar, ondan
sağa dönəndə universam vardı...
İndi onların heç biri yoxdur. Otuz ilə
yaxın misilsiz bir barbarlıq – erməni vandalizmi ilə
üz-üzə qalmış digər yurd yerlərimiz kimi, Cəbrayıl
da yerlə yeksan edilib, daşı daş üstə
qalmayıb. Yolboyu diqqət yetirsən, bəzi tikililərin
bünövrə daşlarını görə bilərsən...
Artıq iki ildir Cəbrayıl da yenidən qurulur.
Daş üstünə daş qoyulur, yeni şəhər
salınır. Qoca çinar dibindən kəsilsə də,
kökü qurumayıb. Çünki kökü sudadır. Kəhrizin
gözü tutulsa da, suyu tükənməyib. Çinarın
gənc pöhrəsi də artıq 8-10 metr
hündürlüyə qalxıb...
Bir vaxtların meydan yerində böyük bir konsert səhnəsi
qurulub, bir qədər aralıda tamaşa səhnəsi də
var. Ətrafda çal-çağır, büsat. Peşəkar
rəssam və sənətkarlar, xalçaçılarla bir
arada uşaqlar da əl qabiliyyətlərini göstərirlər.
“Şəhər günü” konserti başlayıb.
İfalar bir-birini əvəz edir. Müğənni
Gülüstan Əliyeva mərhum sənətkar Məmmədbağır
Bağırzadənin ilk dəfə canlı ifada eşitdiyim
“Cəbrayıl” mahnısını oxuyur. Yurdun, bir
zamanların abad şəhərinin tərənnümü...
İndi nə o şəhər var, nə də onun vəsf
olunan mənzərəsi. Amma yeni şəhərin ilk
ünvanları gələcəyə ümid
çıraqlarıdır. “Şəhər
günü”nün təntənəsi bir qədər
aralıdakı yeni yaşayış kompleksinədək
yayılır. 4-5 mərtəbəli binalarda 700-dən
çox mənzil hazırdır. 130-dan çoxuna sakinləri
köçüb. Akademik Mehdi Mehdizadə adına 960
şagird yerlik orta məktəb (iki il sonra Cəbrayılın
qocaman tədris ocağı kimi 150 yaşını qeyd edəcək)
binası da yenidən qurulan Cəbrayıl şəhərinin
ilk ünvanlarındandır...
***
Bayram büsatı davam edir. Biz isə Bakıya
qayıdırıq. Yenə göyün yeddinci qatında illəri
qovan xəyal-düşüncələr... Artıq
keçmişi yox, gələcəyi düşünürəm.
Amma, on yaşında olduğum kimi, 20, 30, 40 il sonranı deyil,
daha yaxın gələcəyi. Hər halda, ömrün
çoxu arxada qalıb. Arzu da gərək elə qanad
açsın, ona gedib çata biləsən.
Arzum budur ki, tezliklə Bakıdan Cəbrayıla yola
düşəcək qatarla 32-ci ildir doğma yurddan uzaq
düşən valideynlərimi o torpağa aparmaq qismət
olsun...
Bir də... bir daha bizə təqvimimizə külündən
dirçəlib, yenidən qurulan şəhərlərimizin
gününü yazmaq qismət olmasın...
Mən bu arzu-diləklə baş-başa ikən təyyarəmiz
yerə enir. Bu dəfə 30 dəqiqə, deyəsən, daha
tez keçdi... Deməli, otuz il bizdən uzaq düşən
yerlərimiz bu qədər yaxında imiş...
***
Sonda... bu yazı, əslində, burada bitmir, ardı
var...
Cəbrayılın bir parçası olan balaca vətənimin
– Quycaq kəndinin öz sakinlərini qoynuna alacağı
günün təntənə-təəssüratını da
yazmaq ümidi ilə...
Vüqar Əliyev
Mədəniyyət .- 2024.- 9 oktyabr(¹75).- S.6.