“Tağıyev: neft”
– kinotetralogiyanın ilk bölümü böyük ekranda
Milli mesenatın həyat yoluna işıq salan bədii
film təqdim olundu
Kinosevərlərin çoxdan maraqla gözlədikləri
gün yetişdi. Böyük xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən
bəhs edən “Tağıyev: neft” bədii filmi
tamaşaçı ilə görüşdü. Oktyabrın
4-də Heydər Əliyev Mərkəzində ekran işinin
premyerası oldu.
Təqdimat mərasimində layihənin rəhbəri
və prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu
Əliyeva, Heydər Əliyev, dövlət rəsmiləri, mədəniyyət
xadimləri iştirak edirdi.
Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət
Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media
Mərkəzi tərəfindən lentə alınıb. Filmin
baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev,
rejissoru Zaur Qasımlı, ssenari müəllifləri
İsmayıl İman, Asif İsgəndərli və Zaur
Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi
Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı
Etibar Əsədlidir.
Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban
İsmayılov (Tağıyev), Əməkdar artistlər Rasim
Cəfər, Elşən Rüstəmov və Natəvan
Hacıyeva daxil olmaqla geniş peşəkar aktyor heyəti
filmdə tarixi personajları canlandırıb.
Əvvəlcə iştirakçılar mərkəzin
foyesində filmin çəkilişi zamanı istifadə
olunan geyim və tarixi əşyaların sərgiləndiyi
guşə, eləcə də ekran əsəri haqqında məlumatla
tanış oldular.
“Tağıyev: neft” mesenat, neft milyonçusu Hacı
Zeynalabdin Tağıyevin həyat yoluna bədii-sənədli
filmin gözü ilə baxmaq imkanı verən kino nümunəsidir.
Böyük insana həsr olunan tetralogiyanın
(süjet və müəllif fikri ilə birləşmiş
dörd hissədən ibarət əsər) ilk seriyası olan
filmdə XIX əsrin sonları – XX əsrin əvvəllərində
Bakı və ölkəmizin regionlarında baş verən
mühüm tarixi hadisələr də öz əksini
tapır.
Biz bioqrafik filmin ayrı-ayrı səhnələrində
Azərbaycan tarixinin sırf təsvir olunan mərhələsinin
tanıdılması və bu fonda həm də milli dəyərlərimizin
təbliğinə verilən önəmi detallı şəkildə
görürük.
Epik filmin (böyükmiqyaslı və təsirli
panoram təsvirləri özündə cəmləşdirən
film çəkilişi tərzi) xüsusiyyətlərini
özündə daşıyan ekran əsərinin ən
maraqlı cəhəti qəhrəmanın müxtəlif
planlarda təqdimatında fərqliliyə cəhd edilməsidir.
Bu da təsadüfi deyil. Xeyriyyəçinin vəfatının
100 illiyinin qeyd edildiyi 2024-cü ildə təqdim olunan film
xalqımızın bütün zamanlarda belə mütərəqqi
insanlarına dəyər və sevgi ilə
yanaşdığını göstərir.
Ekran əsəri Bakıda başmaqçı ailəsində
dünyaya gələn və sonrakı milyonçu taleyi ilə
öz xalqı üçün böyük işlər
görən Tağıyevin həyatının müxtəlif
dövrlərinə işıq salır. Onun verdiyi çətin
qərarlar, uğur qazanacağına olan inamı, məqsədləri
ilə bağlı inadkarlığı, sadə insanlara
göstərdiyi dəstək, cəmiyyətin təhsil səviyyəsinin
yüksəldilməsi üçün atdığı tarixi
addımlar, ilkin uğursuzluqlara, itkilərə, maddi və mənəvi
böhranlara rəğmən əzmkarlıqla mücadiləsi
fərqli epizodlarla öz əksini tapır.
Bu zaman biz yaxşı həyat yoldaşı, mehriban
ata, sadiq dost, imanlı insan, yenilikçi vətəndaş, ədalətli
rəhbər Tağıyevi fərqli rakurslarda, müxtəlif
vəziyyətlərin tələbi ilə həll olunmuş səhnələrdə
görürük. Bu yolla da biz nəinki bir fərd kimi onu,
ümumilikdə yaşadığı dövrü də
analiz edə bilirik.
Sözsüz ki, filmin sonrakı seriyalarında
Tağıyevin müsəlman Şərqində
qızların təhsili üçün ilk dəfə
xüsusi məktəbin əsasını qoyması, Azərbaycanda
neft sənayesinin inkişafına, Bakı şəhərinin
zəruri infrastrukturunun yaradılmasına nail olması, eləcə
də həyatının müxtəlif məqamlarında –
milyonların gəlib-getdiyi illərdə
yaşantılarına da nəzər sala biləcəyik. Bunun
işartıları məscidin axundu, dostu, oğlu və eləcə
də fəhlələri ilə dialoqlarında, anons kimi də
olsa, təsvir həlli vasitəsilə qeyd olunurdu.
Texniki parametrlərinə görə bu bədii film həm
də Azərbaycan kino sənayesinin inkişafında
mühüm hadisədir. 76 fərqli məkanda çəkilişləri
aparılan ekran əsərinin kütləvi səhnələrində
2500 nəfərə yaxın yaradıcı şəxs
iştirak edib. Tarixi səhnələr üçün 300-dən
çox dekorasiya hazırlanıb. Tağıyevin
yaşadığı dövrü tam əks etdirmək
üçün xüsusi geyim emalatxanası yaradılıb,
çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri
və xüsusi rekvizitlər ərsəyə gətirilib.
Filmə baxarkən böyük zəhmət,
yaxşı təşkilatçılıq, yüksək səviyyədə
texniki dəstək bariz hiss olunur. Digər üstün cəhət
texniki və yaradıcı heyətdə, əsasən, milli
kadrlardan, aktyor heyətindən istifadədir. Bu da onu göstərir
ki, istənilən böyükmiqyaslı işi icra edə biləcək
təcrübəli kino heyətimiz var.
Film 1922-ci ilin təsviri, Tağıyevin əcnəbi
jurnalistə müsahibəsi ilə başlayır. Ssenaristlər
bunu fləşbəq metodu (hadisənin yenidən
yaşanmasından yaranan intensiv duyğular, təsəvvürlər)
ilə çatdırırlar. Ümumiyyətlə,
yaradıcı heyət Tağıyevin həyatının həmin
dönəmini dolğun şəkildə təqdim edirlər.
Ən əsası, bu zaman Tağıyev təkcə
texnologiyada, sənayedə inqilabçı kimi yox, həm də
münasibətlərində, təfəkküründə
yenilikçi, mütərəqqi şəxs kimi göstərilir.
Mesenatın təkcə məscidin axundu ilə konflikti bunu
göstərir ki, o, xurafata qarşıdır. Xalqın
inkişafını elmdə, təhsildə görür. Buna
görə də oğlunun mollaxanada deyil, məktəbdə
oxumasını istəyir.
Filmin ilk bölümündə tamaşaçı
kimi məni ən çox cəlb edən Tağıyevin daxili
dünyasına varmaqla onun xarakterini ayrı-ayrı nümunələrlə
açmaq cəhdləri idi.
Məsələn, aclıqdan əziyyət çəkən
insanlara anbarlarındakı bütün taxılları
paylayır. Hətta bunu elə adi hərəkətlə edir
ki, sən onun neft milyonçusu olmazdan əvvəlki sadə
tacir səxavətinə, mərhəmətinə heyran
olursan. Filmin bir üstün cəhəti də onun sənədli
faktlara əsaslanmaqla tamaşaçını təsvirlə
təəssürat arasında saxlaması idi.
Nümayişdən sonra filmin yaradıcı heyəti
səhnəyə dəvət olundu.
Filmin rejissoru Zaur Qasımlı ekran əsərinin
çəkilişlərinə göstərilən dəstəyə
görə hər kəsə minnətdarlığını
bildirdi, uzun və çətin yolda ona inananları
unutmadığını dedi. O, ekran əsərinin çəkilişləri
zamanı qarşılaşdıqları çətinliklərdən
də söhbət açdı, filmin Tağıyevin şəxsiyyətinə
layiq bir iş olması üçün bütün güclərini
səfərbər etdiklərini vurğuladı.
Rejissor filmin ərsəyə gəlməsində
göstərdiyi hərtərəfli dəstəyə görə
Arzu Əliyevaya xüsusi təşəkkürünü
bildirdi, yaradıcı heyət adından ona xatirə hədiyyəsi
təqdim etdi.
Bildirək ki, tarixi səhnələri və
zövqlü bədii tərtibatı ilə diqqətçəkən
filmi tezliklə kinoteatrlarda izləmək mümkün olacaq.
Həmidə Rüstəmova
Mədəniyyət .- 2024.- 9 oktyabr(¹75).- S.1;5.