Milli Kitabxanada “Macarıstan ədəbiyyatı guşəsi”

 

X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxanada “Macarıstan ədəbiyyatı guşəsi”nin açılışı olub.

Mərasimdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov, Macarıstan Milli Kitabxanasının direktor müavini xanım Judit Gerencser çıxış ediblər.

Qeyd edilib ki, indiyədək kitabxanada 13 ölkənin ədəbiyyat guşələri yaradılıb. İndi bu sıraya Macarıstanın ədəbiyyatı guşəsi də əlavə olunur. Oxucular burada Macarıstan Milli Kitabxanasının digər elektron resurslarından da istifadə edə biləcəklər.

“Macar kitab guşəsi mədəni diplomatiya sahəsində də böyük bir addımdır, çünki bu, Macarıstanın mədəniyyətini və dəyərlərini Azərbaycana təqdim etməyə olan bağlılığı göstərir. Bu təşəbbüs Macarıstan-Azərbaycan mədəni əlaqələrinin güclənməsinə müsbət təsir edəcək. Bu gün açılan kitab guşəsi mədəniyyətlərarası dialoq və əməkdaşlığa uzunmüddətli bir öhdəlikdir. Gələn ilin əvvəlində Macarıstanda da “Azərbaycan ədəbiyyatı guşəsi” açılacaq”, – deyə xanım Gerencser bildirib.

Tədbirdə Macarıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Monika Ferföldi də iştirak edib.

Sonda qonaqlara kitablar və xatirə hədiyyəsi təqdim edilib.

 

Mədəniyyət .- 2024.- 9 oktyabr(¹75).- S.3.