Bölgələrdən müxtəlif
səpkili xəbərlər
Ölkə teatrlarının yaradıcılıq əlaqələrinin
genişləndirilməsi məqsədilə Qax rayon İlya
Çavçavadze adına Dövlət Gürcü Dram
Teatrında bir qrup gürcü sənət adamı ilə
görüş keçirilib.
Görüşdə Şəki-Zaqatala Regional Mədəniyyət
İdarəsinin (RMİ) rəisi vəzifəsini icra edən
Nargilə Qafarova, aparıcı məsləhətçisi
Vüsal Həsənov, Qax Rayon İcra Hakimiyyəti
başçısının müavini Vəfa Heydərova,
Dövlət Gürcü Dram Teatrının direktoru Zita Xəlilova,
Gürcüstandan gələn qonaqlar – bəstəkar Mariam
Kvaliaşvili, teatrşünas Tika Şvanidze, qonşu ölkənin
Xalq artisti Leba Arabidze, aktrisa Nanuli Sarajaşvili, həmçinin
bir sıra mədəniyyət xadimləri və gənclər
iştirak ediblər.
Çıxışlarda multikultural dəyərlərin
qorunmasından, qarşılıqlı mədəni əlaqələrin
genişləndirilməsindən söhbət
açılıb.
***
Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət
Mərkəzinin tabeliyində fəaliyyət göstərən
Səməd Vurğun adına şəhər Folklor evi,
Lütfəli Abdullayev adına şəhər
Diyarşünaslıq klubu və Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsi Şəki regional bölməsinin
birgə təşkilatçılığı ilə “Ailə
münasibətlərinin cəmiyyətin inkişafında
rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Çıxışlarda ailədaxili problemlər, ailə
psixologiyası, valideyn-övlad münasibətlərinin
formalaşması, eləcə də ailə dəyərlərinin
cəmiyyətdə rolu məsələlərinə toxunulub.
***
Şirvan Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı
ilə şəhər məktəbliləri arasında
“Yaşıl ətraf mühit və təhlükəsizlik
naminə” adlı intellektual yarış keçirilib. Tədbirin
məqsədi məktəblilərdə ekoloji maarifləndirməni
artırmaq və onları ətraf mühitin qorunmasına
töhfə verməyə təşviq etməkdir.
Şirvan şəhər 1 nömrəli tam orta məktəb
I, 11 nömrəli tam orta məktəb II, 4 nömrəli tam
orta məktəb isə III yerə layiq görülüb.
Qaliblərə fəxri fərmanlar və kuboklar təqdim
olunub.
***
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının
Uşaq şöbəsi tərəfindən görkəmli
rus şairi, yazıçı-dramaturq Mixail Lermontovun
(1814-1841) 210 illiyi ilə əlaqədar müəllifin
“Aşıq Qərib” əsərinin oxusu keçirili.
Tədbirdə məlumat verilib ki, cəmi 27 il
ömür sürən M.Lermontov bu qısa dövrdə
olduqca maraqlı əsərlər yazıb. Oğuz-türk mənşəli
“Aşıq Qərib” nağılının Azərbaycan
versiyası 1837-ci ildə Lermontov tərəfindən qələmə
alınıb. 1846-cı ildə dərc olunduqdan sonra əsər
rusdilli ədəbi mühitdə geniş şöhrət
qazanıb.
Kitabxana əməkdaşının ucadan oxuduğu əsər
uşaqlar tərəfindən maraqla qarşılanıb.
***
Salyan rayonunda şəhidlərin xatirəsinə həsr
olunmuş şahmat turniri keçirilir. Salyan rayon Heydər
Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti, Uşaq-Gənclər
İdman-Şahmat Məktəbi tərəfindən “Vətən
bizim and yerimiz” layihəsi çərçivəsində təşkil
edilən turnir oktyabrın 14-də yekunlaşacaq.
***
Ağstafada fərdi təhsilə cəlb olunan
uşaqlarla görüş keçirilib. Mədəniyyət
Mərkəzində təşkil olunan tədbirdə İcra
Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz
RMİ-nin rəisi vəzifəsini icra edən Nail Məmmədov,
məsul şəxslər, valideynlər, ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, ölkəmizdə sağlamlıq
imkanları məhdud uşaqların da keyfiyyətli təhsil
almaları daim diqqətdə saxlanılır. Onların asudə
vaxtlarının səmərəli təşkili,
istedadlarının aşkara çıxarılması məqsədilə
zəruri tədbirlər həyata keçirilir.
Nağıl qəhrəmanlarının
iştirakı ilə təqdim olunan səhnəciklər və
əyləncəli proqramlar uşaqlar tərəfindən
sevinclə qarşılanıb.
***
Masallı rayon Mərkəzi Kitabxanasında “Narkomaniya
bəşəriyyəti təhdid edən böyük bəladır”
adlı tədbir təşkil edilib. Qeyd olunub ki, bəşəri
bəla olan narkomaniyanın sərhəd tanımadan genişlənməsi
dövlətimizi bütün imkanları səfərbər edərək
bu bəlanın kökü kəsilməsi istiqamətində
beynəlxalq mübarizəyə qoşulmağa sövq edib.
Diqqətə çatdırılıb ki, narkomaniyaya
qarşı mübarizəni gücləndirməklə gələcəyimizi,
sağlamlığımızı, dövlətçiliyimizi
daha da möhkəmləndirmiş oluruq.
***
Masallı rayonunun Boradigah qəsəbəsində
şəhid İnqilab Nağıyev adına 2 saylı tam orta
məktəbdə “Ailə milli dəyərlərimizin
daşıyıcısıdır” mövzusunda maarifləndirici
tədbir keçirilib. Tədbir Masallı
Tarix-Diyarşünaslıq Muzeyi, Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin regional bölməsi, Lənkəran-Astara
RGİİ və Lənkəran-Astara RTİ-nin rayon üzrə
sektorunun təşkilatçılığı ilə
gerçəkləşib. Yeniyetmələrlə mövzu ətrafında
diskussiya aparılıb və onlara kitablar hədiyyə olunub.
Yekunda mövzu ilə bağlı videoçarx izlənilib.
N.Məmmədli
Mədəniyyət.- 2024.- 11 oktyabr(¹76).- S.4.