“Şuşada bitən
yuxular”
Şəhid qəhrəmana həsr olunan kitab təqdim
edildi
2020-ci ilin Vətən müharibəsi şəhidi,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu
Teymur Məcidzadənin xatirəsinə həsr edilən
“Şuşada bitən yuxular” kitabının təqdimatı
keçirildi.
Şəhidin dünyaya gəldiyi 10 oktyabrda UNEC-də
təşkil olunan tədbirdə qəhrəmanın ailə
üzvləri, millət vəkilləri iştirak edirdilər.
Tədbirin aparıcısı Jalə Həsənli
bildirdi ki, Teymur Tehran oğlu Məcidzadə 1992-ci ildə
Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub.
1993-cü ildə rayonun Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edilməsindən sonra ailəsi
Bakıya pənah gətirib.
Məcid burada orta məktəbi bitirdikdən sonra
2010–2014-cü illərdə Azərbaycan Dövlət
İqtisad Universitetində dünya iqtisadiyyatı ixtisası
üzrə təhsil alıb. Sərhəd Qoşunları tərkibində
əsgəri xidmətini başa vuran Məcid həyatını
hərbçi kimi davam etdirmək qərarına gəlir.
İkinci ali təhsil kimi Milli Müdafiə Universitetinin Heydər
Əliyev adına Hərbi İnstitutuna daxil olur. Hərbi təhsilini
uğurla başa vuraraq leytenant rütbəsi alır.
Hərbi hissədə tağım komandiri vəzifəsinə
təyin olunan Teymur Məcidzadə Vətən müharibəsində
Füzuli rayonundan Şuşayadək döyüş yolu
keçib. Doğulduğu Gecəgözlü kəndinin
işğaldan azad edilməsində iştirak edib və kəndə
ilk ayaq basan hərbçilərdən olub. 2020-ci il noyabrın 9-da, Vətən
müharibəsinin 43-cü günündə, savaşın
bitməsinə saatlar qalmış Şuşa rayonu ərazisində
şəhidlik zirvəsinə ucalıb. Bakıda Fəxri
xiyabanda torpağa tapşırılıb.
Dövlət başçısının müvafiq sərəncamları
ilə ölümündən sonra III dərəcəli “Rəşadət”,
“Vətən uğrunda”, Cəbrayıl, Füzuli və
Şuşanın azad olunmasına görə medalları ilə
təltif edilib.
Tədbirdə çıxış edən UNEC-in
rektoru professor Ədalət Muradov, Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Coşqun Cəbrayılov şəhidlərimizin
əziz xatirəsinin daim qəlblərdə
yaşayacağını dedilər.
Vurğulandı ki, bu gün işğaldan azad
edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa
və quruculuq işlərini izləyərkən şəhidlərimizin
xatirəsini dərin ehtiramla yada salır, qazilərimizə
minnətdarlıq edirik.
“Şuşada bitən yuxu” kitabının müəllifi
Könül Qurbanova, Teymur Məcidzadənin anası Yasəmən
xanım tədbirin təşkilatçılarına və
iştirakçılarına, kitabın hazırlanmasında dəstəyinə
və nəfis şəkildə çapına görə “Zərdabi”
və “Təhsil” nəşriyyatlarına təşəkkür
etdilər.
Bədii hissədə Əməkdar artist Nuriyyə
Hüseynova və Beynəlxalq Muğam Mərkəzinin solisti
Mirələm Mirələmovun vətənpərvərlik
ruhunda ifaları təqdim olundu. Ağdam rayon 33 nömrəli
orta məktəbin 4-cü sinif (Teymur Məcidzadə adına)
şagirdləri və Pirallahı rayon Yavər Əliyev
adına 225 nömrəli məktəbin şagirdləri şəhidlərə
həsr olunan kompozisiya ilə çıxış etdilər.
Lalə Azəri
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.3.