Mənzilə
çatmayan ömür və sənət karvanı
Milli kino sənətimizin inkişafında əməyi
olan sənətkarlarımızdan biri də yazıçı,
şair, kinodramaturq, jurnalist Əli Qafarovdur.
Tanınmış sənətkar əsərlərində
milli-mənəvi dəyərlərimiz, daş
yaddaşlarımız olan tarix-memarlıq abidələrimizə
işıq salıb, onların bərpası, qorunması və
təbliği üçün səy göstərib.
Əli Hüseyn oğlu Qafarov 16 oktyabr 1935-ci ildə
Ukraynanın Dnepropetrovsk vilayətində dünyaya göz
açıb. Bir müddət sonra valideynləri Lənkəran
şəhərinə köçür. Əli 1954-cü ildə
orta məktəbi müvəffəqiyyətlə başa vurub
indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə
qəbul olunur. Universitetin ikinci kursunu bitirəndən sonra,
1956-cı ildə Moskvaya – Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun Ssenari fakültəsində təhsil
almağa göndərilir. Bir müddət sonra o, kurs
yoldaşları ilə birgə gizli gənclər dərnəyinə
üzv olur. Sonra bu dərnəyin təşkilatçılarından
biri kimi ittiham olunur və cəzalandırılır. 10 il
Sibir düşərgələrində cəza çəkir.
İki il Ümumittifaq “Hidroenerjilayihə” İnstitutunda,
Anqarsk geoloji ekspedisiyasında topoqrafik və qazma dəstələrində
fəhlə işləyir. Bu illər Əli Qafarov
üçün sərt həyat məktəbi olur. Sonralar
respublika və ümumittifaq dövri nəşrlərində
Əli Qafarovun “Sibir” hekayələri işıq üzü
görür. Beləliklə, o, ədəbi ictimaiyyətin
diqqətini özünə cəlb edir.
Əli Qafarovun həyat və fəaliyyətini tədqiq
edən kinoşünas, Əməkdar incəsənət
xadimi Aydın Kazımzadə yazır ki, o, Vətənə
qayıtdıqdan sonra qələmini jurnalistikada
sınayır. 1962-ci ildə “Bakinski raboçi” qəzetində
ədəbi işçi kimi fəaliyyətə
başlayır. Ancaq kinodramaturq olmaq arzusu onu rahat buraxmır və
bu sahədə təhsil almağa qərar verir. 1968-ci ildə
Moskvada Ali rejissorluq və ssenaristlər kursuna daxil olur. Məşhur
kinodramaturq Aleksey Kaplerin emalatxanasında təhsil alır.
Əli Qafarov “Azərbaycanfilm” kinostudiyasının
çəkdiyi “Qızıl qaz”, “Çarvadarların izi ilə”
bədii və “Mahnıya həsr olunmuş həyat”, “Sevinc
sarayı”, “Dirçəldilmiş torpaq”, “Odla təmasda”, “Xəzər
Atlantidası” və s. sənədli filmlərin ssenarilərini
yazır. O, “Çarvadarların izi ilə” (rejissor Tofiq
İsmayılov) bədii televiziya filminin ssenarisini Xalq
yazıçısı İlyas Əfəndiyevin
“Körpüsalanlar” romanının motivləri əsasında
qələmə alıb. Keçmişlərdə
çarvadar çətin və təhlükəli dağ
yolları ilə yerli sənətkarların istehsal etdikləri
malları uzaq ölkələrə aparan bacarıqlı
tacirlərə deyilib. Filmin qəhrəmanı Adil
inşaatçı mühəndisdir. Doğma kəndlərinə
yol çəkmək istəyir. Yolun tikintisi ilə
bağlı təklif rayon rəhbərliyi tərəfindən
bəyənilir. Lakin mühəndis bu işdə bir məsələni
diqqətdən qaçırır. Adil vəzifəsindən
istifadə edərək yolu tez təhvil vermək istəyir.
Planı yerinə yetirmək üçün yol üstündəki
tarixi abidə və insanların müqəddəs hesab etdikləri
türbələri uçurmaq fikrinə düşür.
Adilin bu hərəkəti əhalinin
narazılığına səbəb olur. Yolçəkənlərlə
sakinlər arasında ciddi münaqişə baş verir...
Rejissor T.İsmayılov xatirələr kitabında
film haqqında yazıb: “Filmin əsas ideyası kəndimizin
keçmişini, onun ab-havasını ekranda canlandırmaq,
illərin dəyərli yadigarı olan, tarixi memarlıq abidələrimizi
üzə çıxarmaq və qorumaqdır. Çünki
keçmişdən yadigar qalan hər daşa,
gözoxşayan hər bir gözəlliyə ehtiram,
qayğı bizim vətəndaşlıq borcumuzdur”.
Rejissor S.Bədəlovun 1969-cu ildə lentə
aldığı “Mahnıya həsr olunmuş həyat” filmi
görkəmli opera müğənnisi, SSRİ Xalq artisti
Şövkət Məmmədovadan bəhs edir. Filmdə diktor
mətni yoxdur. Filmi müğənninin özü şərh
edir. Bu nə qədər çətin olsa da, uğurlu
alınıb. Filmdə sənətkarın həyat və
yaradıcılığı öz parlaqlığı ilə
canlanır.
Ə.Qafarov və Ə.Muğanlının ssenariləri
əsasında rejissor Y.Əfəndiyevin lentə
aldığı “Odla təmasda” filmi Azərbaycan
xalqının digər xalqlarla dostluq və əməkdaşlığına
həsr olunub. İlk kadrlarda Bakı haqqında
danışılır. Bildirilir ki, şəhərin min ildən
də artıq yaşı var. Sonrakı kadrlarda məlum olur
ki, Sumqayıtda hazırlanan borulardan Bakı neftçiləri
Hindistan torpağında qazdıqları quyularda istifadə
ediblər. Filmdə Bağdadda yaradılan ilk milli balet məktəbi
ilə tanış oluruq. Həmin məktəbə SSRİ
Xalq artisti Qəmər Almaszadə rəhbərlik edir...
Tanınmış kinodramaturq həyatdan vaxtsız
köçür. Yaradıcılığının ən bəhrəli
çağında – 1979-cu ildə, 44 yaşında faciəli
şəkildə həlak olur.
Yazıçının vəfatından bir müddət
sonra hekayə və povestlərindən ibarət “Qızıl
qaz” adlı kitabı 1984-cü ildə Moskvada işıq
üzü görüb.
Savalan Fərəcov
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.6.