“Qafqazın poetik abidəsi” –
Lermontovun 210 illiyinə töhfə
Oktyabrın 15-də dünya ədəbiyyatı
tarixində ən gənc klassiklərdən birinin – taleyin cəmi
13 illik yaradıcılıq nəsib etdiyi Mixail Lermontovun
(1814–1841) anadan olmasının 210 ili tamam olur. Qısa
ömür və yaradıcılıq fəaliyyətində
Lermontovun poeziya, nəsr və dramaturgiya sahəsində
yaratdığı əsərlər onun adını dahi
yazıçılar sırasına həkk edib.
Rusiya ədəbiyyatına dair silsilə kitabların
müəllifi Reyhan Mirzəzadənin bu yaxınlarda
çapdan çıxan “Qafqazın poetik abidəsi” kitabı
M.Lermontovun 210 illiyinə
töhfədir.
Kitabda Lermontovun mübarizə dolu həyatı, xəlqilik
prinsipləri ilə zəngin yaradıcılığı,
ömrünün Qafqazla bağlı səhifələri əksini
tapıb, bu yerlərin əsrarəngiz təbiətinə,
Qafqaz xalqlarına həsr etdiyi əsərlərə, həmçinin
azərbaycanlı, eləcə də digər ölkə
şairlərinin onun haqqında qələmə
aldığı şeirlərə yer verilib.
Müəllif Tiflisdə Lermontovun gənc və
istedadlı azərbaycanlı şair, yazıçı Mirzə
Fətəli Axundzadə ilə görüşü və səmimi
söhbətlərini də maraqlı detallarla təqdim edir.
Lermontov yaradıcılığı XIX əsr rus ədəbiyyatının
yeni yüksəliş dövrü olub və özündən
sonrakı rus şair və yazıçılarına
böyük təsir göstərib. Lermontovun əsərləri
rəssamlıq, teatr və kino sahəsində geniş əks
etdirilib, poeziyası opera və romans
yaradıcılığı üçün ədəbi sərvət
olub, şeirlərinin bir çoxu xalq nəğmələrinə
çevrilib.
Azərbaycanda da dahi rus şairinin
yaradıcılığına rəğbət var. O,
ömrünün Qafqazda keçən dövründə Azərbaycanda
da olub, bu diyarın xalqlarının həyat tərzi, adət-ənənəsi,
zəngin folkloru ilə yaxından tanış olub. Lermontovun
“Zəmanəmizin qəhrəmanı” romanı,
“İsmayıl bəy”, “Mtsıri”, “Demon” poemaları və bir
çox şeirləri Qafqaz mövzusu ilə
bağlıdır.
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.7.