X Bakı Beynəlxalq Kitab Sərgisinin
son tədbiri
Oktyabrın 8-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə X Bakı Beynəlxalq Kitab Sərgisinin
bağlanış mərasimi keçirilib.
Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin
müdiri Akif Marifli yeddi gün ərzində sərgidə
ümumilikdə 327 tədbirin keçirildiyini, məşhur
yazarların kitab təqdimatlarının və oxucularla
görüşlərinin təşkil olunduğunu deyib. O,
ötən illə müqayisədə builki sərgidə
yeni naşirlərin də iştirak etdiyini diqqətə
çatdırıb.
Mərasimdə X Bakı Beynəlxalq Kitab Sərgisində
xüsusi fəallığı, stendlərin tərtibatı,
nəşrlərin zənginliyi və s. meyarlara görə
seçilən nəşriyyatlara, eləcə də
yazarlara sertifikatlar təqdim
edilib.
“Ən yaxşı kitab” nominasiyası üzrə
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun “Füzuli kitabxanası” seriyası, “Ən
kreativ stend tərtibatı” nominasiyası üzrə “Təhsil
Nəşriyyat-Poliqrafiya” MMC, “Everest” və “Çinar” nəşriyyatlarının
stendi, “Ən çox oxunan uşaq yazarı” nominasiyası
üzrə Bəhram Bağırzadə, “Ən çox oxunan
müəllif” nominasiyası üzrə Elxan Elatlı, “Ən
fəal nəşriyyat” nominasiyası üzrə “Qanun” və
“TEAS Press” nəşriyyatları təltif olunub.
Azərbaycan Dövlət İnformasiya Agentliyinə
(AZƏRTAC) və İctimai Televiziya və Radio
Yayımları Şirkətinə sərginin “Media tərəfdaşı”
sertifikatları təqdim olunub.
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.7.