Həqiqət
yolçularının sirləri
Seyid Yəhya Bakuvi haqqında kitab da sərgidə təqdim
olunub
Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisinin
(2–8 oktyabr) son gününün tədbirlərindən biri də
şərqşünas Cəfər Həsənovun “Seyid Yəhya
Bakuvi. Əsraru Talibin və ya həqiqət
yolçularının sirləri” kitabının təqdimatı
olub.
Müəllif görkəmli alim Seyid Yəhya Bakuvi
haqqında ətraflı məlumat verib, kitabın ərsəyə
gəlməsindən söz açıb. Qeyd edilib ki, kitabda
sufi yolunun əsas prinsipləri və S.Y.Bakuvi məktəbinin
təlimləri ətraflı araşdırılıb.
Müəllif vurğulayıb ki, Azərbaycan tarixində
sufi alimlər çox olub: “Lakin onların arasında
dünyada ən çox tanınan şəxsiyyət Seyid Yəhya
Bakuvidir. Araşdırmalarım zamanı qarşıma
çoxlu mənbələr çıxdı və bu məlumatların
hər biri Seyid Yəhya Bakuvi irsinin nə qədər dəyərli
olduğunu bir daha sübut etdi. Məhz buna görə də mənim
üçün vacib bir vəzifə oldu ki, bu böyük
sufi aliminin yaradıcılığını Azərbaycan
ictimaiyyətinə, eləcə də dünyaya təqdim
edim”.
Azərbaycanın məşhur övliyası və
İslamda ən böyük sufi təriqətlərindən
birinin banisi Seyid Yəhya Bakuvinin dövrümüzə bir
neçə əsəri gəlib çıxıb: “Bunlar təsəvvüf
dairələrində ən çox oxunan və bu gün də
təsəvvüf məktəblərində istifadə edilən
əsərlərdir. “Əsraru Talibin” əsərində
İslamın həqiqətləri açıqlanmaqla
yanaşı, təsəvvüfün əsasları və xəlvətiyyə
təriqətinin inanc sistemi izah edilib. Əsər kəlimeyi-tövhidin
hərflərinin sayına uyğun olaraq 24 fəslə
ayrılıb. Seyid Yəhya Bakuvi hər hansı bir mövzunu
izah edərkən əvvəlcə Qurani-Kərim nuru, daha
sonra hədis işığı, lazım gəldikdə isə
övliyaların və İslamın dahi şəxsiyyətlərinin
hikmətli sözləri ilə əsərə xüsusi rəng
qatıb”.
C.Həsənov bildirib ki, S.Y.Bakuvi kimi sufi alimlərin əsərləri
yalnız dini və fəlsəfi mövzularda deyil, həm də
mənəvi inkişaf və insanın özünüdərketməsi
məsələlərində böyük əhəmiyyət
kəsb edir.
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.7.