Türk
Akademiyasının yeni nəşrləri
Qazaxıstanın Almatı şəhərindəki
Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində
Türk Akademiyasının (mənzil-qərargahı Astanada
yerləşir) nəşr etdirdiyi kitabların təqdimatı
olub.
Mərasimdə Türk Akademiyasının
vitse-prezidenti Ashat Kesikbayev, Əl-Fərabi adına
Qazaxıstan Milli Universitetinin prorektoru Erkin Duseynov, Türkiyənin Almatıdakı baş konsulu Evren
Muderrisoğlu, həmçinin türkdilli ölkələrdən
alimlər iştirak ediblər.
Təqdim olunan nəşrlər arasında
Krım-tatar şairi, görkəmli dilçi alim,
türkoloq, elmi fəaliyyətinin əsas hissəsi Azərbaycanda
keçən Bəkir Çobanzadənin qazax dilinə ilk dəfə
tərcümə edilmiş “Tiltutka” seçilmiş əsərlər
toplusu da var. Kitaba
yazıçının uzun illər apardığı
araşdırmalar nəticəsində ərsəyə gətirdiyi
əsərlər daxil edilib.
Həmçinin Türk Akademiyasının 30-dan
çox sahəni əhatə edən “Türk dillərinin
terminoloji lüğətləri” kitabının nəşri
layihəsi təqdim olunub. Növbəti nəşr
iqtisadiyyat, tibb və hərbi məsələlərə həsr
olunan lüğətlərdən ibarətdir. Türk ölkələrindən
mütəxəssislərin iştirak etdiyi bu layihə üzərində
iş elmi terminologiyanın standartlaşdırılması və
türk ölkələri alimlərinin bir araya gəlməsi
istiqamətində mühüm addımdır.
Bundan əlavə, Əl-Fərabi adına
Qazaxıstan Milli Universitetinin rektoru Canseyit Tuymebayevin
monoqrafiyası təqdim olunub. Əsər türk-monqol dili
paralellərinin tədqiqatçılarına yeni üfüqlər
açır.
Türk Akademiyasının vitse-prezidenti Ashat Kesikbayev
iştirakçılara qurumun prezidenti Şahin Mustafayevin
salamlarını çatdırıb. O, yeni nəşrlərin
əhəmiyyətini vurğulayaraq, onların, sadəcə,
elmi əsər deyil, eyni zamanda türk xalqlarının mədəni-tarixi
irsinin qorunub saxlanılması və artırılması
üzrə ümumi işə sanballı töhfə
olduğunu qeyd edib.
Türk Akademiyasının 2024-cü il üzrə nəşrlər
planına ümumilikdə 60-dan çox kitab daxildir.
Mədəniyyət.- 2024.- 11 oktyabr(¹76).- S.7.