İncəsənət
ustalarımız Pakistanda festivala qatılıblar
26 sentyabr – 30 oktyabr tarixlərində Pakistanın Kəraçi
şəhərində ilk dəfə Dünya Mədəniyyət
Festivalı keçirilir.
“Art Council Pakistan”ın təşkilatçılığı
ilə “Sərhədsiz dünyanı yaşayın” devizi
altında reallaşan festivala ABŞ, Fransa, İspaniya,
İtaliya, Ukrayna – ümumilikdə 40 ölkədən 450-dən
çox sənətçi qatılıb.
Zəngin proqramı olan festival çərçivəsində
konsertlər təşkil edilir,
teatr tamaşaları, sərgilər nümayiş
etdirilir, eyni zamanda sənətin müxtəlif sahələri
ilə bağlı seminar, ustad dərsləri keçirilir.
Festivalda ölkəmizi Əməkdar artistlər – Beynəlxalq
Muğam Mərkəzinin direktoru tarzən Sahib Paşazadə
və mərkəzin solisti, nağara ifaçısı Kamran
Kərimov təmsil edib. Musiqiçilərimiz festivalda “Art
Council Pakistan”ın dəvəti ilə iştirak ediblər.
Açılış günü
ifaçılarımız maraqlı proqramla səhnəyə
çıxıblar. Onlar sentyabrın 28-də Kəraçidəki
İncəsənət Universitetində milli musiqi alətlərimizlə
bağlı ustad dərsi də keçiblər. Sənətçilərimizin
ifasında konsert proqramı alqışlarla
qarşılanıb. Proqramda Azərbaycan muğamları, digər
musiqi nümunələri ilə yanaşı, Pakistanın
görkəmli musiqiçisi Nüsrət Fateh Ali Xanın məşhur
“Qavvali” əsəri də səslənib.
Mədəniyyət.- 2024.- 11 oktyabr(¹76).- S.8.