“Elçin və
kino” kitabının təqdimatı olub
Oktyabrın 8-də X Bakı Beynəlxalq Kitab Sərgisi
çərçivəsində Mədəniyyət
Nazirliyinin dəstəyi ilə “Elçin və kino”
kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimində Xalq
yazıçısı Elçinin əsərləri əsasında
çəkilmiş filmlərdən söhbət
açılıb. Qeyd edilib ki, kitabda
yazıçının kino sahəsinə verdiyi töhfələr,
onun ssenariləri əsasında çəkilmiş filmlər
və bu ekran əsərlərinin qazandığı
uğurlar ətraflı şəkildə əksini tapıb.
Kitabın müəllifi Nərgiz Cabbarlıdır.
Xalq yazıçısı Elçin bu kitabın onun
yaradıcılıq yolunun əhəmiyyətli bir hissəsini
təşkil etdiyini diqqətə çatdırıb. O,
ssenari müəllifi kimi çalışdığı
vaxtları xatırlayaraq, həmin illərin Azərbaycan
kinosunun inkişafında mühüm mərhələlərdən
biri olduğunu bildirib.
Vurğulayıb ki, ədəbiyyatda təsvir etməyə
çalışdığı insan həyatı və talelərinin
kinoda vizual və daha təsirli formada əks etdirilməsi ona
böyük zövq verir. O, həmçinin filmlərin yaranma
prosesi, çəkilişlər və rejissorlarla əməkdaşlıq
təcrübəsi barədə xatirələrini
bölüşüb və kinonun ədəbiyyatla sıx əlaqəli
bir sənət olduğunu deyib.
Tədbirdə çıxış edənlər
Elçinin çoxşaxəli
yaradıcılığından söz açaraq, onun ssenari
müəllifi olduğu filmlərin Azərbaycan kino tarixində
mühüm yeri olduğunu qeyd ediblər. Bildirilib ki,
yazıçının kino üçün
yazılmış əsərləri insan talelərinə,
sosial problemlərə dərin nüfuz edən, həyatı əks
etdirən təsirli nümunələrdir.
Təqdim olunan kitabın Elçinin
yaradıcılığı ilə tanışlıq, onun əsərlərinin
təhlili və kino sənəti üçün önəmi
vurğulanıb.
Qeyd edək ki, Xalq yazıçısı Elçinin
ssenariləri əsasında “Baladadaşın ilk məhəbbəti”
(“Ömrün səhifələri” kinoalmanaxından), “Arxadan
vurulan zərbə”, “Bağ mövsümü”,
“Gümüşü furqon”, “Sahilsiz gecə”, “Mahmud və Məryəm”
və s. filmlər çəkilib.
Mədəniyyət.- 2024.- 11 oktyabr(№76).- S.7.