Muzey Mərkəzində
“Anadoludan əsintilər”
Muzey Mərkəzinin sərgi qalereyasında Türkiyənin
SAKÜDER – Beynəlxalq Sənət və Sənətkarlar
Topluluğu Mədəniyyət Dərnəyinin təşkilatçılığı
ilə Türkiyə-Azərbaycan qardaşlığına həsr
olunmuş növbəti “Anadoludan əsintilər” adlı sərgi
açılıb.
Oktyabrın 4-də keçirilən
açılış mərasimində SAKÜDER-in rəhbəri
Əli Naki Əsər sərgi haqqında məlumat verib. “Məqsədimiz
sənəti yaşatmaq üçün sənətkarları
dəstəkləmək, mədəniyyətimizi gələcək
nəsillərə ötürmək və cəmiyyətimizin
güzgüsü olan rəssamlarımızı, onların əsərlərini
ictimaiyyətə təqdim etməkdir. SAKÜDER rəssamın
fırçası, yazıçının qələmi,
musiqinin səsi, bir sözlə, sənətçinin səsi
olmaq üçün var olmağa davam edəcək”, – deyə
o əlavə edib.
Sərgidə Azərbaycan və Türkiyə rəssamlarının
– ümumilikdə 25 müəllifin 53 əsəri
nümayiş olunur.
Onların arasında Xalq rəssamları Tofiq
Ağababayev və Arif Hüseynov, Əməkdar incəsənət
xadimi Çingiz Fərzəliyevin əsərləri, eləcə
də Suğra Bağırzadə, İsa Məmmədov, Fikrət
İbrahimli, Günəş Abbas, Bənövşə
Ağayeva, Cəmilə Əkbərova, Fərəh Babayeva,
Fatma Ulutan, Fatma Perihan Türkçü, Nuranə Babayeva, Nur
Yıldırım, Sevda Rüstəmova, Sevinc Seles, Sibel Acar
Kutlu və başqalarının əl işləri var.
Sərgi oktyabrın 13-dək davam edəcək.
Mədəniyyət.- 2024.- 11 oktyabr(¹76).- S.8.